Gürcüstanda qanunsuz yaşayan 48 xarici ölkə vətəndaşı saxlanılıb. Onların arasında Azərbaycan vətəndaşları da var.
Lent.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Miqrasiya Departamentinin əməkdaşları ölkə ərazisində xüsusi miqrasiya nəzarəti tədbirləri keçiriblər.
Kompleks əməliyyatlar nəticəsində Gürcüstanda qanunsuz yaşayan 48 əcnəbi saxlanılıb.
Saxlanılanlar arasında Türkiyə, Kuba, İraq, Nigeriya, İordaniya, Çin, Hindistan, Pakistan, Vyetnam, Azərbaycan və Rusiya vətəndaşları var.
Xüsusi miqrasiya nəzarəti tədbirləri çərçivəsində müxtəlif təyinatlı obyektlərdə yoxlamalar aparılıb.
Yoxlamalar nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanununun tələblərini pozaraq ölkə ərazisində yaşayıblar.
Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar.
Onların Gürcüstandan deportasiya edilməsi üçün müvafiq prosedurlara başlanılıb.