Mono Lizanın oğurlanması – “Cakonda”nın 2 İLLİK SƏSSİZLİYİ
28 yanvar 2021 18:55 (UTC +04:00)

Mono Lizanın oğurlanması – “Cakonda”nın 2 İLLİK SƏSSİZLİYİ

Leonardo Da Vinçi tərəfindən 16-cı yüzillikdə çəkilmiş Mona Liza portretinin dünyanın ən məşhur rəsm əsəri olduğunu deyə bilərik. Onu qoruyan gülləkeçirməz şüşəni nəzərə almasaq, 77×53 sm kimi balaca ölçülərə sahib bu portret hər il 6 milyon turisti Luvr muzeyində qəbul edir. Luvr muzeyinə ziyarətə gələnlərin böyük bir qismi isə sadəcə Mona Lizanı bir neçə saniyəlik görmək üçün saatlarca muzey növbəsində gözləyirlər.

Foto 1. Mona Lizanın təsviri.
Mənbə: https://www.sabah.com.tr/fotohaber/teknoloji/mona-lisa-tablosunun-buyuk-sirri-cozuldu-iste-mona-lisanin-gizemi/9

Bu əsər, tarix boyu Versal Sarayının salonlarında saray üzvlərinin gözlərini oxşamış, Napoleon Bonapartın Tüiliri sarayındakı şəxsi yataq otağını bəzəmiş və son olaraq 1797-ci ildən etibarən Luvr muzeyi eksponatları arasına  daxil edilmişdir.

Qiymətləndirmələrə görə, 750 milyon dollarlıq maddi dəyərə sahib bu rəsm əsərini oğurlamaq cəhdləri nadir hallarda baş vermiş və bir istisnadan başqa heç vaxt da uğurlu olmamışdı.

Foto 2. Oğurlandıqdan sonra boş qalan Mona Liza guşəsi.
Mənbə: The Two Mona Lisas” by Walter Littlefield, article from Century Magazine, Vol. 87, N° 4 (Feb 1914). Published by The Century

1911-ci il 22 Avqust səhəri, bir fransız rəssam Luvr muzeyinin Karre salonuna daxil oldu və Mona Lizanın həmişəki yerində olmadığını gördü. Mühafizəçilər əsərin fotosunun çəkilməsi üçün başqa bir salonda olduğunu düşündülər və üstündən çox keçməmiş əsərin heç bir yerdə olmadığını başa düşdülər. Luvrun başlatdığı genişmiqyaslı istintaq tədbirləri səbəbilə muzey bir həftə bağlı qaldı.

Oğurluqdan sonrakı aylarda Luvr rəsmi sağlam bir vəziyyətdə gətirənə 25000 frank mükafat verəcəyini açıqlasa da, Mona Lizanın harada olduğuna dair məlumat verən çıxmadı. Yerli media da əsərin tapılmasına kömək edəcək şəxslərə mükafat veriləcəyini bildirsə də, bu tədbirlər də nəticəsiz qaldı və heç bir yeni məlumat əldə edilmədi. Zaman ötdükcə Fransa mətbuatı həmçinin bir çox yeni iddia da ortaya atdı.

Foto 3. Peruggianın həbs olunan zaman çəkilmiş fotosu
Mənbə : https://www.wannart.com/tarihin-en-buyuk-sanat-hirsizligi-mona-lisanin-calinmasi/

Bunlardan biri Almaniya və Fransa arasındakı münasibətin yaxşı olmaması və get-gedə gərginliyin artması səbəbi ilə bir iş adamının fransızları alçaltmaq üçün əsəri oğurlayıb almanlara verməsi idi.

Digər bir iddia Pikassonun daha əvvəl də Luvrdan oğurlanan heykəlləri alması ilə əlaqədar bu əsərin də oğurlanıb yenə Pikasso tərəfindən alınması idi.

Eyni zamanda əvvəllər Luvru yandırmağa cəhd etmiş Giyom Apolliner də şübhəlilərdən biri idi.

Beləcə iki il ərzində heç bir nəticə verməyən beynəlxalq bir istintaq aparıldı.

1913-cü ildə, Vincenzo Peruggia adlı oğru əsəri yüz min (100.000) dollara Uffitsi qalereyasına satmaq istədiyi vaxt saxlanıldı. Sonradan aydın oldu ki portret, hadisənin başa düşülməsindən bir gün əvvəl oğurlanmışdı. Oğru, süpürgə otağında gizlənmiş, muzey bağlandıqdan sonra əsəri divardan endirib, pilləkən boşluğunda əsəri paltarının altına gizlətmiş və muzeydən çıxıb getməyi bacarmışdı.

Maraqlısı odur ki,  əvvəllər  Luvr işçisi olan Peruggianın polis tərəfindən sorğulanmasına baxmayaraq, polislər onu şübhəli şəxs hesab etməmiş və evini axtarmamışdılar. Halbuki, evindəki sandığın içində gizlədilmiş Mona Liza düz 2 il səssizcə burada saxlanılmışdı.

Florensiyada həbs olunan Vincenzo etdiyinin vətənpərvərlik aktı olduğunu və bir italyanın çəkdiyi əsəri öz ölkəsinə geri qaytarmaq istədiyini məhkəmədə bildirmişdi. İtaliya məhkəməsi isə, bu niyyətinə görə ona sadəcə 1 il həbs cəzası vermişdi.

Foto 4. Mona Lizanın Paris Şəhərində yerləşən Luvr Muzeyindən təsviri. 6 İyul, 2019.
Fotoqraf: Jakub Porzycki. NurPhoto via Getty Images

20-ci əsrin əvvəllərində sadəcə sənətsevərlər arasında tanınan əsər,məhz. sözügedən bu hadisədən sonra getdikcə məşhurlaşmağa başladı. Bütün dünyanın diqqət mərkəzində olan portret zaman keçdikcə öz populyarlığını daha da artırdı.

Görünür muzey rəhbərliyi bu hadisədən dərs çıxarmağı bacarmış və hazırda layiqli mühafizə sistemini təkmilləşdirə bilmişdir. İncəsənət tarixinin ən möhtəşəm əsərlərindən biri olan Mona Liza indi 17.7 ilə 21.1 °C arasında, 50 % rütubətli mühitdə və gülləkeçirməz bir şüşənin içində saxlanılır. / "goyqursagi"

# 2997
avatar

Oxşar yazılar