Uşaqları xoşbəxt edən ənənə: Yağış da onları dayandıra bilmir
20 iyun 2026 13:35 (UTC +04:00)

Uşaqları xoşbəxt edən ənənə: Yağış da onları dayandıra bilmir

0

Niderlandda hər il keçirilən və yüz minlərlə uşağın, valideynin və müəllimin qatıldığı "Avond4daagse" adlı dördgünlük axşam yürüşü ölkənin ən sevilən ənənələrindən biri hesab olunur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu tədbir sadəcə gəzinti deyil, uşaqların fiziki və psixoloji inkişafına müsbət təsir göstərən mühüm sosial ənənəyə çevrilib.

Ötən gün axşam Amsterdamda təşkil olunan yürüşlər zamanı güclü yağış və əlverişsiz hava şəraiti belə iştirakçıları dayandırmayıb. Axşam saat 17:00-da yüzlərlə uşaq, əksəriyyəti velosipedlə, valideynləri ilə birlikdə şəhərin məşhur Vesterparkına toplaşaraq 10 kilometrlik yürüşə başlayıb.

Medal, gül və şirniyyat onları motivasiya edir

"Avond4daagse" yarış xarakteri daşımır. Məqsəd yürüşü tez başa vurmaq deyil, dörd gün ərzində hər axşam tamamlamaqdır. Bunu bacaran uşaqlara medal, gül dəstəsi və müxtəlif şirniyyatlar təqdim olunur.

Bu ənənə təkcə Amsterdamla məhdudlaşmır. Yayın əvvəlində Niderlandın kənd və şəhərlərində yüz minlərlə uşaq məktəb yoldaşları və valideynləri ilə birlikdə yaşadıqları əraziləri piyada kəşf edir. Tədbirin hətta ölkənin keçmiş müstəmləkəsi olan Surinamda da keçirildiyi bildirilir. Bundan başqa, dördgünlük velosiped və üzgüçülük tədbirləri də təşkil olunur.

Niderlandın Kral Piyada Yürüşü Assosiasiyasının (KWbN) məlumatına görə, hər il ölkənin 700-dən çox yaşayış məntəqəsində keçirilən tədbirdə yarım milyona yaxın insan iştirak edir. Minlərlə könüllü isə onun təşkilində rol oynayır.

Ənənənin kökü hərbi hazırlığa gedib çıxır

Amsterdam Universitetinin mədəniyyət tarixi professoru İnqer Lemansın sözlərinə görə, "Avond4daagse"nin əsası hərbi hazırlıq məqsədilə qoyulub. İlk yürüş 1909-cu ildə Nimegen şəhərində hərbi təlim kimi keçirilib. İkinci Dünya müharibəsindən sonra müxtəlif şəhərlər də oxşar yürüşlər təşkil etməyə başlayıb. Sonradan tədbirlərə mülki şəxslər də qoşulub və Nimegen dördgünlük yürüşü dünyanın ən böyük piyada yürüşünə çevrilib.

Hazırda bu tədbirdə hər il 80-dən çox ölkədən təxminən, 45 min nəfər iştirak edir və onlar 30, 40 və ya 50 kilometrlik yol qət edirlər.

Bu yürüş uşaqlara nə qazandırır?

Əvvəlcə tədbirin məqsədi idmanı təşviq etmək olmasa da, zaman keçdikcə uşaqları açıq havada hərəkət etməyə həvəsləndirən mühüm layihəyə çevrilib. Mütəxəssislər hesab edirlər ki, uşaqların yağışlı havada belə yürüşü başa vurmağa təşviq olunması və sonda mükafatlandırılması onlarda fiziki fəallığa müsbət münasibət formalaşdırır. Eyni zamanda, bu proses dözümlülüyün və özünəinamın inkişafına da kömək edir.

Niderlandlı uşaqlar niyə dünyanın ən xoşbəxtləri sayılır?

UNICEF-in son hesabatına əsasən, Niderland uşaqların ümumi rifahı və psixi sağlamlığı baxımından 44 Qərb ölkəsi arasında yenidən birinci yeri tutub. Araşdırmalar göstərir ki, bu ölkədə uşaqlar həmyaşıdları ilə güclü münasibətlər qurur. Valideynlərin əksəriyyətinin yarımştat işləməsi onların uşaqları ilə daha çox vaxt keçirməsinə imkan yaradır. Bundan başqa, uşaqlara erkən yaşlardan müstəqillik verilir və onların çoxu məktəbə velosipedlə tək gedib-gəlir. Mütəxəssislərin fikrincə, "Avond4daagse" də bu sosial əlaqələrin möhkəmlənməsinə xidmət edir. Uşaqlar sinifdən kənarda dostları və valideynləri ilə birlikdə keyfiyyətli vaxt keçirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar