Gənclərdə xərçəng riskini  artıra bilən qidalar
30 iyun 2026 10:59 (UTC +04:00)

Gənclərdə xərçəng riskini artıra bilən qidalar

0

Həkimlər xəbərdarlıq edirlər ki, bəzi qidaların müntəzəm və həddindən artıq istehlakı gənclərdə xərçəngin yaranması və inkişaf riskini artıra bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, onkoloqlar son illərdə gənclər arasında xərçəng hallarının sürətlə artmasından ciddi narahat olduqlarını bildirirlər.

Mütəxəssislərin fikrincə, bunun mümkün səbəblərindən biri də qidalanma vərdişləridir. Onlar bildirirlər ki, doymuş yağ, şəkər və duzla zəngin, yüksək dərəcədə emal olunmuş qidaların qəbulunu minimuma endirmək lazımdır. Bu məhsullara tortlar, peçenyelər, şirniyyatlar, çipslər, şəkərli qazlı içkilər, həmçinin pizza, burger və digər fast-food məhsulları daxildir.

Son illərdə narahatedici tendensiya müşahidə olunur əvvəllər əsasən yaşlı insanlarda rast gəlinən xərçəngə indi artıq 30 yaşdan etibarən daha tez-tez diaqnoz qoyulur. Mütəxəssislər vurğulayırlar ki, xərçəngin yaranmasına səbəb olan tək bir amil yoxdur. Lakin yüksək dərəcədə emal olunmuş qidalar və emal edilmiş ət məhsulları risk faktorları arasında xüsusi diqqət çəkir.

Onkoloq professor Çarlz Svonton bildirib ki, aparılan araşdırmalar erkən yaşlarda bağırsaq xərçənginin yaranmasının bağırsaq mikroflorasındakı müəyyən bakteriyalarla əlaqəli ola biləcəyini göstərir. Bu bakteriyalar daha çox lif baxımından kasıb, şəkərlə zəngin qidalanan insanlarda müşahidə edilir.

Alimin sözlərinə görə, bəzi tədqiqatlarda erkən kolorektal xərçəng diaqnozu qoyulan xəstələrin şişlərində həmin bakteriyaların yaratdığı genetik mutasiyalar aşkarlanıb. Bu mutasiyalar orqanizmin xərçəngöncəsi hüceyrələrə qarşı müdafiəsini zəiflədə bilər.

Yüksək dərəcədə emal olunmuş qidalara qablaşdırılmış hazır məhsullar, şirin içkilər, səhər yeməyi üçün hazır dənli məhsullar və müxtəlif hazır yeməklər daxildir. Bu məhsulların tərkibində adətən rəngləndiricilər, emulqatorlar, dadlandırıcılar və digər qida əlavələri olur. Eyni zamanda onlar şəkər, duz və doymuş yağlarla zəngin, vitamin və lif baxımından isə kasıb olurlar.

Həkimlər belə məhsulların gündəlik qidalanmanın əsas hissəsini təşkil etməməsini, yalnız nadir hallarda və az miqdarda istehlak edilməsini tövsiyə edirlər.

Araşdırmalar göstərir ki, balanslaşdırılmış, liflə zəngin qidalanma bağırsaq sağlamlığının qorunmasına və bəzi xərçəng növlərinin inkişaf riskinin azalmasına kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 392

Oxşar yazılar