Dünya yeni pandemiyaların təhlükəsi ilə qarşı-qarşıyadır. Mütəxəssislərin hazırladığı yeni qlobal hesabatda bildirilir ki, xüsusilə hantavirus və Ebola kimi yoluxucu xəstəliklər daha tez-tez yayılır və daha dağıdıcı nəticələrə səbəb olur. Ekspertlərin fikrincə, pandemiyalara hazırlıq üçün ayrılan investisiyalar mövcud risklərin səviyyəsinə uyğun deyil və dünya əvvəlkindən daha təhlükəsiz vəziyyətdə deyil.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, yoluxucu xəstəliklərin yayılması həm intensivləşir, həm də nəticələri daha ağır olur.
Risklərin artmasının əsas səbəbləri kimi iqlim böhranı və silahlı münaqişələr göstərilir. Bununla yanaşı, geosiyasi parçalanma və kommersiya maraqları beynəlxalq əməkdaşlığı zəiflədir.
2018-ci ildə Qərbi Afrikada baş verən böyük Ebola epidemiyasından sonra yaradılmış GPMB ekspert qrupu yeni hesabatını son hadisələr fonunda təqdim edib. Hesabatda kruiz gəmisində qeydə alınan hantavirus hadisəsi və Konqo Demokratik Respublikasında azı 87 nəfərin ölümünə səbəb olan Ebola epidemiyası xüsusi vurğulanır.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasında çıxışı zamanı bu epidemiyaları “narahat dünyamızın son böhranları” adlandırıb.
ÜST-ün Konqo Demokratik Respublikasındakı nümayəndəsi Anne Ancia bildirib ki, təşkilat artıq paytaxt Kinşasada qoruyucu vasitələrin ehtiyatını tükədib və əlavə tibbi ləvazimatların Keniya üzərindən çatdırılması üçün yük təyyarəsi hazırlayır.
Məlumata görə, ÜST yaxın günlərdə aparıcı alimlərin iştirakı ilə təcili elmi məsləhətləşmə keçirəcək. Məqsəd virus barədə məlumatları ümumiləşdirmək, vaksinlərin, testlərin və müalicə vasitələrinin hazırlanmasında prioritet istiqamətləri müəyyənləşdirməkdir.
Ekspertlər xəbərdarlıq edir ki, beynəlxalq yardımların azalması erkən xəbərdarlıq və operativ reaksiya sistemlərini zəiflədib. Diaqnostikadakı gecikmələr və yanlış test nəticələri virusun rəsmi həyəcan siqnalı elan edilməzdən əvvəl geniş yayılmasına şərait yaradıb.
Hesabatda qeyd olunur ki, mRNT vaksinləri kimi yeni texnologiyalar sürətlə inkişaf etsə də, vaksinlərə, testlərə və müalicəyə bərabər çıxış məsələsində geriləmə müşahidə edilir. Nümunə kimi mpox xəstəliyinə qarşı vaksinin Afrika ölkələrinə epidemiyanın başlamasından təxminən iki il sonra çatdırılması göstərilir.
Mütəxəssislər həmçinin epidemiyalar dövründə hökumətlərə inamsızlığın artdığını, vətəndaş azadlıqları və demokratik normaların zəiflədiyini bildirirlər. Onların sözlərinə görə, bu proseslər epidemiyaların özündən daha uzun çəkə və cəmiyyətlərin gələcək böhranlara davamlılığını azalda bilər.
Ekspertlər pandemiya risklərini daimi izləyəcək müstəqil beynəlxalq mexanizmin yaradılmasına, tibbi vasitələrə bərabər çıxışı təmin edən qlobal sazişin qəbuluna və səhiyyə sistemlərinin hazırlığı üçün maliyyənin artırılmasına çağırırlar.