Boşandılar,  amma ayrıla bilmədilər: Keçmiş həyat yoldaşı ilə dost qalan  məşhurlar
17 avqust 2026 10:36 (UTC +04:00)

Boşandılar, amma ayrıla bilmədilər: Keçmiş həyat yoldaşı ilə dost qalan məşhurlar

0

Şou-biznes dünyasında boşanmalar çox vaxt qalmaqal, xəyanət ittihamları və milyonluq əmlak davaları ilə yadda qalır.

Lent.az-ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edirik:

Nikahları bitsə də, münasibətlərini düşmənçiliyə çevirməyən və keçmiş həyat yoldaşları ilə dost qalmağı bacaran məşhurlarheç də az deyil.

Demi Mur və Bryus Uillis

Demi Mur və Bryus Uillis Hollivudun ən mehriban keçmiş cütlüklərindən hesab olunurlar. Onlar 1987-ci ildə evlənib, üç qız övladı dünyaya gətirib və 2000-ci ildə boşanıblar. Nikahın sona çatması ailə münasibətlərini dağıtmayıb.

Demi Mur keçmiş həyat yoldaşının ailəsi ilə sıx əlaqəsini qoruyub. Bryus Uillisə frontotemporal demensiya diaqnozu qoyulduqdan sonra aktrisa onun yanında olmağa davam edib. Mur bildirib ki, boşanma baş versə də, övladlarını hər zaman birinci yerə qoyublar və ailə bağları heç vaxt tam qırılmayıb

Qvinet Peltrou və Kris Martin

Aktrisa Qvinet Peltrou ilə “Coldplay” qrupunun solisti Kris Martin 2014-cü ildə ayrıldıqlarını açıqlayıblar. Onların boşanma qərarını “şüurlu ayrılıq” adlandırması həmin dövrdə böyük müzakirə yaradıb.

Peltrou sonradan Kris Martinlə münasibətinin adi keçmiş ər-arvad əlaqəsindən daha yaxın olduğunu bildirib. Aktrisanın sözlərinə görə, onlar hələ də bütöv bir ailədirlər və çətin məqamlarda bir-birlərinə dəstək verirlər. Keçmiş cütlük iki övladının vacib günlərində də birlikdə görünür.

Cennifer Qarner və Ben Afflek

Cennifer Qarner və Ben Afflek 2005-ci ildə evlənib, 2018-ci ildə isə rəsmən boşanıblar. Üç övladı olan keçmiş cütlük ayrılıqdan sonra valideynlik məsuliyyətini birlikdə davam etdirib.

Qarner etiraf edib ki, uşaqları iki ayrı evdə böyütmək müəyyən çətinliklər və itki hissi yaradır. Buna baxmayaraq, keçmiş cütlük övladları ilə bağlı məsələlərdə ünsiyyət saxlamağı bacarıb. Afflek də Qarnerin çəkilişdə olduğu vaxtlarda uşaqların qayğısına qalaraq ona dəstək göstərib.

Miranda Kerr və Orlando Blum

Supermodel Miranda Kerr ilə aktyor Orlando Blum 2013-cü ildə boşanıblar. Onların Flinn adlı bir oğulları var. Ayrılıqdan illər keçməsinə baxmayaraq, Kerr keçmiş həyat yoldaşını “qardaşı kimi” gördüyünü söyləyib.

Model bildirib ki, boşandıqları ilk gündən oğullarının maraqlarını şəxsi incikliklərdən üstün tutmağa qərar veriblər. Onlar bir-birindən təxminən 10 dəqiqəlik məsafədə yaşayır, müntəzəm danışır və övladları ilə bağlı qərarları birlikdə qəbul edirlər.

Kortni Koks və Devid Arket

“Dostlar” serialının ulduzu Kortni Koks və aktyor Devid Arket də boşandıqdan sonra münasibətlərini qoruyan məşhurlar sırasındadırlar. Cütlük 1999-cu ildə ailə qurub, 2013-cü ildə boşanıb. Onların Koko adlı bir qızı var.

Keçmiş ər-arvad ayrılıqdan sonra övladlarının tərbiyəsində birgə iştirak edib. Onların münasibəti göstərib ki, nikahın sona çatması qarşılıqlı hörmətin də bitməsi demək deyil.

Bu məşhurların hekayəsi boşanmadan sonra dost qalmağın mümkün olduğunu göstərir. Onları birləşdirən əsas məqam isə keçmiş inciklikləri deyil, övladlarının rahatlığını və ailə bağlarını üstün tutmalarıdır. Bəzən sevgi bitir, amma hörmət və illərlə qurulan yaxınlıq başqa formada yaşamağa davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar