24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
28 avqust 2026 16:53 (UTC +04:00)

24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi

0

Rusiyalı iqtisadi şərhçi Vyaçeslav Şiryayev “DW на русском” platformasında Azərbaycanın sanksiyaya məruz qalmış Rusiya qızılının Qərbə çıxarılmasında vasitəçi rol oynadığını iddia edib. Onun arqumenti ilk baxışda diqqətçəkəndir: Azərbaycan ildə təxminən 3 ton qızıl hasil etdiyi halda, 2026-cı ilin ilk yarısında 24,2 ton qızıl ixrac edib.

Lakin iki rəqəmi yanaşı qoymaq hələ onların arasında səbəb-nəticə əlaqəsi yaratmır. Xüsusilə də söhbət illər ərzində formalaşdırılmış dövlət qızıl ehtiyatlarından gedirsə.

Hasilat 3 tondur, bəs 24 ton haradan gəlib?

Şiryayevin müqayisəsində əsas boşluq budur ki, Azərbaycanın qızıl imkanları yalnız cari hasilatla məhdudlaşdırılır. Halbuki Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2012-ci ildən fiziki qızıla investisiya edir. Həmin vaxt Fondun investisiya portfelində qızıl üzrə limit 5%-dək müəyyən edilmişdi. Sonrakı illərdə bu hədd mərhələli şəkildə artırılıb: 2019-cu ildə 10%-ə, 2022-ci ildə 15%-ə, 2025-ci ildə 25%-ə, 2026-cı ildə isə 35%-ə çatdırılıb.

ARDNF xüsusilə son iki ildə qızıl alışını sürətləndirib. Fond 2024-cü ildə 44,8 ton, 2025-ci ildə isə əlavə 53,4 ton qızıl alıb. Nəticədə 2026-cı ilin əvvəlinə ARDNF-nin qızıl ehtiyatı 200 tona, həmin aktivlərin bazar dəyəri isə 28 milyard dollardan yuxarı səviyyəyə çatıb.

Bu rəqəm bir məqamı aydın göstərir: Azərbaycanın 24 ton qızıl ixrac etmək imkanını qiymətləndirərkən yalnız həmin il mədəndən çıxarılan 3 tona baxmaq doğru metod deyil. Ölkənin əvvəlki illərdə topladığı yüzlərlə ton qızıl ehtiyatı da balansın bir hissəsidir.

Qızıl bahalaşdı, portfelin çəkisi dəyişdi

ARDNF-nin qızıl ehtiyatlarını artırdığı dövr dünya bazarında qiymətlərin sürətli yüksəlişi ilə üst-üstə düşüb.

2022-ci ildə qızılın orta illik qiyməti təxminən 1800 dollar/unsiya olduğu halda, 2023-cü ildə 1940 dollara, 2024-cü ildə 2388 dollara, 2025-ci ildə isə 3400 dollardan yuxarı səviyyəyə qalxıb. 2026-cı il yanvarın 29-da qızıl 5594,82 dollar/unsiya ilə tarixi maksimuma çatıb.

Qiymət artımı ARDNF-nin əlində olan qızılın yalnız dəyərini artırmayıb, onun ümumi investisiya portfelindəki çəkisini də yüksəldib. Nəticədə qızılın payı investisiya siyasətində müəyyən edilən həddi keçib.

Fond bu səbəbdən 2026-cı ilin I rübündə 21,9 ton qızıl satıb. Ehtiyat 200 tondan 178,1 tona düşüb. ARDNF bunu portfelin yenidən balanslaşdırılması ilə izah edib. “Fitch Ratings” də yanvar-aprel aylarında qızıl ehtiyatlarının bir hissəsinin məhz portfel balansının bərpası məqsədilə satıldığını qeyd edib.

Yəni söhbət fövqəladə və ya izahı olmayan əməliyyatdan yox, aktivlərin payını müəyyən edilmiş hədlərdə saxlamaq üçün tətbiq olunan adi investisiya mexanizmindən gedir.

Üst-üstə düşən satış və ixrac rəqəmləri - 21,9 ton

Məsələnin ən diqqətçəkən hissəsi isə rəqəmlərin üst-üstə düşməsidir.

2026-cı ilin ilk yarısında Azərbaycanın ixrac etdiyi 24,2 ton qızılın 21,902 tonu Böyük Britaniyaya göndərilib. ARDNF-nin I rübdə satdığı qızılın həcmi isə 21,9 ton olub. Açıq gömrük statistikası da Böyük Britaniyaya göndərilən həmin 21,902 tonun məhz ARDNF-nin satdığı qızıl olduğunu deməyə əsas verir. Rəqəmlərin bu qədər yaxın olması 24 tonluq ixrac sıçrayışının böyük hissəsi üçün açıq, məntiqli və sənədləşdirilmiş alternativ izah ortaya qoyur.

Şiryayev isə bu faktı nəzərə almadan “3 ton hasilat – 24 ton ixrac” müqayisəsindən birbaşa Rusiya qızılı nəticəsinə gəlir.

Rusiyadan qızıl idxalının izi haradadır?

Əgər iddia doğrudan da Rusiyadan gətirilmiş qızılın Azərbaycandan Qərbə re-eksport edilməsidirsə, normal halda bu zəncirin ən azı bir hissəsi xarici ticarət statistikasında görünməlidir. 2026-cı ilin ilk yarısında Azərbaycanın qızıl idxalı cəmi 91,5 kiloqram olub. Bunun 72,4 kq-ı Türkiyədən, 19 kq-ı İsveçrədən, 0,1 kq-ı BƏƏ-dən gətirilib. Göründüyü kimi, açıq statistikada Rusiyadan Azərbaycana onlarla ton qızıl gətirilməsini göstərən məlumat yoxdur.

Bu, nəzəri olaraq qeyri-rəsmi və ya başqa sxemlərin mövcudluğunu avtomatik istisna etmir. Amma belə bir iddianı irəli sürən şəxs artıq bunu sübut etməlidir: qızılın mənşəyi, Azərbaycana daxilolma marşrutu, gömrük sənədləri, satıcı və alıcılar, affinaj və tranzit zənciri göstərilməlidir.

Bunların əvəzinə sadəcə hasilatla ixracı müqayisə etmək ciddi ittiham üçün yetərli deyil.

Re-eksportun Ermənistan nümunəsi

Bunun ən aydın nümunələrindən biri Ermənistandır. 2024-cü ildə Ermənistan Rusiyadan təxminən 84,5 ton, 5,9 milyard dollarlıq emal olunmamış qeyri-monetar qızıl idxal edib və həmin il 77,5 ton qızıl ixrac edib.

Burada mənşə ölkəsi, idxal həcmi və sonrakı ixrac istiqamətləri statistikada aydın görünür. Dünya Bankı da Ermənistanın sanksiyalar fonunda Rusiya mallarının re-eksport və tranzit mərkəzlərindən birinə çevrildiyini ayrıca qeyd edib. Azərbaycanla bağlı Şiryayevin iddiasında isə bu cür zəncir təqdim olunmur.

“Deutsche Welle” hansı faktları yoxlamalı idi?

Məsələnin digər tərəfi iddianın yayımlandığı platformadır.

“Deutsche Welle” kimi beynəlxalq media qurumu Azərbaycanın Rusiya qızılını sanksiyalardan yayındıraraq Qərbə çıxarması kimi ciddi ittihamı yayımlayarkən qarşı tərəfin açıq məlumatlarını da yoxlamalı idi.

ARDNF-nin 200 tonluq qızıl ehtiyatı, 2026-cı ilin I rübündə 21,9 ton qızıl satması, həmin dövrdə Böyük Britaniyaya 21,902 ton qızıl ixrac edilməsi və Rusiyadan böyük həcmdə qızıl idxalının statistikada görünməməsi araşdırılması çətin faktlar deyil.

Jurnalistikanın əsas prinsiplərindən biri ittihamın yoxlanılması, qarşı tərəfin mövqeyinin öyrənilməsi və oxucuya bütün mühüm faktların təqdim edilməsidir. Əgər bunlar edilmədən bir ekspertin ehtimalı fakt təsiri ilə auditoriyaya təqdim olunursa, artıq balans və faktların yoxlanılması prinsipləri ilə bağlı ciddi suallar yaranır.

Şiryayevin iddiasını sübut etmək öhdəliyi də onun öz üzərindədir. Mövcud açıq məlumatlar 24 tonluq ixrac üçün Rusiya qızılı versiyasından fərqli və sənədləşdirilmiş izah ortaya qoyur. Bunun əksini iddia edən tərəf konkret sübut təqdim etməlidir.

Vyaçeslav Şiryayev bu sübutları ortaya qoya bilmirsə, irəli sürdüyü ittihamı geri götürməlidir. “Deutsche Welle” isə faktların yoxlanılmadan və qarşı tərəfin mövqeyi araşdırılmadan yayımlandığı müəyyən edilərsə, materiala düzəliş etməli və balansı bərpa etməlidir. Əsassız ittiham böhtan xarakteri daşıyırsa, həm Şiryayevin, həm də “Deutsche Welle”nin üzr istəməsi jurnalist məsuliyyətinin tələbidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar