COVID-19-un əlaməti olan  spesifik öskürək növü
18 dekabr 2025 19:59 (UTC +04:00)

COVID-19-un əlaməti olan spesifik öskürək növü

0

Ukraynada koronavirus yenidən yayılmağa başlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qış mövsümündə öskürəyin tipi insanın hansı xəstəliklə üzləşdiyini müəyyənləşdirməyə kömək edə bilər.

Koronavirus zamanı öskürək necə olur?

Midland Health klinikasının tibbi direktoru və ailə həkimi Rupa Parmarın sözlərinə görə, soyuqdəymə, qrip və COVID-19 zamanı müşahidə olunan öskürəklər arasında nəzərəçarpacaq fərqlər var və bu fərqlər insanın sağlamlıq vəziyyətini daha düzgün qiymətləndirməyə imkan verir.

Qeyd olunur ki, soyuq havalarda virus infeksiyaları daha sürətlə yayılır. Aşağı temperatur virusların daha uzun müddət yaşamasına şərait yaradır, qapalı məkanlarda insanların sıx təması isə yoluxma riskini artırır. Bu səbəbdən xəstəliklərin əlamətləri tez-tez bir-birinə qarışır və onları ayırd etmək çətinləşir.

Soyuqdəymə və qrip: fərqlər nələrdir?

Həkim bildirir ki, soyuqdəymə zamanı öskürək adətən yüngül olur və insanı ciddi şəkildə narahat etmir. Əlamətlər tədricən, iki-üç gün ərzində özünü göstərir.

Qrip isə qəfil başlayır. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) məlumatına görə, qripin xarakterik əlamətlərindən biri ümumi vəziyyətin qəfil pisləşməsi ilə yanaşı ortaya çıxan quru öskürəkdir.

COVID-19 zamanı öskürək necə olur?

Mütəxəssisin sözlərinə görə, COVID-19 zamanı öskürək əsasən quru və davamlı xarakter daşıyır. İnsan bir saatdan artıq fasiləsiz öskürə bilər və ya gün ərzində üç və daha çox güclü öskürək tutması müşahidə oluna bilər. NHS bu cür öskürəyi “davamlı öskürək” kimi xarakterizə edir.

Öskürəklə yanaşı, COVID-19 aşağıdakı əlamətlərlə müşayiət oluna bilər:

yüksək hərarət və ya üşütmə; iy və dad hissinin itməsi və ya dəyişməsi; nəfəs darlığı; güclü yorğunluq; əzələ və baş ağrıları; boğaz ağrısı; burun axıntısı və ya tutulması; iştahanın azalması; ishal, ürəkbulanma və ya qusma.

NHS xəbərdarlıq edir ki, COVID-19-un əlamətləri çox vaxt soyuqdəymə və qrip simptomlarına bənzəyir. Əksər insanlar bir neçə həftə ərzində sağalsa da, bəzi hallarda xəstəlik daha ağır və uzunmüddətli keçə bilər.

Həkim vurğulayır ki, diaqnozla bağlı şübhə yarandıqda və ya simptomlar gücləndikdə mütləq həkimə müraciət etmək lazımdır. Qış mövsümündə orqanizmin verdiyi siqnalları diqqətsiz qoymamaq və vaxtında peşəkar tibbi məsləhət almaq xüsusilə vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar