Milyarder İlon Mask Avropada, xüsusilə də İtaliya ərazisində süni intellekt üzərində işləmək üçün mütəxəssislərin axtarışına başlayıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, iş xAI tərəfindən hazırlanmış Grok neyroşəbəkəsinin inkişafı ilə bağlıdır. Texnologiyanın daha effektiv olması üçün bu dəfə adi istifadəçilərin dəstəyi tələb olunur.
Vakansiya əsasən fotoqraflar, dizaynerlər, video, 3D və post-prodakşn sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub. Bu iş üçün gündəlik 260 dollar ödəniş təklif edilir.
İşin tam şəkildə uzaqdan həyata keçirilməsi mütəxəssislərə istənilən bölgədən qoşulmağa imkan verir və ofisə köçmək tələbi yoxdur.
Layihənin məqsədi nədir?
Şirkət nümayəndəsi, Romada Andrea Stroppa bildirib ki, əsas məqsəd "Grok"un vizual məzmunu anlama və yaratma bacarıqlarını inkişaf etdirməkdir. Onun sözlərinə görə, mütəxəssislər şəkillərin etiketlənməsi, annotasiyası və multimedia layihələrində iştirak edərək süni intellektin təkmilləşdirilməsinə töhfə verəcəklər.
SpaceX planlarında dəyişiklik
Daha əvvəl "The Wall Street Journal" yazmışdı ki, Maskın SpaceX şirkəti Marsa uçuş planlarını təxirə salıb. Bunun əvəzinə şirkət daha real və yaxın hədəf kimi Ay proqramına fokuslanıb. Planlara Aya eniş və orada infrastrukturun qurulması daxildir.
Mask özü də etiraf edib ki, yaxın gələcəkdə Marsa çatmaq ehtimalı azdır və bu məqsəd digər daha vacib layihələrdən resursları yayındıra bilər.