İranın mədəniyyət və islam irşad naziri Seyid Məhəmməd Hüseyni ölkədə baxılması və yayımlanması qadağan edilmiş dizilərin, serialların kitab halı, romanların da kitab- satış dükanlarından yığışdırılması barədə əmr verib.
Lent.az-ın Türkiyə və İranın informasiya vasitələrinə istinadən məlumatına görə, Hüsenyinin İranda qadağan edilmiş serialların romanlarının 26-cı Beynəlxalq Tehran Kitab sərgisindən yığışdırılması ilə bağlı göstəriş verdiyi haqda xəbər yayılıb.
Kitabların yığışdırılması səbəbinə o, belə aydınlıq gətirib: «Sərgidə yer alacaq kitablar üçün seçim qurumumuz var. Çapı üçün icazə verilməyən kitablara yasaqlar tətbiq ediləcək. Çap izni olanlarla bağlı problem yoxdur».
Tehran Kitab Sərgisi Dəyərləndirmə Komitəsinin müdiri Məcid Həmidzadə isə nazirdən fərqli olaraq, kitabların sərgidə nümayiş etdirilməsi üçün bir problemin olmadığını bildirib: «Aşk-ı məmnu», «Harem» və bunun kimi serialların kitabları gərəkli bütün araşdırmalardan keçərək, çapına icazə alınıb və paylanıb. Ona görə də həmin kitabların sərgidə yer alması qorxulu deyil. Telekanallarda yayımlanan dizilərdə kitabların içində olmayan bir sıra şeyə rast gələ bilərsiniz. Ona görə də bizi əsərin özü maraqlandırır, seriallardakı yox».