ABŞ-ın Yel Universitetinin alimləri keyfiyyətsiz yuxu ilə qulaqcıq fibrilasiyası (ürək ritmi pozğunluğu), depressiya, piylənmə, təşviş pozuntusu, hiperlipidemiya və hipertoniyanın inkişaf riski arasında əlaqə aşkar ediblər.
Lent.az bu 6 riski təqdim edir:
Tədqiqatda orta yaşı 50,2 olan 6785 könüllü yetkin iştirak edib. Birinci mərhələdə alimlər iştirakçılar haqqında məlumat toplayıb, onların boy və çəki göstəricilərini qeydə alıb, həmçinin hər bir iştirakçının xəstəlik tarixçəsini təhlil ediblər. Bundan sonra müşahidə mərhələsi başlayıb. Dörd ildən çox müddətdə iştirakçılar biləklərində ürək döyüntülərini və yuxu zamanı hərəkətlərin xarakterini müəyyən edən Fitbit cihazları gəzdiriblər. Bu qurğular həmçinin alimlər tərəfindən yuxunun dərin və sürətli fazalarının dəyişmə prosesini izləmək üçün istifadə olunub.
Müşahidə müddəti bitdikdən sonra alimlər gecə istirahətinin keyfiyyəti ilə iştirakçıların sağlamlıq vəziyyəti arasındakı məlumatları müqayisə ediblər. Nəticələr göstərib ki, dərin və sürətli yuxu fazalarının pozulması qulaqcıq fibrilasiyası ürək ritminin pozulması riskinin artması ilə əlaqəlidir. Həmçinin, nizamsız yuxu ilə depressiya, piylənmə, təşviş pozuntusu, hiperlipidemiya (qanda yağabənzər molekulların artıq yığılması) və hipertoniyanın inkişafı arasında əlaqə müəyyən edilib.