İnsanların boyla bağlı narazılıqları qısqanclıq hisslərinə  təsir edir
12 iyun 2025 23:39 (UTC +04:00)

İnsanların boyla bağlı narazılıqları qısqanclıq hisslərinə təsir edir

“Evolutionary Behavioral Sciences” jurnalında dərc edilmiş araşdırmaya görə insanın təkcə həqiqi boyu deyil, öz boyu ilə bağlı psixoloji təsəvvürləri paxıllıq, qısqanclıq və rəqabət kimi sosial davranış formalarının formalaşmasında mühüm rol oynaya bilər.

Lent.az xarici mətbuata istinadla xəbər verir ki, hündürboy insanlar çox vaxt daha dominant, cəlbedici və bacarıqlı kimi qəbul edilir, və bir qayda olaraq, romantik və peşəkar kontekstdə daha müsbət münasibətə nail olurlar. Bu üstünlüklər kişilərə daha çox xas olsa da, boy ideallarına uyğunlaşma istəyi hər iki cinsə xasdır. Əvvəlki araşdırmalar göstərirdi ki, qısa boylu kişilər daha çox qısqanclıq ifadə edir, qarşılıqlı əlaqədə özlərini daha az dominant hiss edirlər. Bununla belə, insanın boyu ilə bağlı narazılığın psixoloji təsiri bundan əvvəl hələ hərtərəfli öyrənilməyib.

Tədqiqatçılar boyun fiziki və psixoloji aspektlərini və onların cinsdaxili rəqabətin müxtəlif formaları ilə necə əlaqəli olduğunu araşdırıblar. Tədqiqatda 302 yetkin ABŞ sakini iştirak edib. İştirakçıların yaş həddi 20 ilə 72 arasında, orta yaş təxminən 37 təşkil edib. İştirakçıların təxminən 63 faizi kişilər idi və onların təxminən dörddə üçü özünü ağdərili kimi müəyyən etmişdi. İştirakçılar həqiqi boylarını, ideal boylarını və boydan narazılıq səviyyəsini ölçən bir sıra anketlər doldurdular.

Cinsidaxili rəqabəti ölçmək üçün tədqiqatçılar üç komponentdən ibarət 12 maddəlik şkaladan istifadə ediblər: paxıllıq (cazibədar həmyaşıdlara qarşı antipatiya), qısqanclıq (iddialı həmyaşıdlara qarşı antipatiya) və rəqabət qabiliyyəti (eyni cinsdən olanları üstələmək istəyi). İştirakçılar hər bir ifadə ilə nə dərəcədə razılaşdıqlarını 7 ballıq şkala ilə qiymətləndirirdilər. Boydan narazılıq iki sualla qiymətləndirilirdi: biri – ucaboy olmağı arzu edib-etmədiyini, digəri - boydan razı olub-olmadığını soruşurdu.

Gözlənildiyi kimi, həm kişilər, həm də qadınlar əslində olduğundan daha hündür olmaq istəyirdilər. Orta hesabla, kişilər rəqabət qabiliyyətinin paxıllıq və ya qısqanclıqdan daha yüksək olduğunu qeyd edirdilər, qadınlar isə digər iki xüsusiyyətdən daha çox paxıllığı qeyd edirdilər. Cinslər arasında qadınlar kişilərdən daha çox paxıllıq edirdilər, lakin kişilər ümumiyyətlə daha hündür olsalar da, qadınlardan daha hündür boy istəyində idilər.

Tədqiqatçılar müəyyən ediblər ki, daha qısa boylu olanlar və ya boylarından daha az qane olan insanlar eyni cinsdən olan həmyaşıdlarına münasibətdə paxıllığa, qısqanclığa və rəqabətə meyilli idilər. Bu təsirlər kişilərdə xüsusilə güclü şəkildə özünü büruzə verirdi. Qadınlarda fiziki boy rəqabət qabiliyyəti ilə o qədər də əlaqəli deyildi, lakin daha hündür olmaqla bağlı psixoloji istək daha güclü idi.

Müəlliflər ehtimal edirlər ki, gələcək tədqiqatlar boydan narazılığın daha balanslı və nüanslı ölçülərindən faydalana biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar