Ermənilər Qarabağa saysız-hesabsız xaç daşları basdırır
16 iyul 2009 13:00 (UTC +04:00)

Ermənilər Qarabağa saysız-hesabsız xaç daşları basdırır

İşğal edilmiş Azərbaycan ərazilərindəki tarixi abidələrimiz saxtalaşdırılır

“Atəşkəs rejimindən istifadə edən erməni tərəfi işğal etdikləri Qarabağda Azərbaycan tarixini məhv etmək üçün geniş miqyaslı işlər aparır. İndi həmin ərazilərdə Azərbaycanın tarix və memarlıq, arxeoloji abidələrini, mədəniyyət nümunələrini kütləvi şəkildə məhv edilir. Hətta işğal edilmiş ərazilərində saysız-hesabsız xaç daşları basdırılır”.

Lent.az-ın məlumatına görə, bu fikri Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov “İndiki şəraitdə Erməni-Türk münasibətlərinin yaxınlaşmasının Dağlıq Qarabağ probleminin həllində rolu barədə” dəyirmi masadakı çıxışında söyləyib. O, qeyd edib ki, rəhbərlik etdiyi təşkilat Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına həyata keçirilən “Qarabağ Abidələri Tariximizin Əbədi yaddaşıdır” adlı layihə həyata keçirir. Gələn ay başa çatacaq layihə çərçivəsində “Məcburən erməniləşdirilmə” adlı kitab da hazırlanır. Onun sözlərinə görə, kitabda Azərbaycan ərazilərinin, o cümlədən tarixi mədəniyyət abidələrimizin müxtəlif dövrlərdə erməniləşdirilməsi, sovet hökumətinin bu istiqamətdə məqsədyönlü siyasəti barədə geniş məlumatlar verilir.

“Biz on ildən çoxdur ki, bu tarixi gerçəkliklərin üzə çıxarılması, Azərbaycanın tarixi mədəniyyət abidələrinin müxtəlif dövrlərdə erməniləşdirilməsinə dair araşdırma aparırıq. Bu müddət ərzində minlərlə faktlar, dəlillər, fotoşəkillər toplamışıq. Müasir erməni ideologiyasının təbliğ etdiyi ən aktual məsələlərdən biri azərbaycanlılarla dinc yanaşı yaşamağın guya mümkünsüzlüyü prinsipidir. Bu təbliğat ermənilər üçün böyük mahiyyət daşıyır və harada yaşamasından asılı olmayaraq, bütün erməni əhalisini əhatə edir” – deyə, Faiq İsmayılov qeyd edib.

Daha sonra mövzu ətrafında diskussiya xarakterli müzakirələr davam etdirilib. Tarixçi alimlər, ictimai təşkilatların nümayəndələri ermənilərin xarici qüvvələrin köməyi sayəsində Azərbaycanın tarixinə, mədəniyyətinə, iqtisadi və mədəni inkişafına vurduğu ziyandan, təcavüzün nəticələrindən danışıblar.

Elxan SALAHOV
# 530

Oxşar yazılar