Müharibə haqqında çəkilən bəzi ekran əsərləri insan talelərini, çətin seçimləri, itkiləri və sağ qalmaq mübarizəsini ön plana çıxararaq tamaşaçıda uzun müddət silinməyən iz buraxır.
Lent.az xarici KİV-ə istinadla müharibənin insan həyatına təsirini fərqli rakurslardan göstərən 4 filmi təqdim edir.
“20 Days in Mariupol” (2023)
Sənədli film Mariupolun mühasirəsinin ilk həftələrində şəhərdə baş verən hadisələri əks etdirir. Hadisələrin mərkəzində müharibəni lentə alaraq dünyaya çatdırmağa çalışan jurnalistlər dayanır. Şəhərdən çıxmaq imkanları getdikcə azalarkən onlar çəkilişləri davam etdirirlər. Film beynəlxalq səviyyədə böyük diqqət görüb və “Ən yaxşı sənədli film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.
“The Pianist” (2002)
Real hadisələrə əsaslanan film pianoçu Vladislav Şpilmanın xatirələri əsasında çəkilib. İkinci Dünya müharibəsi zamanı Varşavanın işğalı onun həyatını tamamilə dəyişir. Roman Polanskinin ekranlaşdırdığı əsərdə döyüş səhnələrindən daha çox bir insanın dağıdılmış şəhərdə sağ qalmaq mübarizəsi ön plana çıxır. Film üç “Oskar” mükafatı qazanıb.
“Apocalypse Now”
Frensis Ford Koppolanın kult filmi Vyetnam müharibəsi fonunda cərəyan edir. Amerikalı kapitana hərbi rəhbərliyin nəzarətindən çıxmış polkovniki tapmaq tapşırılır. Təhlükəli səfər irəlilədikcə müharibə ilə insan psixologiyası arasındakı sərhədlər bulanmağa başlayır.
“Mother of Apostles” (2020)
Ukrayna istehsalı olan hərbi dram döyüş bölgəsində itkin düşmüş hərbçi oğlunu axtaran ananın hekayəsini ekranlaşdırır.
Qadın oğlundan xəbər almaq üçün təhlükəli ərazilərdən keçir və müxtəlif insan taleləri ilə qarşılaşır. Filmin əsas xəttini döyüş səhnələrindən daha çox ana sevgisi, itki, ümid və insanın ən çətin şəraitdə etdiyi mənəvi seçimlər təşkil edir.
Bu ekran əsərlərinin hər biri müharibəyə fərqli tərəfdən yanaşsa da, onları birləşdirən əsas məqam insan taleyidir.