Emosional intellekt insanın başqalarının hisslərini anlamağa, stresslə daha yaxşı mübarizə aparmağa və sağlam münasibətlər qurmağa kömək edir. Bununla belə, bəzi davranışlar bu bacarığın kifayət qədər inkişaf etmədiyini göstərə bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar aşağı emosional intellektin insanın təbiətcə pis və ya yetişməmiş olması demək olmadığını bildiriblər. Bunun səbəbləri arasında uşaqlıq dövründə emosiyalarla düzgün davranış nümunələrinin olmaması, tərbiyə xüsusiyyətləri, autizm kimi neyroinkişaf xüsusiyyətləri, həmçinin depressiya, narahatlıq, güclü stress və psixoloji travmalar yer ala bilər.
Psixoloqlar insanın emosional intellektinin aşağı olduğunu göstərən dörd əsas davranış xüsusiyyətini açıqlayıb.
Empatiyanın zəif olması
Belə insanlar başqalarının hisslərini anlamaqda, çətin anlarda onlara dəstək olmaqda və yaşadıqları problemlərlə maraqlanmaqda çətinlik çəkirlər. Bu, emosional soyuqluq və hisslər haqqında danışmaq istəməmək kimi özünü göstərə bilər.
Tənqidə qarşı həddindən artıq müdafiə reaksiyası
Aşağı emosional intellektə malik insanlar əksər hallarda tənqidi çox ağır qəbul edirlər. Hətta konstruktiv irad belə onlarda əsəbilik, inciklik, ağlamaq və ya dərhal özünə bəraət qazandırmaq istəyi yarada bilər.
Yaxınlarına qarşı emosional partlayışlar
Öz emosiyalarını idarə etməkdə çətinlik çəkən insanlar əsəbini, narahatlığını və ya qəzəbini daha çox ailə üzvlərinə və yaxın dostlarına yönəldə bilirlər. Psixoloqun sözlərinə görə, bu, emosional özünüidarə bacarığının kifayət qədər inkişaf etməməsi ilə bağlıdır.
Ünsiyyətə marağın azalması
Söhbət etmək istəməmək, dostlarla görüşlərdən yayınmaq və ətrafdakılarla maraqlanmamaq da aşağı emosional intellektin əlamətlərindən biri ola bilər. Bununla yanaşı, mütəxəssis vurğulayıb ki, bu davranış bəzən narahatlıq və ya depressiya kimi psixoloji vəziyyətlərlə də əlaqəli ola bilər.