50 yaşdan aşağı insanlarda xərçəngə səbəb olan  üç amil: bunu hamı bilməlidir
19 iyun 2025 15:10 (UTC +04:00)

50 yaşdan aşağı insanlarda xərçəngə səbəb olan üç amil: bunu hamı bilməlidir

Dünyada 50 yaşına qədər olan insanlar arasında xərçəng halları sürətlə artır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, alimlərin fikrincə, bununla bağlı üç əsas risk amili mövcuddur ki, onlar gənc yaşda onkoloji xəstəliklərin yaranma ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Xərçəngin yaranmasını sürətləndirən amillər

ABŞ-ın Milli Səhiyyə Xidməti (NHS) tərəfindən aparılan araşdırma göstərib ki, 20–49 yaş arası qrupda xərçəng hallarının sayı 1990-cı illərdən bəri 23 faiz artıb. Alimlər bununla bağlı əsas üç risk faktorunu müəyyən ediblər:

Piylənmə (artıq çəki)

Yanlış qidalanma

Az fiziki aktivlik

Xüsusilə gənclər arasında yoğun bağırsaq xərçəngi ilə bağlı araşdırmada iştirakçıların üçdə birindən çoxunun piylənmədən əziyyət çəkdiyi müəyyən olunub.

Nyu-Yorkdakı Sloan Kettering adına Onkoloji Mərkəzin professoru Neil Ayengar bildirib ki, qida rasionu gənclərdə xərçəngin inkişafında mühüm rol oynaya bilər:

“Bizim mikrobiom (bağırsaq florası) yediyimiz qidalara çox həssasdır. Mikroplastik və ya kimyəvi maddələr mikrobiomu dəyişə bilər və bu, risk amilinə çevrilə bilər. Sağlam qidalanmağa və idmana heç vaxt tez deyil başlamaq”.

Həmçinin o, şəkərli içkilər və çox emal olunmuş məhsulların potensial risklər daşıdığını qeyd edib. Bununla yanaşı, mütəxəssislər siqaretlə bağlı xərçəng hallarının demək olar ki, bütün yaş qruplarında azaldığını da müşahidə ediblər.

Xərçəngdən necə qorunmaq olar?

Müntəzəm tibbi müayinələr (skrininq)

Xərçəngi vaxtında aşkar etmək və xəstəliyin riskini azaltmaq üçün profilaktik tədbirlər, davamlı tibbi yoxlamalar və bədənin siqnallarına diqqət vacibdir. Bir çox xərçəng növü ilk mərhələdə aşkar olunduqda daha effektiv müalicə olunur.

İrsi faktorları öyrənin

Əgər yaxın qohumlarınızdan kimsə gənc yaşda (50-dən əvvəl) xərçəngə tutulubsa, genetik məsləhət almağınız tövsiyə olunur. Bəzi genlər – BRCA1, BRCA2, APC, TP53 – süd vəzisi, yumurtalıq, yoğun bağırsaq və digər xərçəng növlərinə meyilliliyi artırır.

Simptomlara diqqət yetirin

Aşağıdakı əlamətlər 2 həftədən çox davam edirsə, onları mütləq araşdırın:

İzahsız çəki itkisi

Sidikdə, nəcisdə və ya öskürəkdə qan

Daimi yorğunluq

Sərtlik və ya şişkinlik hissi (şiş)

Bəniz və xalların formasında dəyişiklik

Nəcis və ya sidik ifrazında dəyişiklik

Uzunmüddətli və səbəbsiz ağrılar

Stressi azaldın və psixi sağlamlığınıza fikir verin

Xroniki stress immun sistemini zəiflədir. Gündəlik aşağıdakı vərdişlərə əməl edin:

Gecə 7–8 saat yuxu

Təmiz havada gəzintilər

Meditasiya və nəfəs məşqləri

Sosial əlaqələrin qorunması, dostlarla ünsiyyət

Bu məlumatlar cəmiyyətin hər bir üzvü üçün vacibdir, çünki xərçəngin qarşısını almaq çox hallarda bizim həyat tərzimizdən asılıdır. Sağlam qidalanma, aktiv həyat, vaxtında tibbi müayinələr və psixoloji rifah bu yolda ən güclü silahlarınızdır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar