Quduzluğun əlacını tapan insan - Lui Paster haqqında nə bilirik?
11 fevral 2026 16:27 (UTC +04:00)

Quduzluğun əlacını tapan insan - Lui Paster haqqında nə bilirik?

0

XIX əsrin elmi səhnəsində adı zamanın sərhədlərini aşan simalardan biri Lui Paster (1822–1895) olub. O, fransız bioloqu, kimyaçı və əczaçı, müasir mikrobiologiya və immunologiyanın əsasını qoyan alimlərdən biridir. Quduzluq peyvəndini insan üzərində ilk dəfə tətbiq edəndə Paster artıq 62 yaşında idi. Bu yaş çoxları üçün dayanmaq nöqtəsi sayıla bilərdi. Lakin Paster üçün həmin dövr həyatının ən məhsuldar mərhələsinə çevrilib.

O zamanlar quduzluq sadəcə bir diaqnoz olmayıb; bu söz cəmiyyətin şüurunda qaçılmaz ölüm hökmü kimi səslənib. İnsanlar xəstəliyin adını eşidəndə belə ümidsizlik hissi yaşayıb. Elə bir dövrdə Paster laboratoriyasının sakit divarları arasında görünməz düşmənin sirrini açmağa çalışıb. 1885-ci ildə quduz it tərəfindən dişlənmiş balaca Jozef Meysterin həyatını xilas etməsi yalnız tibbi uğur olmayıb – bu, insanlığın qorxu üzərində qazandığı mənəvi qələbə olub və vaksinasiya dövrünün simvolik başlanğıcı kimi tarixə yazılıb.

Lakin unutmaq olmaz ki, bu uğurun arxasında sadəcə elmi zəka deyil, böyük bir insan dramı dayanır. Paster həyatının müxtəlif mərhələlərində üç qızını tif xəstəliyindən itirib. Şəxsi faciələr onun qəlbində dərin izlər buraxsa da, o, heç vaxt acını ümidsizliyə çevirməyib, əksinə, onu elmə yönəlmiş daha böyük məsuliyyət hissinə çevirib. Sanki hər itki ona bir sual verib: “İnsanlıq bu əzabları azaltmaq üçün daha nə edə bilər?” Paster isə cavabı laboratoriyada axtarıb.

Onun başına gələn faciələr və əzab-əziyyətlər təkcə qızlarını itirməklə kifayətlənməyib. Belə ki, Paster 1868-ci ildə keçirdiyi beyin insultu nəticəsində onun bədəninin bir hissəsi iflic olub. Sağlamlığı pozulub, hərəkətləri məhdudlaşıb. Amma bu fiziki məhdudiyyət onun düşüncə azadlığını dayandıra bilməyib.

Bütün bunlar azmış kimi onun üzərinə ictimai dairələrdən güclü təzyiqlər də gəlməyə başlayıb. O dövrün ənənəvi düşüncə sistemi görünməz mikroorqanizmlərin xəstəlik yaratdığı ideyasını qəbul etməkdə çətinlik çəkib. Elmi dairələrin bir hissəsi onun mikroblar nəzəriyyəsinə şübhə ilə yanaşıb, bəzən isə onu ələ salıblar, kəşflərinə açıq istehza ediblər. Təbii ki, Paster alqış gözləməyib, o, sadəcə həqiqətin zamanla öz sözünü deyəcəyinə inanıb.

Bu hekayə sadəcə bir alimin bioqrafiyası deyil, insan iradəsinin manifestidir. Pasterin həyatı göstərir ki, yaş insanın sərhədi deyil – təcrübənin dərinləşdiyi mərhələdir. Təsadüfi deyil ki, onun laboratoriyası bir ideyanın doğulduğu məkan olmaqla yanaşı, həm də ümidsizliyin ümidə çevrildiyi bir məktəb olub. O, bizə xatırladır ki, bəzən dünyanın taleyini dəyişən kəşflər parlaq başlanğıcların deyil, səssiz dözümlülüyün nəticəsidir.

Lui Pasterin həyatı bizə bir həqiqəti pıçıldayır: tarix çox vaxt ən güclü bədənlərin deyil, ən dözümlü ruhların yazdığı bir kitabdır. İnsan bəzən ən parlaq zirvəsinə yüksəlmək üçün əvvəlcə ən dərin sınaqlardan keçməli olur – və məhz o sınaqlar insanı sadəcə alim deyil, bəşəriyyət üçün ümid simvoluna çevirir.

Beləliklə, bu hekayənin verdiyi dərslər sadə, lakin güclüdür:

- Faydalı olmaq üçün heç vaxt gec deyil;

- İnsan bəzən ən böyük uğurunu həyatının ən ağır dövründə qazanır;

- Fiziki zəiflik zehni gücün qarşısında aciz qala bilər.

- Və ən əsası həqiqi elm adamı üçün yolun sonu yoxdur, axtarış son nəfəsə qədər davam edən bir məsuliyyətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar