Ramil Qasımov  Ramiz Mustafayevin ölməz əsərlərini səsləndirdi
23 oktyabr 2026 11:30 (UTC +04:00)

Ramil Qasımov Ramiz Mustafayevin ölməz əsərlərini səsləndirdi

0

Oktyabrın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, professor Ramiz Mustafayevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

Lent.az xəbər verir ki, “Yadıma sən düşürsən” adlı musiqi gecəsində Azərbaycanın tanınmış opera ifaçısı, Əməkdar artist Ramil Qasımov bəstəkarın mahnı və romanslarından ibarət konsert proqramı ilə çıxış edib.

Konsert proqramı Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə təqdim olunub.

Musiqi gecəsində konsertmeyster, Əməkdar artist Nərgiz Əliyeva, nağara ifaçısı Soltan Əliyev və tar ifaçısı Cavanşir Rüstəmbəyli də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik, Milli Məclis sədrinin müavini Rafael Hüseynov görkəmli bəstəkar Ramiz Mustafayevin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, zəngin yaradıcılıq irsindən və əsərlərinin özünəməxsus bədii xüsusiyyətlərindən danışıb. O, bəstəkarın milli musiqi sənətində tutduğu mövqeyi və yaradıcılığının əhəmiyyətini diqqətə çatdırıb.

Konsert boyunca Ramil Qasımovun ifasında səslənən mahnı və romanslar dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Bəstəkarın zəngin musiqi irsini bir daha sənətsevərlərə təqdim edən gecə tamaşaçılara unudulmaz anlar yaşadıb.

Konsert proqramı gurultulu alqışlarla başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar