Sınaqdan çıxan qonşuluq: Azərbaycan-İran münasibətlərində yeni mərhələ...
Azərbaycanla İran arasında münasibətlər son illərdə müxtəlif sınaqlardan keçsə də, bölgədə baş verən son hadisələr iki qonşu dövlət arasında dialoqun və qarşılıqlı etimadın nə qədər vacib olduğunu bir daha göstərib. Xüsusilə İranın üzləşdiyi müharibə və ağır təhlükəsizlik böhranı zamanı Bakının tutduğu mövqe münasibətlərin yalnız siyasi bəyanatlardan ibarət olmadığını, böhran anında praktik əməkdaşlığa çevrilə bildiyini ortaya qoyub. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanın həmin dövrdə ölkəsinə göstərdiyi yardım barədə son açıqlamaları da bunun Tehran tərəfindən açıq şəkildə etiraf edilməsi kimi qiymətləndirilə bilər.
Pezeşkian jurnalistlər qarşısında çıxışı zamanı müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərildiyini xüsusi vurğulayıb. İran Prezidentinin sözlərinə görə, böhranın müəyyən mərhələsində yolların istifadəsi, bank və səfirliyin fəaliyyəti ilə bağlı məhdudiyyətlər yaranıb, lakin Azərbaycan rəhbərliyi ilə aparılan qısa danışıqlardan sonra bu problemlər aradan qaldırılıb. O, müharibə zamanı Rusiyadan İrana göndərilən yardımların da Azərbaycan ərazisindən keçdiyini, eyni zamanda Bakının öz imkanları hesabına yardım etdiyini bildirib.
Bu açıqlamanın əhəmiyyəti ondadır ki, İran Prezidenti söhbətin yalnız siyasi həmrəylikdən getmədiyini açıq şəkildə ortaya qoyub. Müharibə şəraitində hər bir nəqliyyat marşrutu, sərhəd-keçid imkanları və təchizat xətti strateji əhəmiyyət daşıyır. Azərbaycanın İranla şimal istiqaməti arasında mühüm tranzit mövqeyə malik olması böhran dövründə özünü xüsusilə göstərib. Rusiya Prezidenti Vladimir Putin də martın 11-də Prezident İlham Əliyevlə telefon danışığı zamanı Rusiyanın İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılan şəraitə və Rusiya vətəndaşlarının İrandan təxliyəsinə göstərilən operativ köməyə görə təşəkkür edib.
Azərbaycan bununla da faktiki olaraq həm öz yardımını göndərib, həm də üçüncü ölkələrdən İrana çatdırılan yüklər üçün təhlükəsiz logistika imkanları yaradıb. Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Azərbaycan ərazisindən üçüncü ölkələrin humanitar yüklərinin daşınması və mülki şəxslərin təxliyəsi üçün də istifadə olunub. Bu detal Bakının böhran zamanı yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş regional humanitar və tranzit rol oynadığını göstərir.
Ancaq Azərbaycanın dəstəyi logistika ilə məhdudlaşmayıb. Prezident İlham Əliyevin tapşırığı ilə martın 10-da İrana 30 tona yaxın ərzaqla yanaşı dərman və tibbi ləvazimatlardan ibarət humanitar yardım yola salınıb. Martın 18-də isə daha böyük – ümumilikdə 82 tonluq növbəti yardım karvanı İrana göndərilib. Bu yardımın 76 tonunu ərzaq, 4 tonunu dərman preparatları, 2 tonunu isə tibbi avadanlıq təşkil edib.
Aprelin 2-də Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edərək göstərilən humanitar yardıma görə təşəkkür edib. Azərbaycan Prezidenti isə yardımların davam etdiriləcəyini və növbəti partiyanın da yaxın zamanda göndəriləcəyini bildirib. Mayın 26-da baş tutan növbəti telefon danışığında İran Prezidenti ölkəsinin ağır günlərində Azərbaycanın göstərdiyi humanitar yardımlara görə bir daha minnətdarlığını ifadə edib. İlham Əliyevin həmin söhbətdə səsləndirdiyi fikir isə Bakının yanaşmasını kifayət qədər aydın ifadə edib: Azərbaycan və İran həm yaxşı, həm də ağır günlərdə bir-birinin yanında olmalıdır.
İki dövlət arasındakı münasibətlərdə humanitar və mənəvi jestlərin də xüsusi çəkisi olub. İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin həlak olmasından sonra Prezident İlham Əliyev martın 4-də şəxsən İranın Bakıdakı səfirliyinə gedib, başsağlığı kitabına ürək sözlərini yazıb və səfirlə görüşüb. Dövlət başçısı İran səfirinə Xamenei ilə əvvəlki görüşlərini xoş təəssüratlarla xatırladığını da bildirib. Bu addım İran siyasi mədəniyyətində və diplomatik ənənəsində xüsusi mənası olan yüksək səviyyəli ehtiram jesti kimi qəbul edilə bilər.
Maraqlıdır ki, martın 8-də Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edərkən məhz dövlət başçısının İran səfirliyinə şəxsən getməsinə və humanitar yardım təşəbbüsünə görə təşəkkür edib. Bu fakt göstərir ki, Bakının atdığı addımlar Tehranda yalnız protokol xarakterli hadisə kimi deyil, siyasi və mənəvi dəstək kimi qiymətləndirilib.
Son açıqlamalardan sonra Prezident İlham Əliyevin Məsud Pezeşkiana açıq şəkildə təşəkkür etməsi də bu xəttin davamıdır. Azərbaycan Prezidenti İran liderinin Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözləri yüksək qiymətləndirərək vurğulayıb ki, Azərbaycan və İran xalqları çətin və ağır günlərdə həmişə bir-birinin yanında olublar. Dövlət başçısının sözləri ilə desək, bölgədə baş verən son hadisələr fonunda “Azərbaycanın qardaş İran xalqının yanında olduğu” bir daha özünü göstərib.
Əslində, hazırkı yaxınlaşmanın əsası müharibədən əvvəl formalaşmağa başlayıb. Məsud Pezeşkianın 2025-ci ilin aprelində Azərbaycana rəsmi səfəri zamanı tərəflər münasibətlərdə yeni imkanların yarandığını vurğulayıblar. Prezident İlham Əliyev əməkdaşlığın siyasi, iqtisadi və digər istiqamətlərdə dərinləşdirilməsi üçün böyük potensial olduğunu bildirərkən, Pezeşkian Azərbaycan xalqını “əziz, dost, qardaş və demək olar ki, qohum” xalq adlandırıb.
Həmin ilin iyulunda Xankəndidə baş tutan növbəti görüşdə hər iki lider aprel səfərinin Azərbaycan–İran münasibətlərində yeni səhifə açdığını qeyd edib. Görüşdə Bakı–Tehran və Bakı–Təbriz aviareyslərinin artırılması, Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi və digər layihələr müzakirə olunub. İran Prezidenti o zaman da qarşıdurma dövründə Azərbaycanın göstərdiyi dəstək və həmrəyliyə görə minnətdarlığını bildirib.
2026-cı ildə isə liderlər arasında telefon diplomatiyası faktiki olaraq fasiləsiz xarakter alıb. Yanvarın 31-də münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında inkişafı müzakirə olunub. Martın 8-də humanitar məsələlər, aprelin 2-də yardımın davam etdirilməsi, aprelin 8-də atəşkəs və ikitərəfli əməkdaşlıq, mayın 26-da isə münasibətlərin gələcək perspektivləri gündəmə gəlib. Bu təmasların intensivliyi Bakı ilə Tehran arasında problemlərin üçüncü tərəflər və ya kəskin ritorika vasitəsilə deyil, birbaşa dialoqla həll edilməsinə üstünlük verildiyini göstərir.
Bütün bunların fonunda Pezeşkianın son etirafı ayrıca siyasi məna daşıyır. Çünki dövlətlər arasındakı münasibətlərin real səviyyəsi adətən rahat dövrlərdə deyil, böhran zamanı ortaya çıxır. İranın ağır vəziyyətlə üzləşdiyi məqamda Azərbaycan sərhəd, tranzit, logistika və humanitar yardım imkanlarını işə salıb. Tehran isə sonradan bu dəstəyi açıq şəkildə etiraf edib.
Bu mənada Azərbaycan–İran münasibətlərində hazırda müşahidə olunan proses sadəcə diplomatik istiləşmə deyil. Qarşılıqlı etimadın konkret addımlarla bərpa olunması, liderlər arasında birbaşa kommunikasiyanın işlək vəziyyətdə saxlanılması və iqtisadi-nəqliyyat layihələrinin siyasi dialoqla paralel aparılması münasibətlərin daha dayanıqlı modelə keçməsi üçün zəmin yaradır.
İki ölkə arasında fikir ayrılıqlarının tamamilə aradan qalxdığını söyləmək tez olardı. Bakı ilə Tehranın bəzi regional məsələlərə yanaşmalarında fərqlər bundan sonra da meydana çıxa bilər. Lakin son hadisələrin göstərdiyi əsas nəticə budur: tərəflər münasibətlərdə yaranan çətinlikləri böyütməkdənsə, birbaşa danışıq yolu ilə idarə etməyin mümkün olduğunu nümayiş etdiriblər. Pezeşkianın Azərbaycanla bağlı son sözləri və İlham Əliyevin ona verdiyi cavab da məhz bu yeni siyasi atmosferin ifadəsi sayıla bilər.
Başqa sözlə, qonşuluğun əsl dəyəri böhran anında ölçülür. Son müharibə isə Azərbaycanla İran arasında münasibətlərin ən ağır sınaqlardan birində qarşılıqlı dəstək, humanitar həmrəylik və işlək siyasi dialoq üzərində dayana bildiyini göstərib.