Turistin adi foto çəkmək xahişi Çin sakini üçün gözlənilməz ailə kəşfinə çevrilib. Qısa söhbətdən sonra iki kişi 70 ildən çox əvvəl tarixi hadisələr səbəbindən bir-birindən ayrı düşmüş qohum olduqlarını anlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, iyulun əvvəlində Çen Çze işgüzar səfərlə Yunnan əyalətinə gedib. Boş vaxtında bölgənin məşhur turistik məkanlarından biri olan mənzərəli Luqu gölünü ziyarət etmək qərarına gəlib. İyulun 9-da səhər saat 6 radələrində günəşin doğuşunu seyr edən Çenə yaşlı turist yaxınlaşaraq bir neçə şəklini çəkməsini xahiş edib.
Foto çəkilişindən sonra onlar söhbət etməyə başlayıblar. Söhbət zamanı Çen yeni tanışının Tayvanın Qaosyun şəhərindən olduğunu, ailə köklərinin isə Çjetszyan əyalətindəki Puyuan qəsəbəsinə gedib çıxdığını öyrənib. Bu məlumat dərhal onun diqqətini çəkib. Çünki Puyuan həm də Çenin ailəsinin doğma yurdu olub.
Kişilər birlikdə şəkil çəkdirib, sosial şəbəkə hesablarını bir-biri ilə bölüşüblər. Çen turistin Fey soyadını daşıdığını öyrənəndə onların ailə tarixində ortaq bağ ola biləcəyindən şübhələnib. Evə qayıtdıqdan sonra Çen bu ehtimal barədə atasına danışıb. Atası ondan yalnız bir məsələni dəqiqləşdirməsini istəyib: yeni tanışının atasının adı Fey Yunfen olubmu?
Turist bu məlumatı təsdiqləyəndən sonra Çen ona yenidən zəng edib və bir neçə detalı da soruşub. Söhbətin sonunda artıq şübhə qalmayıb: onlar həqiqətən qohum imişlər. Çenin sözlərinə görə, onun babası ilə Feyin atası doğma qardaş olub.
Çindəki vətəndaş müharibəsindən sonra Feyin atası 1949-cu ildə Çin Xalq Respublikası yaradılmazdan əvvəl Homindan qüvvələri ilə birlikdə Tayvana köçüb. Həmin dövrdə Çenin babasını başqa ailə övladlığa götürüb və o, soyadını dəyişib.
“Ailə iyerarxiyasına görə mən bu yaşlı qohumuma əmi deməliyəm”, - Çen bildirib.
Onun təxminən 20 nəfərdən ibarət böyük ailəsi bu təsadüfdən heyrətə gəlib.
“Bu kəşfi ailəmlə bölüşdüm. Hamı bunun inanılmaz təsadüf və sanki sehrli bir hadisə olduğunu dedi”, - Çen söyləyib.
Qardaşlar onilliklər boyu bir-birlərini görə bilməyiblər. Yalnız 1980-ci illərin sonunda Tayvan sakinlərinə qohumları ilə görüşmək üçün materik Çinə səfər etməyə icazə verilib. Lakin Feyin atası bu səfəri həyata keçirə bilməyib.
O, 1991-ci ildə qardaşına məktub göndərib və məktubla birlikdə 200 ABŞ dolları yollayıb.
“Həmin vaxt materikdə insanlar kasıb yaşayırdı. 200 dollar olduqca böyük məbləğ idi”, – Çen qeyd edib.
Ailə bu məktubu indiyədək qoruyub saxlayır. Məktubda belə yazılıb:
“Bu pul sizə olan qayğımın ifadəsidir. Bu il materikə qayıda bilməyəcəyəm. Ümid edirəm, gələn il belə imkanım olar. Doğmalarıma sağlamlıq və xoşbəxtlik arzulayıram”.
Hazırda həm Feyin atası, həm də Çenin babası həyatda deyil.
Fey də onların görüşünü inanılmaz təsadüf adlandırıb.
“Ekskursiyada çoxlu insan var idi, amma şəklimi çəkmək üçün məhz Çen Çzeni seçdim. Görünür, bizim görüşməyimiz qismət imiş”, – o bildirib.
Fey gələn ay Puyuana gedərək böyük ailəsi ilə şəxsən tanış olmağı planlaşdırır. Çen isə ümid edir ki, ailə bağlarını yenidən bərpa etmək məhz onların nəslinə qismət olacaq.