Bir gecəyə baxıb bitirəcəyiniz gərgin və maraqlı seriallar
03 iyul 2026 13:28 (UTC +04:00)

Bir gecəyə baxıb bitirəcəyiniz gərgin və maraqlı seriallar

0

Bəzən qısa, lakin maraqlı süjeti ilə diqqəti cəlb edən seriallar tamaşaçılar üçün ən yaxşı seçimə çevrilir. Sirli hadisələr, romantik hekayələr və tarixi dramları bir araya gətirən bu ekran əsərləri bir neçə seriyadan ibarət olsa da, təsirli süjeti və yüksək tempi ilə sonadək maraq doğurur. Eyni zamanda, sözügedən ekran əsərləri bir gecədə baxıb bitirmək üçün ideal seçim ola bilər. 

Lent.az xarici KİV-ə istinadla belə seriallardan bir neçəsini təqdim edir:

"Black Doves"

Baş rolda Kira Naytlinin yer aldığı serialda aktrisa Milad ərəfəsində Londonda yaşayan gizli agenti canlandırır.

Sevgilisi öldürüldükdən sonra o, muzdlu qatil ilə birlikdə cinayətin arxasında dayanan şəxsləri tapmağa çalışır. Serial axıcı sujet xətti ilə tamaşaçıda maraq yaradır.

"Margo's Got a Money Problem"

Qısa olmasına baxmayaraq, tempi yüksək, yumoru isə olduqca uğurludur. Süjet maddi çətinliklərlə üzləşən gənc ananın ətrafında cərəyan edir.

O, çıxış yolu olaraq, internet platformasında pul qazanmağa qərar verir. Bu qərar isə yaşadığı konservativ şəhərdə gözlənilməz və qalmaqallı hadisələrə səbəb olur.

"Burroughs"

ABŞ-ın sakit əyalət şəhərlərindən birində insanlar müəmmalı şəkildə yoxa çıxmağa başlayırlar. Bir qrup yeniyetmə isə yerin altında elmə məlum olmayan sirli bir varlığın yaşadığını aşkar edir.

Maraqlı süjeti, uğurlu musiqisi və yüksək vizual keyfiyyəti sayəsində serial tamaşaçını özünə bağlayır.

"Franklin"

Siyasi intriqalar, diplomatiya və ABŞ-ın müstəqilliyi uğrunda mübarizədən bəhs edən tarixi dramdır. Hadisələr XVIII əsrdə Fransada cərəyan edir. Baş qəhrəman Bencamin Franklini aktyor Maykl Duqlas canlandırır.

Franklin Fransa hakimiyyətini Amerika inqilabını dəstəkləməyə razı salmaq üçün mühüm diplomatik missiyaya yollanır. Serial tarixi mövzuya baxmayaraq hadisələri uzatmır və dinamik inkişafı ilə diqqət çəkir.

"One day"

Universitetin məzuniyyət gecəsində tanış olan Dekster və Emmanın hekayəsindən bəhs edən ekran əsəri olduqca maraqlıdır. Serial onların həyatında hər il yalnız bir günü – 15 iyulu göstərir və bu tarix təxminən iyirmi il ərzində izləyicinin qarşısına çıxır.

Hər seriya emosional məqamla başa çatdığı üçün növbəti hissəyə keçmək istəyi yaranır. Bu, sadəcə romantik hekayə deyil, zamanın, təsadüflərin və bir görüşün insan həyatını necə dəyişə biləcəyindən bəhs edən təsirli ekran əsəridir.

"Love at First Sight"

Uçuşun gecikməsi səbəbindən hava limanında təsadüfən tanış olan iki şəxsin romantik hekayəsindən bəhs edən duyğusal melodramdır. Onlar bir neçə saat ərzində bir-birlərinə aşiq olurlar. Lakin fərqli şəhərlərə yollanırlar. Cəmi dörd seriyadan ibarət olan bu ekran əsəri izləyiciyə rahatlıq və xoş ovqat bəxş edir.

"Arcane"

Bu ekran əsərinin sujeti Vay və Cinksin bacıları ətrafında qurulub. Onlar inkişaf etmiş Piltover və təhlükəli Zaun şəhərləri arasında yaranan münaqişənin fərqli tərəflərində qalırlar.

Sosial bərabərsizlik, qadağan olunmuş texnologiyalar üzərində aparılan təcrübələr və şəxsi faciələr onların münasibətlərini getdikcə daha da gərginləşdirir. Möhtəşəm animasiya, güclü personajlar və daim yüksək gərginlik bu serialı bir gecəyə izlənəcək ən uğurlu layihələrdən birinə çevirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar