Külli miqdarda mənimsəmədə ittiham olunan qadın direktor  Türkiyədən Azərbaycana gətiriləcək
16 aprel 2026 19:07 (UTC +04:00)

Külli miqdarda mənimsəmədə ittiham olunan qadın direktor Türkiyədən Azərbaycana gətiriləcək

0

"Ekstradisiya haqqında" 1957-ci il dekabrın 13-dəki Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan vətəndaşı Səfərova Zinyət Məmmədrəsul qızının ekstradisiyası ilə bağlı Baş Prokurorluğun verdiyi vəsatəti Türkiyənin səlahiyyətli orqanları təmin edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru vəzifəsində işləyən Səfərova Zinyət Məmmədrəsul qızının digər MMC-nin 445 min manatdan artıq pul vəsaitini mənimsəməsi və həmin pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, bu səbəbdən Zinyət Səfərovanın külli miqdarda mənimsəmə və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib.

"Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zinyət Səfərova Türkiyənin ərazisində saxlanılıb. Zinyət Səfərovanın ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür", - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar