Azərbaycanda havanın çirklənməsi ekoloji problemlərlə yanaşı, insan sağlamlığı üçün də ciddi təhlükə yaradır. Sənaye müəssisələri, avtomobillərin çoxluğu və coğrafi amillər bəzi şəhər və rayonlarda vəziyyəti daha da ağırlaşdırır. Bəs ölkəmizdə hansı ərazilərin havası daha çox çirklənir və bunun əsas səbəbləri nələrdir?
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev Lent.az-a açıqlamasında bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda çirkli havası olan bir neçə şəhərin statistikasını çıxarıb:

Azərbaycanda atmosfer havasının çirklənməsi ciddi ekoloji problemlərdən biridir. Xüsusilə sənaye müəssisələrinin fəaliyyəti, avtomobillərin sayının artması, neft-qaz hasilatı, enerji istehsalı və müxtəlif təsərrüfat sahələrindən atmosferə atılan tullantılar bəzi şəhər və rayonlarda havanın keyfiyyətinə mənfi təsir göstərir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) atmosfer havasının keyfiyyəti ilə bağlı müəyyən etdiyi normalar mövcuddur. Havada zərərli hissəciklərin miqdarı mikroqram/kubmetr ilə ölçülür. Hər kubmetr havada 10 mikroqramdan, 35 mikroqrama qədər olan zəhərli hava çirkli mühit hesab olunur.
Atmosferin çirklənməsinə səbəb olan mənbələr əsasən iki qrupa bölünür: stasionar və qeyri-stasionar mənbələr.
Stasionar mənbələrə zavodlar, fabriklər, istilik elektrik stansiyaları və digər sənaye müəssisələri daxildir. Qeyri-stasionar mənbələr isə əsasən avtomobillər, yük maşınları və digər nəqliyyat vasitələridir. Bu mənbələrdən atmosferə atılan zərərli maddələr havanın keyfiyyətini aşağı salır.
Azərbaycanda atmosferin çirklənməsi baxımından diqqət çəkən ərazilərdən biri Kür-Araz ovalığıdır. Xüsusilə Kür çayının aşağı axını boyunca yerləşən yaşayış məntəqələrində coğrafi şərait və sənaye fəaliyyəti havanın çirklənməsinə təsir göstərən amillərdəndir.
Bu baxımdan Mingəçevirdə yerləşən iri istilik elektrik stansiyasının fəaliyyəti də nəzərə alınmalıdır. Elektrik enerjisinin istehsalı zamanı istifadə olunan yanacağın yandırılması nəticəsində atmosferə müxtəlif qazlar və zərərli hissəciklər buraxılır. Hava şəraitindən və relyefdən asılı olaraq bu maddələrin müəyyən hissəsi ətraf ərazilərdə toplana bilər.
Xəzər dənizi sahilində yerləşən bəzi ərazilərin dünya okeanı səviyyəsindən aşağı olması da yerli hava dövranına təsir göstərə bilən coğrafi amillərdəndir. Xüsusilə küləyin zəif olduğu və atmosferdə hava mübadiləsinin məhdudlaşdığı şəraitdə çirkləndirici maddələrin konsentrasiyası arta bilər.
Neftçala rayonu atmosferin çirklənməsi baxımından diqqət tələb edən ərazilərdən biridir. Rayonda neft-qaz hasilatı ilə bağlı fəaliyyət, eləcə də ərazinin coğrafi xüsusiyyətləri havanın keyfiyyətinə təsir göstərə bilər. Sənaye fəaliyyəti nəticəsində yaranan tullantıların atmosferə buraxılması ekoloji riskləri artıran amillərdəndir.
Hacıqabul rayonunda da atmosferin çirklənməsinə təsir göstərən müxtəlif mənbələr mövcuddur. Ərazidən neft-qaz kəmərlərinin keçməsi, rayonun mühüm nəqliyyat qovşaqlarından biri olması və avtomobil hərəkətinin intensivliyi havanın keyfiyyətinə təsir edə bilər. Xüsusilə nəqliyyat vasitələrinin daxili yanma mühərriklərindən ayrılan qazlar atmosferin çirklənməsinə səbəb olur.
Salyan şəhərində də oxşar vəziyyət müşahidə oluna bilər. Şəhərin Bakı-Astara avtomobil və dəmir yolu istiqamətində yerləşməsi nəqliyyatın atmosferə təsirini artırır. Avtomobillərdən ayrılan işlənmiş qazlar, emissiyaları və müxtəlif istehsal müəssisələrinin fəaliyyəti havanın keyfiyyətinə təsir göstərən əsas amillər sırasındadır.
Şirvan şəhərində isə sənaye fəaliyyəti, nəqliyyat və atmosferdə toz hissəciklərinin yayılması çirklənmə baxımından nəzərə alınmalı məsələlərdir.
Abşeron rayonunda atmosferin çirklənməsinə təsir göstərən əsas səbəblərdən biri sürətli urbanizasiya və nəqliyyatın intensivliyidir. Bununla yanaşı, ərazinin quraq iqlimi, bitki örtüyünün bəzi yerlərdə seyrək olması və güclü küləklər toz hissəciklərinin havaya qalxmasına şərait yaradır.
Küləkli havalarda ətraf ərazilərdən daşınan toz hissəcikləri yaşayış məntəqələrində havanın keyfiyyətini aşağı sala bilər.
Ələt qəsəbəsində də nəqliyyat və logistika fəaliyyəti mühüm amildir. Xüsusilə ağırtonnajlı yük avtomobillərinin hərəkəti, liman fəaliyyəti və müxtəlif yüklərin daşınması zamanı yaranan tullantılar atmosferin çirklənməsinə təsir göstərə bilər.
Sumqayıt və Bakı şəhərləri də atmosfer havasının keyfiyyəti baxımından xüsusi diqqət tələb edir. Sumqayıtda sənaye müəssisələrinin fəaliyyəti, Bakıda isə həm sənaye, həm də nəqliyyat tullantıları əsas çirklənmə mənbələrindəndir.
Paytaxtda avtomobillərin sayının çox olması (700-800 min) atmosferə atılan zərərli qazların həcmini artırır. Xüsusilə daxili yanma mühərrikləri ilə işləyən nəqliyyat vasitələri havaya müxtəlif çirkləndirici maddələr buraxır.
Bundan başqa, avtomobil təkərlərinin yol örtüyü ilə sürtünməsi, əyləc sistemlərinin aşınması və asfalt üzərində yaranan toz hissəcikləri də havanın çirklənməsinə səbəb olur. Bu amillər birlikdə Bakı şəhərində atmosferin keyfiyyətinə mənfi təsir göstərir.
Ağcabədi rayonunda pambıqçılıq və kənd təsərrüfatı məhsullarının emalı, həmçinin təsərrüfatlarda pestisid və herbisidlərdən istifadə ətraf mühitə təsir göstərə bilər. Bu maddələrdən düzgün istifadə olunmadıqda torpaq, su və hava üçün əlavə çirklənmə riski yaranır.
Atmosferin çirklənməsi ilə bağlı diqqət yetirilməli məsələlərdən biri də Bak-Astara avtomobil yoludur. Bu istiqamətdə intensiv nəqliyyat hərəkəti nəticəsində yol boyunca işlənmiş qazlar və toz hissəcikləri yayılır.
Xüsusilə magistral yollara yaxın ərazilərdə yerləşən yaşayış binaları, məktəblər, uşaq bağçaları və xəstəxanalar üçün bu vəziyyət müəyyən sağlamlıq riskləri yarada bilər. Buna görə də belə müəssisələrin yerləşdirilməsi zamanı avtomobil yollarından məsafə, nəqliyyatın intensivliyi və havanın keyfiyyəti nəzərə alınmalıdır”.
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda dərc edilib.
![]()