Bakıda ölümdən dönən “amfibiya adam”ın şok hekayəti
14 noyabr 2012 18:30 (UTC +04:00)

Bakıda ölümdən dönən “amfibiya adam”ın şok hekayəti

Anadan qüsurlu doğulub. Beş yaşında qızılca xəstəliyinə tutulandan sonra həkimlər onun nəfəs borusunda problem olduğunu aşkarlayıblar. Düz 60 ildir ki, yaşamaq uğrunda mübarizə aparır...

Rəfael Hüseynov 1948-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 1953-cü ildə ağır mərəzə düçar olması balaca Rəfaelin səhhətinə öz damğasını vurub. Nəfəs almağa onsuz da çətinlik çəkən uşaq qızılca xəstəliyinin təsiri ilə daha ağır günlər keçirib: “Gecələr səhərə kimi yata bilmirdim. Yatağıma uzananda elə bilirdim ki, kimsə məni boğur. Axırda valideynlərim məcbur olub, məni xəstəxanaya apardılar. İlkin müayinədən sonra həkimlər dedilər ki, bu uşağın nəfəs borusunda ciddi problem var. Mən o vaxt bildim ki, hər bir insanın qırtlağı özünün şəhadət barmağı böyüklükdə olmalıdır. Mənim qırtlağım isə iynənin ucu boyda olduğu üçün nəfəs almağa çətinlik çəkirdim. Qızılca xəstəliyinə tutulandan sonra vəziyyətim bir qədər də ağırlaşdı”.

Rəfael kişi uşaqlıq illərini kədərlə xatırlayır. Deyir ki, tay-tuşları ilə doyunca oynamaq heç vaxt ona nəsib olmayıb. Tez-tez xəstələndiyi üçün orta məktəbə həmyaşıdlarından bir il gec gedib: “Nəfəs alanda bəzən xoruz kimi səslər çıxarırdım. Buna görə də sinif yoldaşlarım mənə gülürdülər. Məhəllədə uşaqlar mənimlə bu cür davrandıqları üçün sinif yoldaşlarımın tənəsinə bir o qədər də əhəmiyyət vermirdim. Onsuz da tez-tez xəstələndiyim üçün dərs ilinin yarısını evdə keçirirdim. Valideynlərim kasıb olduğuna görə, məni müalicə elətdirə bilmirdilər. Uşaq olsam da başa düşürdüm ki, mən ancaq möcüzə nəticəsində sağala bilərəm”.

Balaca Rəfael axtardığı “möcüzə”ni qarlı bir qış günü tapıb. Deyir ki, həmin vaxt cəmi 7 yaşı olub: “Yanvar ayı idi. Havalar çox soyuq keçirdi. Həyətdə qarın qalınlığı bir metri keçmişdi. Bir gün valideynlərimin gözündən oğurlanıb, həyətə çıxdım. Uşaqlarla birlikdə təxminən iki saat qartopu oynadıq. Həmin gecə rahat yatdım. Səhər valideynlərim dedilər ki, dünən sənə nə olmuşdu, həmişəkindən bərk xırıldayırdın. Halbuki mən bunu hiss eləməmişdim. Həmin gün başa düşdüm ki, mənim xəstəliyimin dərmanı təmiz hava və qardır”.

Tapdığı yeni müalicə üsulu da Rəfael Hüseynova kömək etmir. Orqanizmi zəif olduğu üçün açıq havada gəzəndə dərhal xəstələnirmiş. Valideynlərinə daha çox əzab verməmək üçün 8-ci sinfi bitirəndən sonra Bakıya gəlir: “Zəif oxusam da, güc-bəla ilə yüngül sənaye texnikumuna qəbul oldum. Beş il sonra texnikumu bitirib, ayaqqabı fabrikində işə düzəldim. Amma tez-tez xəstələndiyim üçün fabrikdə uzun müddət işləyə bilmədim. 1968-ci ildə 2-ci qrup əlil kimi təqaüdə çıxdım”.

Rəfael Hüseynov səhhətindəki problemləri aradan qaldırmaq üçün uzun illər mübarizə aparıb. Dəfələrlə Bakıda və Moskvada məşhur xəstəxanalarda müalicə olunub. Deyir ki, Moskvada nə qədər tanınmış həkim varsa, hamısı onu müayinə edib: “Heç kim mənim dərdimin çarəsini tapa bilmirdi. Moskvada Botkin adına xəstəxanada yatanda məşhur professor Vasilenko ilə tanış oldum. Vasilenko mənə dedi ki, orqanizmin çox zəifdir, özündə bir az güc tapan kimi səni əməliyyat edəcəm. Təkrar Bakıya qayıtdım. Vasilenko mənə tapşırmışdı ki, nə vaxt 20 kibrit çöpünü yerdən götürüb öz qutusuna yığsan, yanıma gəl. Başa düşdüm ki, professor mənim 20 dəfə əyilib-qalxmağımı istəyir. Həmin gündən idman eləməyə başladım. Vasilenkonun dediyi kimi, yerə 20 kibrit çöpü düzdüm. Sonra isə əyilib onun birini qaldırdım. Hiss etdim ki, ikinci dəfə əyilsəm, qalxa bilməyəcəm. Buna görə də idmanı yarımçıq saxladım. Ertəsi gün iki kibrit çöpü qaldıra bildim. Üçüncü gün qərar verdim ki, bu dəfə yerdən üç kibrit çöpü qaldıracağam. İkisini rahat qaldırdım. Üçüncü kibrit çöpünü əyilib götürdüm, amma nə qədər çalışsam da dikələ bilmədim. Üzü üstdə döşəmənin üstünə yıxıldığım üçün həmin gündən idmanla məşğul olmağın daşını atdım”.

Uzun müddət xəstə yatması Rəfael Hüseynovun əsəblərini tarıma çəkir. Düçar olduğu bu ağır mərəzdən qurtulmağın yolunu tapa bilməyən Rəfael kişi 1975-ci ildə intihar etməyə qərar verir: “İntihar etmək üçün Şıx çimərliyini seçmişdim. Sahildən bir kubik tapıb, boynuma bağladım. Kubiki ona görə boynuma bağlamışdım ki, xilas olmaq istəsəm də, üzüb sahilə çıxa bilməyim. Körpünün üstünə çıxıb, özümü suya atdım. Suyun dibinə enəndə başa düşdüm ki, həyat nə qədər ağır olsa da, yenə yaşamaq istəyirəm. Əlimi boynumdakı kubikə atdım. O ağırlıqda kubik çevrilib olmuşdu yüngül bir saman çöpü. Bir barmağımla onu çıxarıb yerə atdım. Sonra isə əl-qol atıb, sudan çıxmağa çalışdım. Sanki ilahidən mənə qüvvət gəlmişdi. İndi daha rahat nəfəs alır, özümü çox sağlam hiss edirdim. Üzə-üzə sahilə çıxdım. Oktyabr ayı olsa da, hava günəşli idi. Paltarımı qurudub evə qayıtdım. Gecə rahat yatdım. Həmin gündən etibarən həyatımı dənizə bağladım”.

Həmsöhbətimiz intihara cəhd etdiyi günü həyatının dönüş nöqtəsi sayır: “Həmin gün başa düşdüm ki, mən suda daha rahat nəfəs alıram. Ertəsi gün yenə dənizə getdim. Təxminən iki saat suda qaldım. Həmin gecə daha yaxşı yatdım. Bu minvalla dənizə getməyi adət halına gətirdim. Hətta qarlı qış günlərində də dənizdən ayrı qala bilmirəm. Oktyabrın 20-də atamın vəfatının 20-ci ildönümü tamam oldu. Onun qəbrini ziyarət etmək üçün ötən həftə İsmayıllıya getdim. Amma orda dəniz olmadığı üçün ertəsi gün Bakıya qayıtdım. Düz 37 ildir ki, hər gün dənizə gedirəm. Yazda və yayda dörd saat, payızda və qışda isə iki saat suda qalıram. Özümü yaxşı üzgüçü sayıram. Hava yaxşı olanda bəzən sahildən 2 kilometr uzaqlaşıram. Suyun altı ilə ən azı 60 metr üzürəm. Dənizdən çıxandan sonra isə bir saat təmiz havada gəzirəm”.

53 kiloqram çəkisi olan qəhrəmanımız üzərində 22 kiloqram qurğuşun gəzdirir. Deyir ki, 5 kiloqram qurğuşun papağının altında, 5 kiloqram qurğuşun isə boğazında olur. Belinə 6, hər ayağına isə 3 kiloqram qurğuşun bağlayır. 22 kiloqram qurğuşunla gəzmək onun üçün bir qədər çətin olsa da, evə qayıdandan sonra daha rahat nəfəs ala bilir: “Mənim həyatımı dənizsiz və idmansız təsəvvür etmək mümkün deyil. Səhər saat 10-da parka gəlir, günorta 2-yə kimi dayanmadan idmanla məşğul oluram. Müxtəlif hərəkətlər edir, turnikdə dartınıram. 65 yaşım olsa da, hər dəfə turnikə qalxanda 10-12 dəfə dartınır, gündə ən azı 3-4 kilometr qaçıram. Son beş ildə iynə-dərmana bir manat da pul verməmişəm. Ötən həftə turnikdən yıxılanda bir barmağım çıxdı. Hətta sınan barmağımı da özümün icad etdiyim üsulla müalicə etdim”.

Rəfael Hüseynov özünü gözü-könlü tox adam sayır. Deyir ki, dünya malında gözü yoxdur: “Xəstə olduğum üçün uşaq vaxtı çox az yemək yeyirdim. Amma idmanla məşğul olmağa başlayandan sonra iştaham açıldı. Ürəyim istədiyi hər şeyi alıb yeməyə imkanım yoxdur. Ayda 120 manat təqaüd alıram. 120 manata nə almaq mümkündürsə, onu alıb yeyirəm. Bu pulla ayda bir-iki kiloqram ət, bir kilo da balıq ala bilirəm. Kasıb adam olduğum üçün qida rasionumda ucuz meyvə-tərəvəz üstünlük təşkil edir. Mən həyatdan dördəlli yapışan insanlardan deyiləm. Amma Allah Təalanın verdiyi ömrü axıra kimi yaşamağı özümə borc bilirəm. Qismət olsa, 100-ü başa vurmaq istəyirəm. Həyatdan bezib öz canlarına qıymaq istəyən adamlara isə məsləhətim budur ki, bu fikirdən əl çəksinlər. Mən bir dəfə intihara cəhd edib, bunun “dadını” görmüşəm. Ölmək, yaşamaqdan da çətindir”.

Seymur Verdizadə
# 13614

Oxşar yazılar

Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02
Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

3 may 2024 , 13:06
 Leysan, dolu, sulu qar   - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

3 may 2024 , 12:27
Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

3 may 2024 , 11:16
İçərişəhərə GİRİŞ BAĞLANIR

İçərişəhərə GİRİŞ BAĞLANIR

3 may 2024 , 11:05
Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

3 may 2024 , 10:55