Aland: ən optimal muxtariyyət modeli – ARAYIŞ
18 may 2010 11:00 (UTC +04:00)

Aland: ən optimal muxtariyyət modeli – ARAYIŞ

Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında danışarkən dövlətimizin bu bölgəyə dünyada mövcud olan ən yüksək muxtariyyət statusu verməyə hazır olduğunu bildirir. Söhbət hansı yüksək muxtariyyət nümunələrindən gedir?

Dünyada irili-xırdalı onlarla muxtariyyət modeli var. Ən tanınmışları bunlardır: Aland adaları, Tatarıstan, Şimali İrlandiya, Fələstin, Kvebek, Krım, Kataloniya, Honkonq, Acarıstan və Şimali İraq.

Silsilə yazılarımızda bu modellərin hər biri haqqında Lent.az-ın oxucularına ətraflı məlumat verməyə çalışacağıq. Ayrıca, bu modellərdəki müddəalardan hansılarının Dağlıq Qarabağ üçün yararlı, hansılarının isə ziyanlı olması məsələlərinə də toxunacağıq.

İlk yazı Aland adaları modelinə həsr olunub. Çünki beynəlxalq aləmdə Dağlıq Qarabağın statusu əsasən bu modellə müqayisə olunur. Təsadüfi deyil ki, ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi təmsilçisi Qoran Lenmarker bir neçə il öncə hazırladığı hesabatda Aland modelinin Dağlıq Qarabağ münaqişəsinin həllində əsas kimi götürülə biləcəyini irəli sürmüşdü.

Aland: Finlandiyanın geniş hüquqlara malik adaları

Aland – Baltik dənizindəki 8 min adadan ibarətdir. İnsanlar yalnız böyük adalarda yaşayırlar. Əhalisinin böyük əksəriyyəti isveçlilərdən ibarət olan Aland adaları 1808-ci ilədək İsveç Krallığının tərkibində olub. Həmin il İsveç Rusiya imperiyasına müharibədə məğlub olaraq Aland adalarını və Finlandiyanı Rusiyaya vermək məcburiyyətində qalır. 1917-ci ildə Rusiya imperiyası dağıldıqdan sonra Finlandiyanın müstəqilliyi beynəlxalq birlik tərəfindən tanınıb.

Eyni zamanda Aland adalarının isveçli sakinləri İsveçlə qovuşmağa çalışırlar. Ancaq Finlandiya Aland sakinlərinin öz müqəddəratlarının təyininə qarşı çıxır. Adada imzatoplama kampaniyası keçirilir, eyni zamanda gizli təşkilatlar yaranmağa başlayır. Burada silahlı qarşıdurma olmasa da, Finlandiya polisi bir qrup separatçı isveçlini həbsə alır. 1921-ci ildə Millətlər Liqası Aland adalarını Finlandiyanın ərazisi elan edir. Qərarda Finlandiyadan ada sakinlərinin dillərini, adət-ənənələrini və mədəniyyətlərini qoruması istənilir. Finlandiya İsveçlə birgə bu qərarın yerinə yetirilməsi mexanizmi üzərində çalışmalara başlayır.
İsveçlə Finlandiya arasında bağlanmış müqaviləyə əsasən, Aland əhalisi dilini, mədəniyyətini, adətlərini saxlamaq hüququ alır, assimilyasiya olunmaq təhlükəsi aradan qalxır. İsveç adalardakı isveçlilərin təhlükəsizliyinə və onunla maneəsiz əlaqə yaratmağa təminat alır. 1922-ci il özünüidarə qanununa əsasən, yerli parlament – laqtinq - adaların daxili işləri və büdcə haqqında qanun qəbul etməklə yanaşı, hökuməti təyin edir. Finlandiya konstitusiyasına uyğun olaraq, Finlandiya parlamenti yalnız Aland adaları laqtinqinin icazəsi ilə özünüidarə qanunlarına dəyişikliklər edə bilər. Laqtinqin hüquqi səlahiyyətləri təhsil və mədəniyyəti, səhiyyə və iqtisadiyyatı, nəqliyyatı, kommunal təsərrüfatı, polisi, poçtu, radio və televiziyanı əhatə edir. Bu sahələr üzrə Alandın suveren dövlət səlahiyyətləri var. Qalan qanunvericilik səlahiyyətlərinin hamısı - xarici siyasət, mülki məcəllənin əsas hissəsi, məhkəmə və cinayət hüququ, gömrük və pul dövriyyəsi Finlandiyanın preroqatividir.
Aland əhalisinin mənafeyini qorumaq üçün Finlandiya parlamentinə arxipelaqdan bir deputat seçilir. Adaların qubernatorunu laqtinqin razılığı ilə Finlandiyanın prezidenti təyin edir. Qubernatorun səlahiyyəti Aland Adaları Nümayəndələr Şurasına (Şura paritet əsaslarla formalaşır) başçılıq etməkdən, laqtinqin sessiyalarını açıb-bağlamaqdan ibarətdir.
İqtisadiyyat sahəsində münasibətlər belə qurulur: Finlandiya hökuməti vergiləri, gömrük rüsumlarını və başqa ödəncləri bütün ölkədə tətbiq edilən qaydalarla yığır. Arxipelaqın xərcləri dövlət büdcəsindən ödənir. Dövlət öz borcunu çıxandan sonra gəlirlərin bir hissəsini arxipelaq üçün ayırır. Qalan məbləği laqtinq büdcə maddələri üzrə bölüşdürür.
Finlandiya prezidentinin laqtinqin qəbul etdiyi qanunlara veto qoymaq hüququ var. Prezident ona göndərilmiş qanunlara yalnız iki halda - adaların parlamenti öz səlahiyyət həddini aşanda və ya qəbul edilmiş qanun Finlandiyanın daxili və xarici təhlükəsizliyinə qorxu yaradanda veto qoya bilər.
Adalarda yaşamaq hüququ həm də vətəndaşlıq hüququ sayılır. Adalarda doğulan və valideynlərindən biri Aland vətəndaşı olan uşaq bu hüquqa malikdir. Alandlılar eyni vaxtda həm də Finlandiya vətəndaşlarıdır. Arxipelaqa köçüb orada 5 il yaşayan və İsveç dilini bilən hər bir Finlandiya vətəndaşına Aland vətəndaşlığı verilir.
Daşınmaz əmlaka malik olmaq hüququna qoyulan məhdudiyyətlər torpaq sahələrini alandlıların mülkiyyəti kimi möhkəmlətmək arzusu ilə izah olunur. Alanddan kənarda 5 il yaşamış ada sakini vətəndaşlığını itirir. Aland vətəndaşı Finlandiya ordusunda xidmət etmək mükəlləfiyyətindən azaddır. Adalarda hərbi hissə yerləşdirmək və hərbi qurğular qoymaq olmaz.
Aland Skandinaviya ölkələri ilə birbaşa əməkdaşlıq edə bilir. Skandinaviya ölkələri Nazirlər Şurasının işində Aland hökuməti də iştirak edir.
Xarici siyasət Finlandiya hökumətinin və parlamentinin səlahiyyətinə daxildir. Lakin Finlandiya Alandın daxili işlərinə təsir göstərə biləcək beynəlxalq müqavilə imzalayanda bu müqavilənin qüvvəyə minməsini laqtinqlə razılaşdırmalıdır.
Aland modelinin Dağlıq Qarabağa tətbiqi imkanları
Beləliklə, Aland modelini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tətbiq etsək, bölgənin yerli parlamenti daxili məsələlər və büdcə ilə bağlı qərarlar qəbul edə, hökuməti formalaşdıra bilər.

Dağlıq Qarabağ parlamentinin və hökumətinin fəaliyyət sferaları bunlardan ibarət ola bilər:

- Təhsil və mədəniyyət;
- Səhiyyə;
- İqtisadiyyatın bəzi sahələri;
- Nəqliyyat;
- Kommunal təsərrüfat;
- Polis;
- Poçt xidməti;
- Radio və televiziya.

Aland modelinə əsasən Dağlıq Qarabağ aşağıdakı səlahiyyətləri Azərbaycan Prezidenti və parlamentinə həvalə edir:

- Xarici siyasət;
- Məhkəmə və cinayət hüququ;
- Vətəndaş kodeksinin böyük hissəsi;
- Gömrük və pul dövriyyəsi.

İqtisadiyyat sahəsində tərəflər arasında münasibətlər belə qurula bilər: Azərbaycan hökuməti ölkə üzrə olduğu kimi, Dağlıq Qarabağda da vergiləri yığır, sonra dövlət büdcəsindən müəyyən edilmiş əsasda yerli büdcəyə ayırmalar edir. Ayrıca Dağlıq Qarabağ parlamentinin qəbul etdiyi qərarlar Azərbaycan prezidentinə göndərilir. Dövlət başçısı iki halda veto hüququndan istifadə edə bilər: əgər yerli parlament hüquqlarını aşıbsa və ya qəbul edilən qanun Azərbaycanın daxili və xarici təhlükəsizliyinə ziddirsə. Aland modelinə görə, Dağlıq Qarabağ sakinləri Azərbaycan ordusunda xidmətdən azad edilə bilərlər. Bölgədə hərbi hissələr yerləşdirmək və istehkamlar qurmaq qadağandır. Dağlıq Qarabağ Ermənistanla əməkdaşlıq hüququna malikdir.

Bir sözlə, Aland modelinin tətbiqi halında böyük idarəetmə hüququ qazanan Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi tanınır, Ermənistanla əlaqələr qurur və bölgə silahsızlaşdırılır.

Əslində Aland modeli Azərbaycan Konstitusiyasının Naxçıvana verdiyi hüquqlardan çox deyil. Sadəcə, Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar birgə yaşayacaqları üçün Aland modelinin tətbiqi ətrafında əlavələrə ehtiyac olacaq. Məsələn, Dağlıq Qarabağ parlamenti və hökumətinin formalaşdırılmasında azərbaycanlıların iştirakı mexanizmi və bölgə polisindəki nisbəti müəyyənləşdirilməlidir.

“Atlas” Araşdırmalar Mərkəzi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1114

Oxşar yazılar