Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rəyasət Heyəti Ümumrusiya Xalq Cəbhəsinin lideri Vladimir Putinə və hakim "Vahid Rusiya" partiyasının sədri Dmitri Medvedyevə müraciət edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Ali Məhkəməsinin ÜAK-ın qeydiyyatının ləğvi haqqında çıxardığı qərarla bağlı olan bu müraciət həm də Ümumrusiya Xalq Cəbhəsinin mərkəzi qərargahının həmsədrləri Stanislav Qovoruxinə, Olqa Timofeyevaya da ünvanlanıb.
Müraciətdə deyilir:
"Bu gün əminliklə demək olar ki, Ümumrusiya Azərbaycan Konqresi və onun regional bölmələri onların qarşısındakı vəzifələrin öhdəsindən gələ bilib, müasir Rusiyanın dövlət və milli siyasətində əhəmiyyətli və hamı tərəfindən qəbul edilən əlaqə vasitəsi olub. ÜAK-ın Rəyasət Heyətinin "Vahid Rusiya" partiyası ilə uğurlu əlaqələri yaranıb. Rusiyada prezident və Dövlət Dumasına seçkilərdə Azərbaycan diasporu hakim partiyanı aktiv şəkildə dəstəkləyib, öz səsini Vladimir Putinin Rusiya Federasiyasının prezidenti seçilməsi üçün verib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Ümumrusiya Azərbaycan Konqressinin Rəyasət Heyətinin üzvləri Ali Məhkəmənin qərarını qeyri-məhsuldar hesab edir. Fikrimizcə, 200 il Rusiya xalqı ilə vahid tarixi-coğrafi məkanda yaşayan xalqın ictimai diaspor təşkilatının ləğvi Azərbaycan diasporu tərəfindən düzgün qəbul edilmir".
ÜAK-ın Rəyasət Heyətinin üzvləri yuxarıda qeyd olunan təşkilatların rəhbərlərindən məsələnin ədalətli həllinə yardım göstərməyi xahiş ediblər.
**
18:13
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) regional bölmələrinin rəhbərləri Rusiya prezidenti Vladimir Putinə müarcət edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, təşkilatın Rusiya üzrə 62 regional bölməsinin rəhbəri adından ünvanlanan müraciət Rusiya Ali Məhkəməsinin ÜAK-ın qeydiyyatının ləğv edilməsi qərarı ilə bağlı olub.
Müraciətdə deyilir:
"Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti yarandığı gündən Rusiyada vətəndaş sülhünün və millətlərarası dostluğun möhkəmlənməsinə istiqamətlənib. Biz, demək olar ki, Rusiyanın bütün regionlarında XX yüzilliyin 90-cı illərinin əvvəlində, SSRİ-nin süqutu dövründə regionlarda yaşayan xalqlar arasında tükənmiş milli birlik, dostluq və qardaşlıq dəyərlərini diriltdik. Regional təşkilatlar Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları arasında qarşılıqlı sərfəli əməkdaşlıq meydançasının genişləndirilməsinə yardım edib. ÜAK-ın regional bölmələri Azərbaycan əsilli vətəndaşların Rusiyanın mədəniyyət və hüquq sahəsinə inteqrasiyasına yardım etmək üçün böyük işlər görüb".
Müraciətdə o da qeyd olunub ki, ÜAK-ın ləğvi müxtəlif destruktiv qüvvələrin və təşkilatların həmyerlilərimizi öz tərəflərinə çəkməsinə səbəb ola bilər ki, bu da mənfi nəticələr veriə bilər: "Biz Ümumrusiya İctimai Təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin Rusiyadakı Azərbaycan diasporunun gələcək inkişafına dair bir sıra böyük siyasi, sosial-iqtisadi, mədəni və digər məsələlərin həllində vacib və aktiv rol oynadığını nəzərə alaraq, ölkənin ali rəhbərliyindən Rusiya Ali Məhkəməsinin ÜAK-ın ləğv edilməsi qərarı ilə bağlı yaranan vəziyyətə anlayışla yanaşmasını xahiş edirik. Ümid edirik ki, Rusiya Federasiyasının yuxarı məhkəmə instansiyaları dəlillərimizə və narahatlığımıza diqqətlə yanaşacaq, iki ölkənin və qardaş xalqların rifahı naminə bundan sonra uğurlu fəaliyyətə yardım edəcək müsbət qərar qəbul edəcəklər".