Tanınmış türkiyəli jurnalist Erdem Atay Azərbaycana qarşı keçirilən etiraz aksiyalarını sərt tənqid edib.
Lent.az xəbər verir ki, jurnalist çıxışı zamanı Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinə zərər vurmağa çalışan qüvvələrə etirazını bildirib.
Erdem Atay hər iki ölkənin strateji müttəfiq olduğunu vurğulayaraq aralarında qarşıdurma yaradılmasını qəbuledilməz adlandırıb.
“İkisi də mənim dövlətimdir. Əlbəttə, Türkiyə Cümhuriyyətinin maraqları mənim üçün prioritetdir. Amma Azərbaycan da mənim dövlətimdir, mənim qardaş dövlətimdir. Mən bu ayrılığı qəbul edə bilmirəm. Kim bu iki ölkə arasındakı münasibətləri pozmağa çalışırsa, İsrailə, Amerikaya və Cənubi Kiprə xidmət etmiş olur”, – deyə jurnalist bildirib.
Atay Türkiyədə bəzi qrupların Azərbaycan səfirliyi qarşısında dəfələrlə aksiya keçirməsinə də münasibət bildirib.
“Siz Azərbaycan səfirliyi qarşısında səkkiz dəfə aksiya keçirmisiniz. Ölkədə bu qədər qanunsuzluq, haqsızlıq baş verir, amma susursunuz. Azərbaycanın daxili işlərinə qarışmaq sizə nə verir? Azərbaycan bizim daxili işlərimizə müdaxilə etsəydi, buna necə reaksiya verərdiniz?” – deyə o sual edib.
Jurnalistin sözlərinə görə, Azərbaycan və Türkiyə Ermənistan, İran, Rusiya, Qara dəniz, Xəzər dənizi və təhlükəsizlik məsələlərində sıx əməkdaşlıq etməlidir.
“İki türk dövlətinin çox mühüm və strateji tərəfdaşlıq etməli olduğu sahələr var. Türkiyə Azərbaycan üçün çox şey edib, Azərbaycan da Türkiyə üçün. İndi biz kimin daha çox iş gördüyünü mü mübahisələndirəcəyik? Sizin məqsədiniz şiə-sünni qarşıdurması yaradaraq iki türk dövlətini bir-birinə düşürməkdir?” – deyə Erdem Atay qeyd edib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri ətrafında yaranan müzakirələrə də toxunub. Jurnalist etirazların dayandırılmasını Prezidentin səfərinin baş tutmaması ilə əlaqələndirərək aksiya təşkilatçılarının əsl məqsədini sual altına alıb.
“İlham Əliyev Türkiyəyə gəlmədiyi üçün aksiyaları dayandırırsınız. Deməli, sizin probleminiz onun Türkiyəyə gəlməsi idi? Türk Dövlətləri Təşkilatının toplantısında İlham Əliyevlə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanın birlikdə görüntü verməsi çox gözəl mesaj olmazdımı?” – deyə jurnalist qeyd edib.
Erdem Atay Fələstin məsələsi ilə bağlı Azərbaycana etiraz edən qrupları da ikili standartlarda ittiham edib. O, Fələstin Prezidenti Mahmud Abbasın Cənubi Kipr Rum Administrasiyasının rəhbəri Nikos Xristodulidislə görüşünü xatırladaraq həmin qrupların buna münasibət bildirməməsini tənqid edib.
“Amerika səfirliyinin qarşısına niyə getmirsiniz? Fransa səfirliyinin qarşısında niyə aksiya keçirmirsiniz? Fələstin rəhbərliyi Cənubi Kiprə səfər edir, amma buna bir söz demirsiniz. Azərbaycana gələndə isə etiraz edirsiniz”, – deyə Atay vurğulayıb.
Jurnalist çıxışında Türkiyə ilə Azərbaycan arasında münasibətlərin qorunmasının vacibliyini qeyd edib.
“Türk dünyasını parçalamağa çalışırsınız. Sizin etdiyiniz İsrailin maraqlarına xidmət edir. Türkiyə ilə Azərbaycanın düşmənçiliyini, qarşıdurmasını istəyən yalnız imperializmdir. Bunu ağlınızda saxlayın”, – deyə Erdem Atay bildirib.
Əraflı videoda: