Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev vəfat edib.
Lent.az xəbər verir ki, Azərbaycan mədəniyyətinə uzun illər xidmət göstərən Aslan Miri oğlu Fətullayev bu gün 70 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Aslan Fətullayev 1956-cı il oktyabrın 20-də Lerik rayonunun Çayrud kəndində anadan olub.
Uşaqlıq illərindən teatr sənətinə maraq göstərən aktyor yeddi yaşından səhnəyə çıxmağa başlayıb.
O, 1974–1976-cı illərdə Bakı Kitabxanaçılıq Texnikumunda, 1977–1982-ci illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
Aslan Fətullayev 1975-ci ildə “Canlı şahid” televiziya tamaşasında baş rolu canlandırıb. “Qorxma, mən səninləyəm”, “Qətl günü”, “Cin mikrorayonda”, “Papaq” və digər filmlərdə rol alıb. Həmçinin “Səhər görüşləri”, “Komediyalar aləminə səyahət” və başqa televiziya verilişlərində çıxış edib.
Aktyor 1989-cu ildə məşhur “Yuxu” rok qrupunu yaradıb. Müxtəlif illərdə mədəniyyət müəssisələrində rəhbər vəzifələrdə çalışıb.
2003-cü ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, 2008-ci ildən isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyət göstərib.
Aslan Fətullayev 2016-cı ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb, 2026-cı ildə isə Azərbaycan Respublikası Prezidentinin mükafatı ilə təltif edilib.