Son illərdə real hadisələrdən bəhs edən kriminal janrındakı filmlər bütün dünyada populyarlıq qazanıb. Bunun əsas səbəbi isə real cinayət hadisələrinin çox vaxt uydurma ssenarilərdən daha dramatik, daha sarsıdıcı və emosional olmasıdır. Məhz buna görə də rejissorlar gerçək hadisələrdən ilhamlanaraq həm kriminal aləmi, həm də insan talelərini əks etdirən yaddaqalan filmlər ərsəyə gətiriblər.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, həm gərgin süjeti, həm də tarixi faktlara söykənməsi ilə diqqət çəkən 15 filmi təqdim edir.
"Soyuqqanlı qətl" (In Cold Blood, 1967) – Trumen Kapotenin sənədli romanı əsasında çəkilən film ABŞ tarixinin ən dəhşətli ailə qətliamlarından birindən bəhs edir.
"Fransız əlaqəsi" (The French Connection, 1971) – Narkotik qaçaqmalçılığına qarşı aparılan real polis əməliyyatını və kino tarixinin ən məşhur avtomobil təqiblərindən birini nümayiş etdirir.
"Çöllüklər" (Badlands, 1973) – Yeniyetmə qatillərin real hekayəsindən bəhs edən poetik və təsirli yol filmi.
"İt günü günortadan sonra" (Dog Day Afternoon, 1975) – Uğursuz bank soyğununu və onun arxasında gizlənən şəxsi faciəni təqdim edir.
"Alkatrazdan qaçış" (Escape from Alcatraz, 1979) – Klint İstvudun baş rolda oynadığı film ABŞ-ın ən məşhur həbsxanasından sirli qaçışı canlandırır.
"Yaxşı oğlanlar" (Goodfellas, 1990) – Martin Skorsezenin mafiya dünyasını bütün çılpaqlığı ilə göstərən şah əsərlərindən biridir.
"Atamın adı ilə" (In the Name of the Father, 1993) – Terror aktında haqsız yerə ittiham olunan gəncin ədalət uğrunda mübarizəsindən bəhs edir.
"Bacarsan tut məni" (Catch Me If You Can, 2002) – ABŞ tarixinin ən məşhur dələduzlarından biri Frank Abaqneylin həyatından bəhs edən dinamik ekran əsəridir.
"Canavar" (Monster, 2003) – Şarliz Terona "Oskar" qazandıran film serial qatil Aylin Uornosun faciəli həyatını təqdim edir.
"Zodiak" (Zodiac, 2007) – Kimliyi hələ də tam müəyyən edilməyən məşhur serial qatilin izinə düşən jurnalist və detektivlərin gərgin mübarizəsini göstərir.
"Uoll-Stritin canavarı" (The Wolf of Wall Street, 2013) – Maliyyə fırıldaqçısı Cordan Belfortun inanılmaz yüksəlişi və süqutundan bəhs edir.
"Diqqət mərkəzində" (Spotlight, 2015) – Katolik kilsəsində illərlə gizlədilən seksual zorakılıq qalmaqalını üzə çıxaran jurnalist araşdırmasını əks etdirir.
"Qara klan üzvü" (BlacKkKlansman, 2018) – Afroamerikalı polis əməkdaşının Ku Klux Klan təşkilatına sızması haqqında real hadisələr əsasında çəkilib.
"Yəhuda və Qara Məsih" (Judas and the Black Messiah, 2021) – "Qara Panteralar" hərəkatının lideri Fred Hemptonun xəyanət nəticəsində öldürülməsindən bəhs edir.
"Belə xırda şeylər" (Small Things Like These, 2024) – İrlandiyadakı məşhur Maqdalena sığınacaqlarında baş verən dəhşətli hadisələri və cəmiyyətin susqunluğunu ekrana gətirir.