Vardanyanın qaranlıq işlərini davam etdirən Veronika Zonabend kimdir?
16 sentyabr 2026 18:29 (UTC +04:00)

Vardanyanın qaranlıq işlərini davam etdirən Veronika Zonabend kimdir?

0

Veronika Zonabend 1967-ci il fevralın 8-də Moskva yaxınlığındakı Jukovski şəhərində, kosmik obyektlər üzrə mühəndis-konstruktor və ixtiraçı Feliks Zonabendin ailəsində anadan olub. Məktəbi bitirdikdən sonra Moskva Aviasiya İnstitutunda təhsil alıb, 1990-cı illərin ortalarında isə Londonda İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) bankçılıq təhsilinə yiyələnib. 24smi

Gəncliyində Aviasiya Avadanlıqları Elmi-Tədqiqat İnstitutunda mühəndis işləyən Veronika, 1993-cü ildən Tver Universal Bankında rəhbər müavini olub. Altı il sonra isə əsasən həyat yoldaşı Ruben Vardanyanla birlikdə restoran, otel və kino istehsalı biznesi ilə məşğul olmağa başlayıb. "Koko Şanel və İqor Stravinski" dramının prodüseri olub.

O, Ruben Vardanyanla birlikdə RVVZ və IDeA fondları vasitəsilə təhsil və xeyriyyəçilik layihələrinə sərmayə yatırıb, həmçinin "Teach for Armenia", “UWC International” və Ermənistan Amerikan Universitetinin rəhbərliyində təmsil olunub. 2014-cü ildə Ermənistanın Dilican şəhərində beynəlxalq məktəbin (Dilijan College) açılmasında mühüm rol oynayıb və direktorlar şurasına rəhbərlik edib, 2020-ci ildə isə Moskvada "Noôdome" klub məkanını işə salıb. Ermənistan prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif edilib. peoples.ru

Veronika Zonabend 1994-cü ildə Ruben Vardanyanla ailə həyatı qurub və cütlüyün dörd övladı var. Oğlu David Vardanyan 2016-cı ildə işğal altında olan Qarabağda qurulmuş terrorçu birləşmələrin tərkibində “hərbi xidmət” keçib. Aprel döyüşlərinə bir ay qalmış, ayağının sınması bəhanəsi ilə terrorçu birləşmələrin tərkibindən “tərxis” edilib.

Veronika Zonabendin filantropik fasadı arxasındakı korporativ şəbəkə və sanksiya izləri

Açıq mənbə və reyestr məlumatları Veronika Zonabendin təkcə ictimai xadim və ya xeyriyyəçi olmadığını, əksinə, həyat yoldaşı Ruben Vardanyana məxsus geniş maliyyə-sənaye imperiyasının aktivlərini idarə edən əsas şəxslərdən biri olduğunu, bununla da böyük korrupsiya bataqlığında itib-batdığını, böyük iqtisadi cinayətlərdə əli olduğunu göstərir. Onun birbaşa nəzarətində olan şirkətlər (məsələn, aktiv dövriyyəyə malik "ERVEZ" və ya Kalininqradın xüsusi inzibati zonasında yaradılmış "Digimarket") rəsmi olaraq nəhəng dövriyyələrə və ya mənfi balanslara sahib olmaqla yanaşı, sanksiya təzyiqlərindən yayınma və aktivlərin yenidən bölüşdürülməsi mexanizmləri kimi çıxış edir.

Eyni hüquqi ünvanda (Moskva, Romanov döngəsi, ev 4) qeydiyyatdan keçən bu qurumların və nominal rəhbərlərin mövcudluğu onların vahid bir korporativ mərkəzdən ("Q-Group" / "Vardanyan ailə ofisi") idarə olunduğunu təsdiqləyir.

UWC Dilijan Kolleci”, “IdeA” və “RVVZ” fondları kimi böyük layihələr hər nə qədər humanitar və təhsil yönümlü təqdim edilsə də, tənqidçilər və araşdırmaçı jurnalistlər bu strukturların "Troika Laundromat" kimi qlobal offşor və pul yuyulması sxemləri ilə əlaqəli kapitalın leqallaşdırılması və ya imic (PR) qorunması məqsədilə istifadə olunduğunu vurğulayırlar.

Zonabendin biznes portfeli ilə xeyriyyəçilik fəaliyyətinin qovuşması, əslində, sanksiyaya məruz qalmış kapitalın qlobal sistemdə saxlanılması üçün qurulan mürəkkəb mexanizmin ayrılmaz tərkib hissəsidir.

Faktyoxla bu araşdırmada Zonabendin rəhbərliyi ilə fəaliyyət göstərən cinayətkar şəbəkənin detallarına aydınlıq gətirilib.

Aşağıda təqdim edəcəyimiz şirkət və layihələr Vardanyanın böyük pulyuma mexanizmi işlək olduğu dövrlərdə fəaliyyət göstəriblər. Bu təşkilatlar haqda açıq mənbələrdə yetərli qədər məlumat olması səbəbindən biz yalnız mənzərəni ümumiləşdirərək onların həmin qlobal maliyyə dövriyyəsindəki tranzit və qoruyucu rolunu qısa şəkildə nəzərdən keçirəcəyik.

“RVVZ Family Foundation” (Ruben Vardanyan and Veronika Zonabend Foundation) açıq mənbələrdə ailə filantropiya fondu kimi göstərilir. Tam hüquqi holdinqlər, ofşor şirkətlər, benefisiarlar ictimai reyestrlərdə açıqlanmayıb.

Açıq məlumatlara görə struktur belə görünür:

Təsisçi: Veronika Zonabend

Prezident: Ruben Vardanyan

Məqsəd: ailənin xeyriyyə və dayanıqlı inkişaf layihələrini (təhsil, humanitar, regional inkişaf) uzunmüddətli idarə etmək

RVVZ cütlük və tərəfdaşlarla bağlı olan digər qurumlarla əlaqəli işləyib:

Açıq təsvirlərə görə bu, klassik ailə fondu modelidir. Aktivlər və layihələr ailənin nəzarətindəki fond/trast məntiqi ilə idarə olunur, kommersiya aktivləri (Troika Dialog satışından sonra və s.) ayrı holdinq və ailə etimad fondları (family trust) strukturlarına ötürülüb (Forbes). Fondun xeyriyyə işləri RVVZ- IdeA-“Scholae Mundi” xətti ilə aparılıb.

Bəzi biznes kataloqlarında Moskva ünvanı və hazırda fəaliyyət göstərməyən “rvvzfoundation.org” lakin “rubenvardanyan.info”-ya yönləndirilən sayt göstərilib. Dəqiq yurisdiksiya (Rusiya ya xarici fond olması) tam sənədləşdirilməyib. Bundan başqa açıq mənbələrdə Fondun nizamnaməsinin tam mətni, idarə heyətinin üzvlərinin siyahısının rəsmi çıxarışı, benefisiarların siyahısı, hansı ofşor şirkətləri ilə əlaqəli olduğu və aktivlərin dəqiq bölgüsünə rast gəlinmir.

Bir sözlə, RVVZ Family Foundation – Zonabend + Vardanyan ailəsinin xeyriyyə “çətiri”dir, IDeA, “Scholae Mundi” və “UWC Dilijan” ilə eyni ekosistemdədirlər. Kommersiya sərvətinin idarəsi isə ayrıca family trust/holdinq qatındadır. Daha dərin sxem yalnız daxili sənədlər, reyestr çıxarışları və ya sızdırılmış fayllarla görünür.

"Школы Мира" Fondu (Rusiya Federasiyası, İNN 7730183783, OGRN 1107799008217)

Fond 2009–2010-cu illərdə təsis edilib, prezidenti və rəsmi rəhbəri Veronika Zonabend olub.

Beynəlxalq təhsil layihələrini idarə edir, o cümlədən Ermənistandakı “UWC Dilijan” məktəbinin fəaliyyətini və müxtəlif təhsil təqaüdlərini maliyyələşdirir. “Scholae Mundi” platforması ABŞ və Ermənistanda qeydiyyatdan keçmiş Aurora Humanitar Təşəbbüsü və İDeA fondları ilə inteqrasiya olunmuş şəkildə işləyir. Bu çərçivədə Yaxın Şərq ölkələrindən (Suriya, İraq, Livan, İordaniya, Misir) gələn qaçqın tələbələrə "Aurora Gratitude Scholarships" təqaüdləri paylanır.

Rəsmi dövlət reyestrlərinə görə (məsələn, Rusprofile və ЗаЧестныйБизнес məlumatları əsasında), bu təşkilat hazırda fəaliyyətdə olan hüquqi şəxsdir. Fond müflisləşmə və ya ləğv edilmə prosesində deyil.

"IDeA" Fondu (Initiatives for Development of Armenia) – İanələr adı altında xaricdən gələn böyük vəsaitlərin Ermənistana yerləşdirilməsini təmin edən fonddur. Beynəlxalq tənqidçilər və araşdırmaçılar da qeyd edirlər ki, Vardanyan ailəsi "Troika" vasitəsilə qazanılan və ya offşorlardan gələn nəhəng kapitalın bir hissəsini bu xeyriyyə və xalqlarla əlaqələr (PR) layihələrinə yatırıb.

10 oktyabr 2015-ci il tarixində Azərbaycanın vaxtilə işğal altında olan Əsgəran rayonu ərazisində qondarma rejimin başçısı Bako Sahakyan, qondarma qurumun digər nümayəndələri və Ruben Vardanyanın iştirakı ilə "Artsakh Eco-Village" (Eko-kənd) layihəsinin rəsmi təməli qoyulub və start elan edilib. Layihənin ilkin mərhələsi üçün 20 milyon ABŞ dolları həcmində investisiya nəzərdə tutulduğu rəsmən bəyan edilib. Layihənin rəsmi icraçısı Ruben Vardanyan və Veronika Zonabend cütlüyünə məxsus olan qeyd etdiyimiz "IDeA" (Initiatives for Development of Armenia) Fondu idi.

Zonabendə qarşı sanksiya sənədi maraqlı məqamlara aydınlıq gətirdi

Veronika Zonabendin biznes fəaliyyətini Ruben Vardanyanın həbsindən əvvəlki və sonrakı dövrlər olmaqla iki mərhələyə bölmək mümkündür. Təhlillər göstərir ki, bu dövrlərdə mövcud olmuş şirkətlərin yalnız məhdud bir qismi fəaliyyətini qoruyub saxlayıb, böyük əksəriyyəti isə qəfil ləğv edilib. Bu kütləvi bağlanmalar və aktivlərin yeni yaradılan strukturlara köçürülməsi səbəblərinə aydınlıq gətirəcəyik.

Məsələ bundadır ki, Vardanyanın Rusiya vətəndaşlığından imtina etdiyi dövrdə (2021-ci il) onun böyük biznes şəbəkəsi yoldaşı V.Zonabendin adına keçirilib. Bu azmış kimi şirkətlərin böyük əksəriyyəti ləğv edilib, transformasiya olunub. Elə bu səbəbdən Zonabendin idarə etdiyi şirkətlərin və layihələrin tam siyahısını çıxartmaq çətinlik törədirdi. Araşdırma nəticəsində Zonabendin adına olan, rəhbərlik etdiyi bütün şirkətlərinin siyahısını opensanctions bazasında aşkar etdik.

Bu cədvəl Zonabendin şəxsi cinayət siyahısı deyil, sanksiya/compliance bazasının Rusiya EGRUL-dan götürülmüş «aktivlər və paylar» kəsimidir. Həmin mənbədə “Sanction ownership or control” qeydi var ki, bu da sanksiya sahibinin Ukrayna olmasına işarədir.

Zonabendə qarşı Ukraynada qəbul olunmuş sanksiyaya gəlincə isə aşkar etdiyimiz sənəd belə görünür:

Məlum olur ki, Zonabendi myrotvorets.center də siyahıya salıb.

Əsaslandırmada yazılıb: “BMT-nin nizamnamə sənədlərinə zidd olaraq Ukraynaya qarşı işğalçı müharibə hazırlayan və aparan, bu çərçivədə insanlığa qarşı cinayətlər törədən və Ukrayna xalqına qarşı soyqırımı həyata keçirən rejimlə sıx əlaqələri olan fiziki şəxsin –Ruben Karlenoviç Vardanyanın ailə üzvüdür. Rusiya Federasiyasının büdcəsinin gəlir hissəsini təmin edən və Ukraynadakı müharibəyə görə məsuliyyət daşıyan, yəni müharibənin aparılması üçün gəlir mənbəyi olan iqtisadiyyat sektorlarında kommersiya fəaliyyəti həyata keçirir. Beləliklə, subyekt Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini şübhə altına alan və ya təhdid edən hərəkətlərə maddi və ya maliyyə dəstəyi verməyə görə məsuliyyət daşıyır”.

Ukraynanın – qanunvericilik, normativ aktlar, məhkəmə qərarları və hüquqi sənədlərin axtarış/analiz platforması olan ips.ligazakon -da Veronika Zenabendə qarşı tətbiq olunmuş sanksiya qaydaları təfsiri verilib:

aktivlərin bloklanması – fiziki və ya hüquqi şəxsə məxsus aktivlərdən, eləcə də həmin şəxsin digər fiziki və ya hüquqi şəxslər vasitəsilə birbaşa və ya dolayısı ilə onlara sərəncam vermək hüququnun həyata keçirilməsinə məzmunca bərabər olan hərəkətləri törədə biləcəyi aktivlərdən istifadə etmək və onlara sərəncam vermək hüququndan müvəqqəti məhrum edilməsi;

  • ticarət əməliyyatlarının məhdudlaşdırılması (tam dayandırılması);
  • Ukrayna ərazisindən resursların tranzitinin, uçuşların və daşımaların məhdudlaşdırılması, qismən və ya tam dayandırılması (tam dayandırılması);
  • kapitalların Ukrayna hüdudlarından kənara çıxarılmasının qarşısının alınması;
  • iqtisadi və maliyyə öhdəliklərinin icrasının dayandırılması;
  • müəyyən fəaliyyət növünün həyata keçirilməsi üçün şərt olan lisenziyaların və digər icazələrin ləğv edilməsi və ya dayandırılması, o cümlədən təbii sərvətlərdən istifadə üçün xüsusi icazələrin ləğvi və ya fəaliyyətinin dayandırılması;
  • xarici dövlətin rezidentləri və birbaşa və ya dolayısı ilə xarici dövlətin rezidentləri tərəfindən nəzarət edilən və ya onların maraqlarını güdən şəxslər tərəfindən özəlləşdirmədə, dövlət əmlakının icarəsində iştirakın qadağan edilməsi;
  • xarici qeyri-hərbi gəmilərin və hərbi gəmilərin Ukraynanın ərazi dənizinə, daxili sularına, limanlarına, həmçinin hava gəmilərinin Ukrayna hava məkanına daxil olmasının və ya Ukrayna ərazisində eniş etməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması (tam qadağa);
  • xarici dövlətə investisiyaların yatırılması, xarici dövlət ərazisindəki hesab və əmanətlərdə valyuta sərvətlərinin yerləşdirilməsi üçün Ukrayna Milli Bankının icazələrinin, lisenziyalarının verilməsinin qadağan edilməsi;
  • xarici dövlətdən Ukraynaya valyuta sərvətlərinin gətirilməsi və ya Ukraynadan ixrac edilməsi üçün icazələrin, lisenziyaların verilməsinin dayandırılması və xarici dövlətin rezidentləri tərəfindən buraxılmış ödəniş kartları üzrə nağd pul verilməsinin məhdudlaşdırılması;
  • texnologiyaların, əqli mülkiyyət hüququ obyektlərinə hüquqların verilməsinin qadağan edilməsi;
  • Ukraynanın dövlət təltiflərindən, digər fəxri ad və mükafat formalarından məhrum edilməsi;
  • torpaq sahələrinin mülkiyyətə əldə edilməsinə qadağa qoyulması.

“OpenSanctions” sənədlərində yer alan və Veronika Zonabendin rəsmi olaraq sahiblik və ya idarəçilik payına malik olduğu (və ya payının yaxın keçmişdə bitdiyi) şirkətlərlə bağlı müəyyən etdiyimiz faktlar:

  1. “MKOOO Digimarket” (МКООО «Диджимаркет») – 2026-cı ildən qeydiyyata alınıb, V.Zonabendin payı 100% göstərilir.

Sənədlərə əsasən şirkətin yeganə sahibi və baş direktoru Veronika Zonabenddir. Nizamnamə kapitalı xarici valyutadan konvertasiya edilərək 275 317 rubl kimi rəsmiləşdirilib. Şirkət Kalininqrad vilayətindəki Xüsusi İnzibati Rayonda (Rusiya daxili offşor zonası) rəsmi Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyyata alınıb. Aktiv mülkiyyətdir.

Qeydiyyatdan dərhal sonra, 2026-cı ildə Moskvadakı "DoubleTree by Hilton" otelinin tikintisi ilə bağlı yaranmış köhnə kredit borclarına görə "Avtokontsept KO" MMC-yə qarşı 5,1 milyard rubl (təxminən 64 milyon ABŞ dolları) həcmində nəhəng borc iddiası qaldırıb. Korporativ araşdırmalarda bu gediş offşor vəsaitlərin məhkəmə yolu ilə leqallaşdırılması sxemi kimi tənqid olunur.

Belə ki, məhkəmə sənədlərinə əsasən, 2013-cü ildə Ruben Vardanyanın "Digimarket Holdings Limited" offşor şirkəti tərəfindən verilən 35 milyon dollar həcmindəki ilkin kredit (borc) üzrə faizlər və cərimələr yığılaraq ümumilikdə 5,1 milyard rubla çatıb.

"Avtokontsept KO" MMC məhkəmədə tamamilə hüquqi tərəfdaşlıq zəncirini ifşa edən belə bir müdafiə sənədi və əks-iddia qaldırıb. "Avtokontsept KO" məhkəmədə sübut edib ki, Vardanyanın strukturları Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan və Rusiya daxili valyuta nəzarətindən yayınmaq məqsədilə borc hüququnu qanunsuz olaraq offşordan offşora, daha sonra isə tələsik şəkildə fərqli operatorlara (məsələn, prosesdə adı keçən “TI DI ADVISORS LTD” və “EXCELSIOR FINANCIAL INC” qabıq şirkətlərinə) ötürüb.

Müdafiə tərəfi, bu borc iddialarının tamamilə "Troika" şəbəkəsinin süni şəkildə vəsait leqallaşdırması əməliyyatı olduğunu əsas gətirərək, borc hüququnun ötürülməsi müqavilələrinin tamamilə etibarsız və saxta sayılmasını tələb edib.

İşin miqyası və kapitalın ölkədən çıxarılması şübhələri o qədər böyük olub ki, işə rəsmi olaraq Moskva Şəhər Prokurorluğu üçüncü tərəf kimi müdaxilə edib. Məhkəmə sanksiyalı şəxslərin maliyyə hərəkətliliyini əsas gətirərək Zonabendin offşor variantlı iddialarını qismən bloklayıb.

Rəsmi rəqəmlər və sənədlər şübhələri tam təsdiqləyir: Zonabend mənfi balanslı, lakin milyardlıq dövriyyəsi olan bir "klub" ("Эрвез") və offşordan pul çıxarmaq üçün xüsusi zonada yaradılmış saxta iddia şirkəti ("Диджимаркет") vasitəsilə Vardanyan ailəsinin sanksiyalı kapitalını idarə edir.

2. "Q Capital” (ООО «Кью Кэпитал») – 2022-ci ildən fəaliyyət göstərir

Sanksiya riski olan şirkətlər siyahısındadır.

2022-ci ildə Ruben Vardanyan Qarabağa köçərkən Rusiyadakı rəsmi aktivlərini sanksiyalardan və hüquqi təqiblərdən gizlətmək üçün rəsmi olaraq xanımının adına keçirib. Həmin dövrdə “Q Capital” (Кью Кэпитал) şirkəti Vardanyan ailəsinin Rusiyadakı nəhəng maliyyə portfelinin rəsmi etibarlı idarəçisi funksiyasını yerinə yetirib.

Bu şirkət vasitəsilə Vardanyan Rusiyanın nəhəng "KAMAZ" zavodunda (dolayı yolla 3,5% payla) və Rusiyada səs-küy doğuran "Atom" (Kama) elektromobil layihəsində ilkin investor kimi gizli idarəçilik həyata keçirib. Sanksiya təzyiqləri və Vardanyanın həbsindən sonra, 2024–2025-ci illərdə "Кью Кэпитал" bu layihələrdəki payları təcili şəkildə kənar şəxslərə sataraq kapitalı kənara çıxarıb.

3. "Ervez” (ООО «Эрвез») – Rusiya Federasiyasının Federal Vergi Xidmətinin (ЕГРЮЛ) və məhkəmə sisteminin 2026-cı ilin sentyabr ayına olan ən son rəsmi məlumatlarına əsasən, "Ervez" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC "ERVEZ") (ИНН 7704488250) hazırda aktiv şəkildə fəaliyyətini davam etdirir. 17 aprel 2019-cu ildə qeydiyyata alınıb.

Şirkət əslində Moskvada (Romanov döngəsində) yerləşən elit və qapalı "Noôdome" biznes klubunun hüquqi idarəçisidir. Rusiyanın rəsmi vergi hesabatlarına əsasən (Checko/Rusprofile sənədləri), şirkətin 2025-ci ildə cəmi 135 işçisi olduğu halda 1,1 milyard rubl gəlir və 434,4 milyon rubl xalis mənfəət əldə etdiyi görünür.

Elit klub adından istifadə edilərək bu strukturun böyük həcmdə qaranlıq korporativ vəsaitlərin dövr etdirilməsi üçün sığınacaq rolu oynaması media tənqidləri arasındadır. Şirkət 2024-cü ili 319 milyon rubl xalis zərərlə başa vurduğu halda, qəfildən 2025-ci ildə 434,4 milyon rubl xalis mənfəət əldə etdiyini bəyan edib. Bir ilin içində zərərdən mənfəətə bu dərəcə kəskin keçid maliyyə analitikləri tərəfindən süni vəsait leqallaşdırılması kimi qiymətləndirilir. Ən böyük diqqət çəkən məqam budur ki, “ООО "ЭРВЕЗ"-in təmiz aktivləri mənfi 1,3 milyard rubl təşkil edir. Rəsmi audit rəyində yazılır: "Şirkətin aktivləri onun öhdəliklərini (borclarını) bağlamır". Bu o deməkdir ki, şirkətin rəsmi olaraq 372 milyon rubldan çox kreditor borcu var və faktiki olaraq müflis (iflas) vəziyyətindədir. Belə nəhəng mənfi balans fonunda milyardlıq dövriyyələr təbii ki, qaranlıq kapital köçürmələrinin izidir.

Şirkətin 100% payının sahibi (100 min rubl nizamnamə kapitalı ilə) hələ də Veronika Feliksovna Zonabenddir. O, 24 fevral 2026-cı il tarixində bu postu tərk edib. Şirkətin yeni rəsmi baş direktoru Fontalin Yevgeni Mixayloviçdir. 

4. "ProfM” (ООО «ПрофМ») – 2024-cü ildən fəaliyyət göstərir.

Təsisçilərdən biri V.Zonabenddir.

Əsas fəaliyyət növü qeyri-yaşayış daşınmaz əmlak fondunun haqla idarə edilməsidir. Vardanyanın həbsindən sonra xanımının idarəçiliyinə keçən bu şirkət 2024–2026-cı illər ərzində Rusiyanın Arbitraj məhkəmələrində 29 fərqli kommersiya və borc məhkəmə işində iştirak edib. Şirkətin barəsində borcların ödənilməməsi və müqavilə şərtlərinin pozulmasına görə rəsmi olaraq dörd məhkəmə icraatı başladılıb. 2024-cü ildə illik dövriyyəsi 1,3 milyard rubl olub.

5. БФ «Рубикон времени» (BF Rubikon Vremeni) 2026-cı ildən fəaliyyət göstərir, ünvanı digər Vardanyan/Zonabend strukturları ilə eynidir (Romanov döngəsi 4).

2026-cı ilin yayında Veronika Zonabend tərəfindən tələsik açılmış yeni xeyriyyə fondudur. Ailənin digər ofşor layihələrinin sanksiya blokadasına düşməsindən sonra, humanitar fəaliyyət adı altında vəsaitlərin Rusiyada daxili dövriyyəsini təmin etmək məqsədilə yaradılmış növbəti “örtük” fond hesab olunur.

6. ООО "НОВАГРО" (ИНН 7706083019) – 1993-cü ildən mövcud "boş örtük" şirkət (bazar araşdırması fəaliyyəti kodlu), direktor Vaqradyan Samvel Vanikoviç, əvvəlki təsisçi Severilov Andrey Vladimiroviç. Sanksiya nəzarəti qeydi var.

7. ООО "ЛАВР" – Restoran biznesi (99,8% Zonabend), direktor Butyugin Mixail Aleksandroviç, ləğvetmə prosesində idi (2026 yanvar).

8. ООО "ФЕНИКС ГРУПП" (ИНН 7704490442) – 2023-cü ilin sentyabrından ləğvedici təyin edilib (Mudrova Olqa Vladimirovna), yəni artıq fəaliyyət göstərmir.

9. 2026-cı ildə qəfil ləğv edilən şirkətlərindən biri də "AVIATOR" MMC-dir. 3 fevral 2021-ci il tarixdə qeydiyyata alınıb. Əsas fəaliyyət növü içkilərin verilməsi olub. Şirkətin 75%-lik əsas pay sahibi (75 min rubl) Şahinyan Qoar Zorikovna (Baş direktor) 25%-lik pay sahibi (25 min rubl) ilə Zonabend Veronika Feliksovna olubRəsmi reyestr məlumatlarına əsasən şirkət 26 iyun 2025-ci il tarixində rəsmən ləğv edilmişdir.

10. "Vremena Qoda" Qalereyası (Moskva, Kutuzov prospekti). Bu nəhəng lüks ticarət mərkəzi də eyni şəkildə Vardanyan ailəsinin ortaq əmlak portfelinə daxil olub. "ProfM" şirkəti bu premium obyektin də əsas istismar idarəçiliyində birbaşa pay sahibidir.

Obyektin adı məhkəmə sənədlərində xüsusilə 2023-cü ilin iyulunda ticarət mərkəzində baş verən və 4 nəfərin ölümü ilə nəticələnən qorxunc qaynar su borusu partlayışı hadisəsində keçir. Həmin faciədən sonra başlanmış və 2025-ci ilin aprelində məhkəmə hökmü ilə baş mühəndis Evgeniy Botkinin 4 il azadlıqdan məhrum edilməsi ilə yekunlaşan cinayət və kommersiya məhkəmə işlərində, texniki təhlükəsizlik və idarəetmə zəncirindəki buraxılışlara görə "ProfM" subpodratçı strukturları birbaşa cavabdeh və maddi iddiaların hədəfi kimi sənədlərdə yer alıb.

Rəsmi məhkəmə arxivləri sübut edir ki, Zonabendin 1,8 milyard rubl gəlirli şirkəti ("ProfM") həm "Romanov Dvor" biznes mərkəzinin daxili kommersiya və icarə haqları üzərində, həm də "Vremena Qoda" obyektində baş vermiş ölümlü qəzanın vurduğu çoxmilyonluq maddi-mənəvi zərərlərin ödənilməsi iddialarına görə Arbitraj məhkəmələrində cavabdeh kimi dindirilib.

Araşdırma sübut etdi ki, Vardanyan bu milyardlarla dolları gizlətmək və izini itirmək üçün heç bir real biznes fəaliyyəti olmayan, sadəcə sənəd üzərində mövcud olan onlarla "qabıq şirkət" (shell companies) qurub.

Qeyd edək ki, siyahıda rast gəldiyimiz bir çox şirkət eyni ünvanda — “Romanov döngəsi, ev 4, (Moskva, Arbat) qeydiyyatdadır ki, bu da Vardanyan/Zonabend ailəsinin ofis kompleksidir.

Aktivlərin tələsik transferi və şirkətlərin ləğvinin səbəbləri

Qeyd edilən siyahıda rastlaşdığımız şirkətlərin böyük əksəriyyətinin 2023–2026-cı illər arasında ləğv edildiyinin və ya Zonabendin bu şirkətlərin bir çoxunun təsisçiliyindən imtina etməsinin şahidi oluruq. Hüquqi baxımdan bu növ kütləvi ləğvlər adətən şirkətlərin vergi yoxlamalarından yayınmaq, maliyyə izlərini silmək və ya qanunsuz pul dövriyyəsi başa çatdıqdan sonra "fantom" strukturları ortadan qaldırmaq məqsədilə fəaliyyətsiz buraxılması zamanı baş verir.

Rusiya mətbuatında 1 oktyabr 2023-cü ildə dərc olunan bir məqalədə (“Dağlıq Qarabağın keçmiş dövlət naziri və milyarder Ruben Vardanyanın Rusiyada nəyi qalıb?”) mafioz və maliyyə fırıldaqçısı Vardanyandan V.Zonabendə nələrin qalması haqda məlumat verilib.

"СПАРК-Интерфакс" bazasının məlumatına görə, Rusiya vətəndaşlığından imtina edib Qarabağa getdikdən sonra Vardanyan bütün Rusiya biznesini "Кью капитал" şirkətinə etibarlı idarəetməyə verib. Onun nizamnamə kapitalı 4,5 milyard rubl, ötənilki gəlirləri isə 800 milyon rubl təşkil edib. Sahibləri: "TD Advisors" ofşoru və Vardanyanın həyat yoldaşı Veronika Zonabendir.

Ümumilikdə Ruben Vardanyan "Kyu Kapital" şirkətinin nəzarətinə bir neçə şirkətdə paylar verib:

  • 20% – "Автоинвест"-də. Bu, holdinqləri idarə edən şirkətdir. 2021-ci ilin dekabr tarixinə əsasən, "KAMAZ" səhmlərinin 23,54%-nin saxlayıcısı idi. Mühasibat hesabatlarına görə, 2022-ci ildə onun xərcləri demək olar ki, tam gəlir yoxluğu fonunda mənfi 3,5 milyard rubl təşkil etmiş, xalis aktivlər isə 16 milyarddan 13 milyard rublə düşmüşdür.
  • Hər birində 60%  "Филгуд" Xeyriyyəçilik infrastrukturu və "Бюро дополненной реальности" şirkətlərində. Bu, Rusiyadakı xeyriyyə QHT-lərinə hüquqi, maliyyə, GR, HR və qrant müşayiəti, yoxlamalardan keçmə və risklərin qarşısının alınması xidmətləri göstərən "Philin" konsaltinq qrupudur. Onun "neyron şəbəkələri əsasında şablonlaşdırma modulu ilə qeyri-kommersiya təşkilatlarının maliyyə-iqtisadi fəaliyyətinin intellektuallaşdırılması sistemi"nə patenti var. Ümumi "çirkli" gəlirləri ildə təxminən 150 milyon rubl təşkil edir, lakin xalis gəlir qəpik-quruşdur.
  • 33% – "Импакт будущее" ("Gələcəyin təsiri") şirkətində. Bu, korporativ innovasiyalar, startapların akselerasiyası sahəsində layihələr həyata keçirən və vençur fondlarını idarə edən "Global Venture Alliance" beynəlxalq şirkətidir. Üç il əvvəl təsis olunub və artıq sahiblərinə 20 milyon rubl zərər vurub. Biznesdə pozuntu aşkar edilib: baş direktorun adı etibarsız göstərilib.
  • 50% – "Атланты"-da və 35% "Атланты Северо-Запад"- Bu, "Sorğunuzun reallaşdırılmasına gedən məsafənin qısaldılması" şüarı olan qapalı biznes-klubdur. Mövcud olduğu beş il ərzində gəlirlər yüzdən üç yüz milyona qədər artıb, lakin biznes yalnız keçən il (2022) xalis mənfəətə çıxıb.
  • 25% – "Восход"-da. Bu, qiymətli kağızlar üzrə diller firmasıdır. Keçən il ona təxminən 200 milyon rubl dəyərində aktivlər yatırılıb. Mənfəət yoxdur.

Həmçinin “etibarlı idarəçi”nin – Vardanyanın həyat yoldaşının "Kyu Kapital" şirkətinin girovunda faydalı qazıntıların çıxarılması üzrə lisenziyası olan Belqorod sənaye parkı "Kombinat" və Moskva ətrafındakı plastmas istehsalı müəssisəsi yerləşir.

Veronika Zonabendin ərinin həbsindən sonra aktivlər və bizneslə bağlı rəsmi bəyanatları

Ruben Vardanyanın 2023-cü ilin sentyabrında həbs olunmasından sonra, Veronika Zonabend rəsmi olaraq ailənin bütün mülki, korporativ və humanitar aktivlərinin varisi və idarəçisi kimi ön plana keçib. Onun son dövrlərdə, xüsusilə 2026-cı ilin avqust ayında “Forbes Woman” jurnalına və digər beynəlxalq mediaya verdiyi eksklüziv müsahibələrdə aktivlərin keçidi və idarəetmə ilə bağlı açıqladığı fikirlər diqqət cəlb edir.

Zonabend bildirib ki, o, həyat yoldaşı ilə sadəcə evli olmayıb, həm də biznes və sosial layihələrdə bərabərhüquqlu strateji tərəfdaş rolunu oynayıb. Buna görə də Vardanyanın yoxluğunda ailə aktivlərinin və iri sosial-kommersiya layihələrinin idarəçiliyinin ona keçməsi kənar subyektlərin müdaxiləsi olmadan, qanuni şəkildə icra edilib. O, ailənin mülki-biznes layihələrinin həcmini rəsmi olaraq ilk dəfə bəyan edib ki, “Skolkovo” Moskva İdarəetmə Məktəbinə digər təsisçi tərəfdaşlarla birlikdə 600 milyon dollardan çox investisiya qoyulub.

“UWC Dilijan” layihəsinə isə Vardanyan ailəsinin birbaşa fərdi yatırımlarının 180 milyon dollar həcmində olduğunu təsdiqləyib. Zonabend bildirib ki, o, ailənin həm Rusiyadakı daşınmaz əmlak və klub layihələrini (məsələn, Noôdome), həm də offşor keçidlərdən formalaşan hüquqi varislik işlərini (Kalininqradda yenidən qeydiyyata alınan və 5,1 milyard rublluq məhkəmə iddiası açan "Digimarket" kimi aktivləri) qanuni və tam şəffaf şəkildə qorumağa davam edəcək.

Zonabend bəyan edib ki, əri həbsdə olsa da, ailənin nəzarətində olan qlobal fondlar və humanitar layihələr (Aurora Təşəbbüsü daxil olmaqla) öz maliyyə aktivliyini və missiyasını tam həcmdə saxlayır, heç bir layihə dondurulmayıb.

Yazının əvvəlində əsas fəaliyyət növü tam restoran xidməti göstərən restoran və kafe, kafeteriya, sürətli xidmət və özünəxidmət restoranları şəbəkəsinin idarə edilməsi olan “LAVR” ASC, “Aviator” MMC və digər gəlirli şirkətlərin ləğv edilməsi haqda məlumat verdik. "Novagro MMC", "UK Avika MMC" və "Innova Cosmetics" kimi aktivlərin də rəsmi olaraq 2022-ci ilin oktyabrında (Vardanyanın gedişi zamanı) müvafiq olaraq 100% və 55% paylarla Zonabendin adına rəsmiləşdirildiyi, lakin onun sonradan (2023–2025-ci illər ərzində) bu şirkətlərdəki mülkiyyət və təsisçilik paylarını bitirdiyi rəsmi tarix sənədlərində əks olunub.

Maliyyə hesabatları sübut edir ki, Veronika Zonabend sadəcə xeyriyyəçi deyil, əri Ruben Vardanyanın qaranlıq kapitalının əsas hüquqi sipəridir.

Zonabend, Ruben Vardanyanın 8,8 milyard dollarlıq "Troika Laundromat" offşor pulyuma şəbəkəsinin ən mühüm qanuni inteqrasiya tərəfdaşı olub.

Britaniya Virgin Adalarında qeydiyyatdan keçmiş "Quantus Division Ltd." və "Gotland Industrial Inc." kimi pulyuma şirkətlərindən gələn, ilkin mənbəyi saxta sənədlərlə gizlədilən yüz minlərlə dollar vəsait birbaşa Zonabendin rəhbərlik etdiyi IDeA Fondu, RVVZ Ailə Fondu və Ermənistan Milli Rəqabət Fondunun (NCFA) hesablarına transfer edilərək leqallaşdırılmışdır.

Bu mexanizmin ən son nümunəsi “MKOOO Digimarket” (МКООО "Диджимаркет) şirkətidir. Kiprdə fəaliyyət göstərən köhnə "Digimarket Holdings" offşor şirkəti (hansı ki, İspaniya rəsmi orqanlarının hesabatına görə "Rostex" elitasının çirkli pullarının İspaniyada lüks villalar alınaraq yuyulmasında 10 milyon avroluq saxta kreditlə iştirak edib) 4 mart 2026-cı ildə tələsik şəkildə Rusiyanın daxili offşor zonasına – Kalininqrada köçürülmüşdür. Bu şirkətin yeganə sahibi və baş direktoru Veronika Zonabenddir. Şirkətin heç bir işçisi və ticari fəaliyyəti yoxdur, o yalnız offşordakı çoxmilyonluq qaranlıq borcları hüquqi yolla nağdlaşdırmaq üçün "qabıq" (shell company) rolunu oynayır.

Rusiya Federasiyasının Vergi Xidmətinin və Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinin rəsmi korporativ qeydiyyat sənədlərinə əsasən, Veronika Zonabendin 24 fevral 2026-cı il tarixində "Ervez" MMC-nin (elit "Noôdome" biznes klubunun idarəedici şirkəti) Baş direktoru vəzifəsindən çıxması və bu postu Evgeniy Mixayloviç Fontalinə ötürməsi faktdır.

Mövcud sənədlərin analizi bu "tələsik" kadr dəyişikliyinin, imtinanın arxasında dayanan real korporativ və hüquqi səbəbləri açıq izah edir.

Rusiya qanunvericiliyinə görə, bir şirkətdə maliyyə maxinasiyası, vergi yayınması və ya şübhəli əməliyyatlar aşkarlandıqda, qanun qarşısında birinci dərəcəli cinayət və mülki məsuliyyəti şirkətin sahibi yox, rəsmi baş direktoru vəzifəsini daşıyır. Veronika Zonabend "Ervez" MMC-nin 100% sahibi olaraq qalmağa davam edir. Lakin onun rəsmi rəhbərlikdən (imza hüququndan) imtina edərək yerinə Evgeniy Fontalini təyin etməsi, gələcəkdə "Noôdome" klubunun mənfi 1,3 milyard rublluq təmiz aktivləri və şübhəli maliyyə sıçrayışları ilə bağlı qaldırıla biləcək hər hansı cinayət işində özünü hüquqi zərbədən kənar tutmaq (məsuliyyəti icraçı direktorun üzərinə qoymaq) məqsədi daşıyır.

Həm də nəzərə alaq ki, “Ervez" MMC sadəcə qapalı klub deyil, daxilində restoran, kafe, bar və kütləvi əyləncə fəaliyyətlərini birləşdirən nəhəng və mürəkkəb bir operativ mexanizmdir. Şirkətin təmiz aktivlərinin mənfi 1,3 milyard rubl defisitdə olması və nəhəng borc təzyiqi, böhran dövründə peşəkar bir idarəçinin cəlb olunmasını tələb edirdi. Yeni təyin olunan Baş direktor Evgeniy Fontalin Rusiyada fərqli kommersiya, texnoloji və idarəetmə strukturlarına rəhbərlik edən peşəkar menecer profilinə malikdir. Zonabend operativ idarəçiliyi ona verməklə şirkəti iflasdan (bankrotluqdan) qorumağa çalışır.

Digər tərəfdən, Ruben Vardanyanın həbsindən sonra xanımı Veronika Zonabend ailənin Avropa və digər xarici yurisdiksiyalardakı humanitar və maliyyə fondlarını (məsələn, "Aurora" Humanitar Təşəbbüsü və beynəlxalq təhsil şəbəkələrini) idarə etmək üçün tez-tez xaricə səfərlər edir, bəyanatlar yayır. Əgər o, Rusiyada illik dövriyyəsi 1,1 milyard rubl olan və sanksiya riski daşıyan bir kommersiya strukturunun birbaşa "əməliyyat rəhbəri" (CEO) kimi qalmağa davam etsəydi, bu, onun Qərbdəki fəaliyyətinə dərhal rəsmi bloklama və fərdi sanksiya təhlükəsi yaradırdı. Rəhbərliyi Fontalinə ötürməklə o, özünü qlobal müstəvidə "sadəcə xeyriyyəçi və passiv səhmdar" kimi təqdim etmək şansı qazanır.

Zonabendin digər maliyyə fırıldaqları faktlarla

Kiprdən Kalininqrada: "DIGIMARKET HOLDINGS LIMITED" şirkətinin tarixi və "DoubleTree by Hilton" üçün kredit

"Digimarket" MKŞC əslində Kiprin "Digimarket Holdings Limited" şirkətidir. 2013-cü il iyun ayında bu Kipr şirkəti "Avtokontsept Ko" MMC ilə 35 milyon ABŞ dolları məbləğində DG-20/13 nömrəli borc müqaviləsi bağlamışdır. Vəsait Moskvada "DoubleTree by Hilton" otelinin tikintisi üçün ayrılır. Vəsaitin köçürülməsi 2013-cü il iyulun 5-də və 15-də iki ödənişlə həyata keçirilib. Müqavilədə qeyri-adi bir şərt var idi. Tərəflər öhdəlik götürmüşdülər ki, ən geci 15 sentyabr 2013-cü il tarixinədək "Avtokontsept Ko" MMC-nin yeganə iştirakçısı olan holdinq şirkətindəki 42,3% paya mülkiyyət hüququ borc verənə və ya onun göstərdiyi şəxsə verilsin. Bu şərt heç vaxt yerinə yetirilmədi ki, bu da kreditora borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ verirdi.

Geri qaytarılma müddətləri 9 iyul 2018-ci il və 19 mart 2021-ci il tarixli əlavə sazişlərlə dəfələrlə uzadılmışdır. Bununla belə, mülkiyyət strukturunun yaradılması üzrə öhdəliklər yerinə yetirilməmiş qalır.

2026 ilin əvvəlində "DoubleTree by Hilton" borcu ilə bağlı məsələdə mühüm dönüş baş verir. Rusiya Ali Məhkəməsi xaricdəki kreditora vəsait köçürülməsini qadağan edir. Bu qərar Vardanyan ailəsini dilemma qarşısında qoyur. Rusiya məhkəmə sistemi vasitəsilə qanuni şəkildə pul əldə etmək üçün şirkəti şəffaf və rəsmi şəkildə Rusiya ərazisində qeydiyyatdan keçirmək lazım idi. Məhz buna görə də 2026-cı ilin yazında şirkət Kalininqrad vilayətinin xüsusi inzibati rayonunda "Digimarket" MKŞC (Beynəlxalq Kommersiya Şirkəti) kimi yenidən qeydiyyatdan keçirir. 24 iyul 2026-cı il tarixində isə onun sahibi Veronika Zonabend our.

"Didjimarket" MKŞC-nin direktoru həm də şirkətin təsisçisi olmuş Tatyana Pirumovadır. Bu soyad Rusiya biznes elitası kontekstində təsadüfi deyil. Çox güman ki, Tatyana Pirumova "Novatek" qazçıxarma şirkətinin top-meneceri Emil Pirumovun qohumudur. Emil Pirumov iri miqyaslı fiqurdur. O, Vardanyanın idarəçiliyi altında olan "Sberbank"da və "SKOLKOVO" Moskva İdarəetmə Məktəbində rəhbər vəzifələrdə çalışıb. Beləliklə, "Didjimarket" zəncirində təkcə Vardanyan ailəsinin deyil, həm də Rusiyanın nəhəng qaz şirkətinin maraqları görünür.

Vardanyanın payı Dmitri Artyakova necə keçdi

Ruben Vardanyan əvvəllər PAI "KAMAZ"-ın səhmdarları sırasına daxil olan "Avtoinvest" MMC-də paya sahib idi. “KAMAZ”-ın əsas sahibi "Rostex" dövlət korporasiyasıdır. 17 oktyabr 2024-cü il tarixində iş adamı "Avtoinvest" MMC-dəki 15%-lik paketini Dmitri Artyakova sataraq bu aktivdən çıxıb. Bu paketin Moskva Birjasındakı dəyəri 3,11 milyard rubl qiymətləndirilirdi.

Dmitri Artyakov "Rostex"in rəhbəri Sergey Çemezovun sağ əli olan Vladimir Artyakovun oğludur. Vladimir Artyakov Samara vilayətinin sabiq qubernatoru və "AvtoVAZ"ın keçmiş prezidentidir.

Xatırladaq ki, daha əvvəl, 1 iyul 2024-cü il tarixində Zonabend "Kyu Kapital" vasitəsilə "Avtoinvest"dəki 5%-lik payı artıq “KAMAZ”-ın baş direktoru Sergey Koqoqinə satmışdı. Beləliklə, "Avtoinvest"dən çıxış mərhələli şəkildə həyata keçirilmişdir.

Artyakov İspaniyanın lüks sahili Costa Bravada (S'Agaró qəsəbəsində) yerləşən çoxmilyonluq premium villanı satın almaq üçün Kiprdə qeydiyyatda olan "Digimarket Holdings" şirkətindən 10 milyon avro həcmində saxta borc (kredit) alıb. Ona bu 10 milyon avro dəyərindəki borcu (krediti) məhz Kiprin "Digimarket Holdings" şirkəti təmin edib. Araşdırmalar göstərir ki, bu kredit əməliyyatı real kommersiya borcu olmayıb. Rusiyanın müdafiə sənayesindən ("Rostex" və KAMAZ xətlərindən) oğurlanan dövlət vəsaitləri Ruben Vardanyanın bank sistemi ("Troika Dialog") və ona bağlı offşor qabıq şirkətləri, o cümlədən "Digimarket Holdings" vasitəsilə “təmizlənərək” Avropaya (İspaniyaya) lüks daşınmaz əmlak alışı üçün transfer edilib.

Sözügedən Kipr offşorunun sanksiyalardan və Avropa müsadirələrindən qorunmaq üçün tələsik Rusiyaya daşınması və rəsmən Veronika Zonabendin adına keçməsini təsdiqləyən Rusiya dövlət qeydiyyat reyestri sənədi mövcuddur.

Bu İspaniya ifşası, "Digimarket"in Rusiyada açdığı 5,1 milyard rublluq (təxminən 64 milyon dollar) məhkəmə davasının da əsl mahiyyətini tam aydınlaşdırır. "Digimarket" (Zonabend) Rusiyada iddia qaldıraraq tələb edir ki, onun 2013–2014-cü illərdə Hilton otelinin tikintisi üçün "Avtokontsept KO" şirkətinə verdiyi milyonlarla dollar borc geri qaytarılsın. İspaniya istintaq sənədləri isə sübut edir ki, "Digimarket Holdings"in 2013–2014-cü illərdə sağa-sola payladığı bu çoxmilyonluq borclar əslində Rusiyanın büdcəsindən və hərbi sənayesindən oğurlanaraq offşora çıxarılan pullar olub.

Bir daha təkrar edirik ki, sənədlərə əsasən, bu çoxmilyonluq borcları (o cümlədən Hilton oteli tikintisi və Artyakov xətti üzrə borcları) nağdlaşdırmaq funksiyasını daşıyan qabıq şirkətin yeganə qanuni sahibi Veronika Feliksovna Zonabenddir. Şirkətin heç bir istehsalat sahəsi yoxdur, nizamnamə kapitalı 275 317 rubl təşkil edir.

Onu da qeyd edək ki, oxşar sxemlə Artyakov digər aktivlər də əldə etmişdir. 2017-ci ildə Dmitri Artyakov atasının "Rostex"dəki müşaviri Vladimir Avetisyandan 43 milyard rubldan çox gəliri olan "Samaraenerqo" müəssisəsində təxminən 14% pay almışdır. 2024-cü ildə o, "Kamaz"ın ("Rostex"ə daxildir) iri səhmdarı olan "Avtoinvest" firmasında payın (15%) sahibi olmuşdur. Həmin pay Dmitri Artyakova Ruben Vardanyandan keçmişdir və 3 milyard rubldan çox qiymətləndirilirdi.

“Avtoinvest” şirkətindəki Vardanyan ailəsinə məxsus paylar məhz Veronika Zonabendin rəsmi sahibi olduğu bu “Kyu Kapital” platforması vasitəsilə etibarlı idarəçiliyə götürülmüşdür. Yəni 2024-cü ildə həmin 15%-lik payın Dmitri Artyakova ötürülməsinə qədər, bu çoxmilyonluq aktivin rəsmi qoruyucusu və qanuni idarəçisi məhz Veronika Zonabend olmuşdur.

Mətndə adı keçən “Samaraenergo” (43 milyard rubldan çox dövriyyəsi olan regional enerji nəhəngi) şirkətindəki 14%-lik pay birbaşa Zonabendin adına sənədləşdirilməyib. Lakin bu aktivin Dmitri Artyakova ötürülməsində vasitəçi olan şəxs – “Rostex” rəhbərinin müşaviri Vladimir Avetisyan uzun illər Ruben Vardanyanın investisiya bankı (“Troika Dialog”) və onun offşor layihələrində (“Troika Laundromat” şəbəkəsində) mərkəzi tərəfdaşlardan biri olub.

Eyni zamanda, Avetisyan Vardanyan-Zonabend cütlüyünün Ermənistandakı xeyriyyə layihələrinin və "UWC Dilijan" Kollecinin əsas beynəlxalq donorları və Qəyyumlar Şurasının üzvləri siyahısındadır. Yəni burada fərdi mülkiyyət olmasa da, dərin bir korporativ və layihə tərəfdaşlığı əlaqəsi mövcuddur.

Mətndəki aktivlərdən məhz Avtoinvest” (KAMAZ xətti) Veronika Zonabendin Rusiyadakı rəsmi biznes imperiyasının birbaşa idarəçilik halqasına daxil olub və Artyakov ailəsinə aktivlərin ötürülməsi əməliyyatları onun rəsmi sahibi olduğu idarəedici şirkətlər vasitəsilə icra edilib.

Bu sənədlərin mahiyyətində bir reallıq əks olunub: Veronika Zonabend hazırda qanuni olaraq İspaniyada beynəlxalq pulyuma cinayətlərinin mərkəzində dayanan offşor zəncirinin bilavasitə rəsmi rəhbəridir.

"Romanov dvor": daşınmaz əmlak imperiyası və Anatoli Çubays

Veronika Zonabend və həyat yoldaşı Ruben Vardanyan Moskvanın ən bahalı kommersiya obyektlərindən biri – Kremlə iki addımlıqda, Arbatda yerləşən "Romanov dvor" biznes-mərkəzini möhkəm şəkildə əllərində saxlayırlar. Bu obyektin illik gəliri təxminən 3 milyard rubl təşkil edir.

"Romanov dvor" – Britaniya Vircin adalarından olan "Troyka Real Estate Investors Limited", "Romanov Dvor Real Estate Limited" və "RD Holding Limited", Kiprin "Duild Constructions Limited" şirkəti.

2019-cu ilə qədər layihədəki payı "Ingeo" MMC vasitəsilə Anatoli Çubays saxlayırdı. Hazırda aktivə 2022-ci ilin iyununda təsis edilmiş "RD Holding" MMC sahibdir: sıfır gəlir, 590 min rubl zərər, sıfır işçi. Bu şirkət də Tortola adasından olan "Romanov Dvor Real Estate Limited" və "TD Advisors, LTD" şirkətlərinə məxsusdur.

Veronika Zonabend bu biznes-mərkəzinin ekspert şurasına daxildir. O, orada sadəcə olaraq bina icarəyə götürməmiş, elitar obyektin idarə edilməsində və ya məsləhət verilməsində iştirak etmişdir.

Bu obyekt Ruben Vardanyan və tərəfdaşı Qaqik Adibekyanın ("RD Group") vaxtilə qurduğu və 2018-ci ildə rəsmən böldükləri milyardlıq imperiyanın ən elit parçasıdır. Binanın rəsmi infrastrukturunu, ofis icarələrini və texniki istismarını birbaşa “ООО "ПрофМ" idarə edir. Məhkəmə çəkişmələrinin bir hissəsi məhz binanın daxilində yerləşən elit kirayəçilərdən xidmət haqlarının toplanması, daxili subpodratçı müqavilələrin qanunsuzluğu və borcların ödənilməməsi iddiaları ilə bağlıdır.

Yeri gəlmişkən qeyd edək ki, “Faktyoxla”da haqqında məlumat verdiyimiz "Wildberries" şirkətinin rəsmi baş ofisinə edilən və 2 nəfərin ölümü, 7 nəfərin yaralanması ilə nəticələnən silahlı hücum məhz Moskvada, Kreml yaxınlığındakı "Romanov Dvor" biznes mərkəzində baş vermişdir.

Hadisə "Wildberries" marketpleysinin təsisçisi, Rusiyanın ən varlı qadını Tatyana Kimlə boşanma ərəfəsində olan əri Vladislav Bakalçuk arasındakı şirkət mülkiyyətinin bölüşdürülməsi davasından (reyderlik cəhdindən) qaynaqlanıb. Hadisə "Wildberries"-ə şərik çıxan "Russ Outdoor" (reklam holdinqi) şirkətinin sahibləri olan Mirzoyan qardaşları ilə haqq-hesab çəkməyə gələn Vladislav Bakalçukun maraqlarını müdafiə edən çeçen hərbiləşdirilmiş qrupları ilə mühafizəçilər arasında baş vermişdi. Mirzoyan qardaşları bu biznes mərkəzinin “kirayəçiləri"dilər ("Wildberries" baş ofisi).

V.Zonabendin bir şirkəti borc içində batdığı halda yenisini açaraq maliyyə manipulyasiyalarını davam etdirir

Veronika Zonabendin rəsmi sahibi olduğu “ООО "ПрофМ” (İNN 7714430410) şirkəti ailənin Rusiyadakı ən böyük gəlirli kommersiya aktivlərindən biridir. Şirkət müqavilə əsasında qeyri-yaşayış daşınmaz əmlak fondunun (əsasən premium ofis və biznes mərkəzlərinin) idarə edilməsi sahəsində fəaliyyət göstərir. Şirkətin illik rəsmi gəliri 1,8 milyard rubl təşkil edir.

Rusiyanın Arbitraj Məhkəmələrinin reyestrinə əsasən, bu şirkət ümumilikdə 35-dən çox irimiqyaslı məhkəmə işində tərəf kimi iştirak edir və bu iddiaların ümumi maliyyə çəkisi 5,3 milyard rubldan çoxdur. Şirkət əksər məhkəmə işlərində (ümulikdə 29 aktiv Arbitraj işimüxtəlif statusdadır. İddiaların böyük hissəsi Moskvadakı lüks biznes mərkəzlərinin idarə edilməsi zamanı podratçı şirkətlərə və xidmət təminatçılarına pulların ödənilməməsi, müqavilə şərtlərinin pozulması ilə bağlıdır.

Ruben Vardanyanın həbsindən sonra bəzi tərəfdaş şirkətlər "ProfM"-in idarəçiliyində olan daşınmaz əmlak obyektlərinin müqavilələrinin qanunsuz olduğunu əsas gətirərək idarəetmə hüququnun geri alınması üçün məhkəməyə müraciət ediblər. Rəsmi vergi və məhkəmə pristavları sənədlərinə əsasən, ödənilməyən məhkəmə cərimələri və borclarına görə şirkət barəsində iki rəsmi məhkəmə icraatı başladılıb və bəzi bank hesablarına təminat tədbirləri tətbiq edilib. (Электронное правосудие - Картотека арбитражных дел РФ (МКООО ДИДЖИМАРКЕТ) (Bu dövlət sistemində şirkətin İNN nömrəsini: 3900051589 və ya "ProfM" üçün 7714430410 yazaraq bütün cari məhkəmə protokollarını yükləmək mümkündür).

Rəsmi dövlət sənədləri göstərir ki, Veronika Zonabend bir tərəfdən 1,8 milyardlıq şirkəti ("ProfM") ilə 5,3 milyard rublluq məhkəmə işlərində adı hallandığı halda, digər tərəfdən nəzarətdən yayınmaq üçün eyni ünvanda tələsik yeni qeyri-kommersiya fondları ("Rubikon Vremeni") açaraq maliyyə manipulyasiyalarını davam etdirir.

Qaynanaya köçürülən pullar

“The Guardian” 2019-cu ildə yazırdı ki, “Troyka Landromat”-ın əsas qovşaqlarından "Quantus Division Ltd" (BVI) vasitəsilə onun İspaniyadakı hesabına üç ildə 935 min, qayınanasına (Emiliya Zonabend) isə daha 900 min avro köçürülüb. Yəni o, sxemin təsisçisi kimi yox, çıxış ödənişlərinin alıcısı kimi hallanıb. Bu, ailənin şəxsi/xərcləmə hesablarına "Laundromat" qovşağından çıxış köçürmələri deməkdir.

 “The Guardian” vurğulayır ki, son alıcıların pulun ilkin “çirkli” mənbəyini bildiyinə dair sübut yoxdur. Şəbəkədə qanuni və şübhəli pullar qarışıb. “Quantus” ayrıca konkret müştəri üçün yox, bir neçə şəxsin vəsaitini birləşdirən “texniki” şirkət kimi təsvir olunur.

Veronika Zonabendin “IDeA Fondu” və “Veronika Zonabend Fondu”nun (RVVZ) adına yazılan "Tatev" Dirçəliş Layihəsi, eləcə də Ermənistan Milli Rəqabət Fondunun (NCFA) xətti ilə həyata keçirilən turizm milli parkının yaradılması və monastırın bərpası “çirkli pullların” yuyulması ilə xarakterizə olunur. Daha doğrusu, bu layihələrin gerçəkləşməsində “Troika Laundromat” sxemindən istifadə edilib.

2010-2011-ci illər arasında "Tatev" Dirçəliş Layihəsi Britaniya Virgin Adaları şirkəti olan “Quantus Division Ltd” dən ümumilikdə 100 min dollar alıb. “Quantus” və digər əsas “pulyuma” şirkəti olan Samvel Vahradyana məxsus “Gotland Industrial”a üzvlük haqqı, peşəkar xidmətlər və xərclər üçün “NCFA”ya 95.550 dollar ödəyib. Adıçəkilən layihələrin hər birinə ayrılan pulun isə mənbəyi gizlədilir, gerçəklik isə odur ki, vəsaitlər “Troika” pulyuma sxemi üzrə dövlət-özəl əməkdaşlığı çərçivəsində silinib.

Yekun: Təqdim olunan məlumatlar, açıq reyestr qeydləri və beynəlxalq maliyyə araşdırmaları göstərir ki, Veronika Zonabend sadəcə ictimai xadim, xeyriyyəçi və ya mədəniyyət layihələrinin təsisçisi deyil. O, həyat yoldaşı tərəfindən qurulan geniş maliyyə-maxinasiyaları imperiyasının, o cümlədən qlobal miqyaslı offşor kapital dövriyyəsinin əsas idarəedicilərindən və nəzarətçilərindən biridir.

Veronika Zonabendin idarəetmə şəbəkəsi və onun rəhbərlik etdiyi kommersiya strukturları Ruben Vardanyanın illər ərzində qurduğu qaranlıq maliyyə imperiyasının qorunmasına, aktivlərin yenidən bölüşdürülməsinə və sanksiya rejimindən yayındırılmasına xidmət edən mürəkkəb mexanizmdir. Humanitar layihələr və elit klublar arxasında gizlənən bu korporativ sistem şəffaflıqdan uzaq olmaqla yanaşı, ciddi iqtisadi və hüquqi cinayətləri ehtiva edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar