Çox insan çayı düzgün şəkildə dəmləmədiyi üçün içki həm dadını, həm də faydalı xüsusiyyətlərini itirir. Mütəxəssislər bildirirlər ki, ən yayılmış vərdişlərdən biri çayın keyfiyyətini tamamilə korlayır.
Lent.az xəbər verir ki, çay hazırlayarkən edilən əsas səhv onun qaynar su ilə dəmlənməsidir.
Bir çoxları düşünür ki, su nə qədər isti olsa, çay bir o qədər yaxşı dəmlənəcək. Əslində isə bu, səhvdir. Xüsusilə yaşıl və ağ çay növləri üçün 100 dərəcə istilik yararlı maddələrin məhvinə səbəb olur.
Qaynar su ilə dəmləmə zamanı çay yarpaqları sanki bişir, tərkibindəki tanin və kofein dərhal açılır. Nəticədə içki acı dad verir, aromatı itir və əsl çay ləzzəti zəifləyir. Bundan əlavə, çayın incə ətirli yağları yüksək temperaturun təsiri ilə uçur, C vitamini və katexinlər kimi faydalı maddələr isə zədələnir. Nəticədə əldə edilən içki sadəcə isti rəngli suya çevrilir.
Mütəxəssislər bildirirlər ki, hər çay növünün öz dəmlənmə temperaturu var. Ağ və yaşıl çay 70–80 dərəcə isti su ilə, oolong çayı 85–90 dərəcə ilə, qara çay və Pu-er isə 90–95 dərəcə ilə dəmlənməlidir. Bu temperaturlar üçün suyu birbaşa qaynayan anında istifadə etmək məsləhət deyil.
Termometr olmadan da düzgün dəmləmə mümkündür. Qara çay üçün suyu qaynadandan sonra 2–3 dəqiqə gözləmək kifayətdir. Yaşıl və ağ çay üçün isə su 5–7 dəqiqəyə uyğun istiliyə düşür. Soyuq mətbəx şəraitində su daha tez soyuyur.
Mütəxəssislər çayın qapalı qabda dəmlənməsini və keyfiyyətli yarpaq çaylardan istifadə edilməsini də tövsiyə edirlər. Bu, içkinin dadını, qoxusunu və faydalı xüsusiyyətlərini daha yaxşı qorumağa kömək edir.