Almaniyalı alimlər ürək ritminin təhlükəli pozuntularından biri olan qulaqcıqların fibrilasiyasını (səyrimə aritmiyasını) tualetdən istifadə zamanı aşkar edə bilən qeyri-adi cihaz hazırlayıblar.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, söhbət elektrokardioqram (EKQ) sensorları ilə təchiz edilmiş "ağıllı" unitaz oturacağından gedir. İlkin araşdırmalar cihazın nəticələrinin xəstəxanalarda istifadə olunan standart EKQ müayinəsi ilə müqayisə edilə biləcək dəqiqlik nümayiş etdirdiyini göstərib.
HARO EKG-seat adlanan oturacaq ürəyin elektrik aktivliyini qeydə alan daxili elektrodlarla təchiz olunub. Müayinədən keçmək üçün istifadəçinin təxminən 30 saniyə oturması kifayətdir. Bu müddətdə toplanan məlumatlar mobil tətbiqə ötürülür və proqram ürək ritmini analiz edərək aritmiya əlamətlərini müəyyənləşdirir.
Araşdırma zamanı alimlər oturacağa quraşdırılmış 6 kanallı EKQ sistemi ilə ənənəvi 12 kanallı tibbi EKQ-nin nəticələrini müqayisə ediblər. Tədqiqatçılar nəticələrin böyük ölçüdə üst-üstə düşdüyünü bildiriblər.
Cihazın digər üstünlüyü isə istifadəsinin son dərəcə sadə olmasıdır. Sınaqda iştirak edən şəxslər heç bir təlimat və ya mütəxəssis köməyi olmadan müayinədən uğurla keçə biliblər. Mütəxəssislərin sözlərinə görə, qulaqcıqların fibrilasiyası ən geniş yayılmış ürək ritm pozuntusudur. Xəstəlik çox vaxt heç bir əlamət vermədən inkişaf edir və buna görə də xəstələrin təxminən üçdə biri bu problemdən xəbərsiz olur.
Kardioloqlar bildirirlər ki, xəstəliyin erkən aşkarlanması müalicənin effektivliyini əhəmiyyətli dərəcədə artırır. Aritmiya yarandıqdan sonra ilk il ərzində müalicəyə başlanarsa, ağırlaşma riski xeyli azalır. Bu xəstəliyin ən təhlükəli tərəfi isə bəzi hallarda ilk əlamətin insult olmasıdır. Mütəxəssislərin hesablamalarına görə, hər yeddi insultdan biri qulaqcıqların fibrilasiyası ilə əlaqəlidir və belə hallarda ürəkdə yaranan iri tromblar səbəbindən xəstəlik daha ağır keçir.
Risk qrupuna əsasən yaşlı insanlar daxildir. Həmçinin yüksək qan təzyiqi, piylənmə, şəkərli diabet, obstruktiv yuxu apnesi sindromu, hipertireoz, siqaret çəkmək və müntəzəm spirtli içki qəbulu da xəstəliyin yaranma ehtimalını artırır. Məlumata görə, yeni qulaqcıqların fibrilasiyası hallarının təxminən üçdə biri alkoqol istifadəsi ilə əlaqələndirilir. Həkimlər hətta bayram günlərində həddindən artıq spirtli içki qəbulundan sonra yaranan ürək ritm pozuntularını təsvir etmək üçün "bayram ürəyi sindromu" terminindən istifadə edirlər.
Bununla belə, cihazın yaradıcıları qeyd ediblər ki, texnologiya hələ müstəqil ekspert qiymətləndirməsindən keçməyib. Gələcək tədqiqatlarda da effektivliyi təsdiqlənərsə, bu "ağıllı" oturacaq ev şəraitində ürəyin vəziyyətini mütəmadi izləməyə və təhlükəli xəstəlikləri erkən mərhələdə aşkarlamağa kömək edə bilər.