Əgər Günəş qəfil yoxa çıxsaydı, Yer bunu dərhal hiss etməzdi. Planetimiz təxminən 8 dəqiqə 19 saniyə ərzində Günəşdən gələn son işığı almağa və əvvəlki orbit üzrə hərəkət etməyə davam edərdi.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bunun səbəbi işığın sonlu sürətlə yayılmasıdır. Günəşlə Yer arasındakı məsafəni qət etmək üçün işığa təxminən 8 dəqiqə 19 saniyə vaxt lazımdır.
Eyni prinsip cazibə qüvvəsinə də aiddir. Qravitasiya sahəsində baş verən dəyişikliklər də işıq sürəti ilə yayılır. Buna görə Günəş qəfil yox olsaydı, Yer bir neçə dəqiqə ərzində artıq mövcud olmayan Günəşin ətrafında əvvəlki orbit üzrə hərəkət etməyə davam edərdi.
Bu müddət bitdikdən sonra isə planet qapalı orbitdə qalmazdı. Yer əvvəlki orbitinə toxunan istiqamətə yaxın trayektoriya üzrə kosmosda hərəkət etməyə başlayardı.
Maraqlı məqamlardan biri də səslə bağlıdır. Normal şəraitdə Günəşin yoxa çıxmasını “eşitmək” mümkün deyil. Çünki kosmos demək olar ki, vakuumdur və səs dalğalarının yayılması üçün maddi mühit lazımdır.
Lakin nəzəri olaraq Günəşlə Yer arasındakı fəzanın təxminən 20 dərəcə temperaturda hava ilə dolu olduğunu təsəvvür etsək, səs bu məsafəni təxminən 13,8 ilə qət edərdi.
Günəşin daxilində isə həqiqətən müxtəlif təzyiq dalğaları yaranır. Alimlər bu dalğaları Günəş səthindəki dəyişikliklər vasitəsilə öyrənir, daha sonra əldə edilən məlumatları insan qulağının eşidə biləcəyi diapazona çevirirlər.
Ancaq bu, kosmosda yayılan real səs deyil. Söhbət elmi məlumatların səs formasında təqdim edilməsindən, yəni sonifikasiyadan gedir.
Təbii ki, Günəşin real həyatda bir anda yox olması mümkün deyil. Bu nəzəri ssenari sadəcə göstərir ki, hətta kosmik miqyaslı hadisələr haqqında məlumat da bizə müəyyən gecikmə ilə çatır.