Cinayətlər heç vaxt sadə olmur, həqiqət isə nadir hallarda "səthdə görünür". Məhz buna görə də detektiv hekayələri izləyicini son dəqiqəyə qədər gərginlikdə saxlayan "iti" süjeti ilə hər zaman maraq kəsb edir. Filmlərin bu kateqoriyasında qadınların baş rolda olduğu süjetlər haqlı olaraq xüsusi yer tutur; burada qəhrəmanlar soyuq zəka ilə intuiziyanı ustalıqla birləşdirirlər.
Lent.az xarici mediaya istinadla başqalarının gözündən qaçan məqamları səmərəli şəkildə qeydə almağı bacaran qadın detektivlər haqqında maraqlı filmləri təqdim edir.
The Thursday Murder Club, 2025
Detektiv hekayəsinin ilk baxışda göründüyündən tamamilə fərqli şəkildə cərəyan etdiyi məşhur Britaniya romanı ekranlaşdırılıb. Xüsusilə, söhbət sakit bir şəhərkənarı kompleksdə yaşayan və asudə vaxtlarında qeyri-adi bir hobbi ilə məşğul olan bir qrup təqaüdçüdən gedir: onlar sadəcə "ruhən dincəlmək üçün" açılmamış cinayətləri araşdırırlar.
Burada hər şey günahsız bir detektiv oyunu kimi başlayır, lakin yaxınlıqda real bir qətl hadisəsi baş verdikdə vəziyyət kəskin şəkildə dəyişir. Həmin andan etibarən bu hobbi gözlənilmədən real bir təhqiqata çevrilir; burada qəhrəmanlar təkcə təcrübələrindən deyil, həm də hiyləgərlik, müşahidəçilik və başqalarının bacarmadığı şeyləri görmək qabiliyyətindən istifadə etməli olurlar.
Enola Holmes 2, 2022
Əfsanəvi Şerlok Holmsun kiçik bacısı haqqındakı hekayənin davamıdır. Enola qardaşı qədər istedadlı bir detektiv ola biləcəyini sübut etməyə çalışır. Londonda öz xüsusi detektiv agentliyini açan Enola, hətta ilk işlərinin belə asan olmayacağını tezliklə anlayır.
İlk baxışda adi bir qızın yoxa çıxması kimi görünən hadisə, Enolanı fəhlə etirazları, korrupsiya və təhlükəli sui-qəsdlər dünyasına sürükləyən irimiqyaslı bir təhqiqata çevrilir. Paralel olaraq, o, daim məşhur qardaşının kölgəsi ilə qarşılaşır və yaşına, eləcə də cinsinə görə tez-tez kiçimsənildiyi bir dünyada öz yolunu tapmağa çalışır.
Wake Up Dead Man: A Knives Out Mystery, 2025
Bu franşizanın baş detektivinin kişi (Daniel Kreyqin canlandırdığı Benoit Blank) olmasına baxmayaraq, burada istintaq və hüquq-mühafizə orqanları ilə bağlı az əhəmiyyət kəsb etməyən qadın personajlara da rast gəlinir.
Xüsusilə söhbət, rəsmi təhqiqatı Blankla bərabər səviyyədə aparan yerli polis şerifi Ceraldin Skotdan gedir. Bu rolu xarizmatik Mila Kunis canlandırır.
Bundan əlavə, filmdə bu qarışıq cinayət ətrafında öz oyununu quran hazırcavab vəkil Veri Dreyvenə də (Kerri Vaşinqton) rast gəlmək mümkündür.
Mare of Easttown, 2021
Kiçik bir şəhərdəki qadın detektiv haqqında mini-serial formatında təqdim olunan dərin kriminal dramdır. Baş qəhrəman eyni vaxtda həm qəddar bir qətli araşdırmağa, həm də öz şəxsi həyatındakı problemləri yoluna qoymağa çalışır.
İstintaq qəhrəmanı tədricən mürəkkəb münasibətlər, köhnə münaqişələr və hər kəsin bir-birini tanıdığı, lakin heç kimin tam həqiqəti söyləmədiyi kiçik bir cəmiyyətin sirləri şəbəkəsinə sürükləyir.
Bu serial, yuxarıda sadalananlardan özünün ləng və gərgin tempi ilə seçilir; burada hər bir xırda detal böyük əhəmiyyət daşıyır. Bununla belə, ipuclarını tapmaq ilk başda göründüyü qədər asan deyil.
Karen Pirie, 2022
Gənc qadın detektiv Karen Pirinin çoxdan unudulmuş kimi görünən, açılmamış bir qətl işini üzərinə götürməsindən bəhs edən daha bir maraqlı kriminal hekayə.
İstintaq köhnə materialların rəsmi şəkildə nəzərdən keçirilməsi kimi başlayır, lakin sürətlə sirlər, gizli şahidlər və keçmişə qayıtmağı heç istəməyən insanlarla dolu mürəkkəb bir oyuna çevrilir. Karen, həqiqətin çoxdan uydurmalarla çulğalaşdığı bu hekayəni addım-addım çözməli olur.
True Detective: Night Country, 2024
Məşhur antologiyanın dördüncü mövsümündə detektiv hekayəsi amansız və demək olar ki, tamamilə izolyasiya olunmuş Alyaskaya daşınır. Hadisələr Arktika stansiyasında bir qrup alimin müəmmalı şəkildə yoxa çıxması ilə başlayır və sonradan bu iş daha qaranlıq və anlaşılmaz bir forma alır.
Burada təhqiqatı qütb gecəsi, soyuq və tam təcrid olunma şəraitində işləmək məcburiyyətində qalan iki qadın detektiv aparır. Hər yeni ipucu onları təkcə tapmacanın həllinə yaxınlaşdırmır, həm də qəhrəmanların əsas işlə tədricən çulğalaşan köhnə şəxsi travmalarını üzə çıxarır.