QHT-lərə Dövlət Dəstəyi Şurasında layihə həyata keçirən təşkilat rəhbərləri ilə görüş olub
05 iyun 2009 18:45 (UTC +04:00)

QHT-lərə Dövlət Dəstəyi Şurasında layihə həyata keçirən təşkilat rəhbərləri ilə görüş olub

Müqavilə öhdəliklərinin qaydasında yerinə yetirilməsi müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri ilə 2009-cu il maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, 3 prioritet fəaliyyət istiqaməti üzrə 45 layihə həyata keçirən təşkilat rəhbərlərinin görüşü oldu. Görüşdə aşağıdakı istiqamətlər təmsil edildi:

1. İnsan hüquq və azadlıqlarının müdafiəsi, demokratik proseslərin inkişafı və vətəndaşların seçki fəallığının artırılması, söz, fikir və ifadə azadlığının genişlənməsi.
2. QHT-lərin institusional inkişafı və onlarda peşəkarlığın artırılması, QHT maarifçiliyi və QHT-lərin ictimaiyyətlə əlaqələrinin (PR) gücləndirilməsi.
3. Elm, təhsil və mədəniyyətin inkişafına dair təşəbbüslərin dəstəklənməsi.

Görüşü Şura Katibliyinin İcraçı direktoru Fərasət Qurbanov açaraq qeyd etdi ki, toplantının məqsədi Şura ilə təşkilatlar arasında layihələrin icrası üzrə imzalanmış müqavilə öhdəliklərinə dəqiq əməl edilməsinin vacibliyini layihə və təşkilat rəhbərlərinin bir daha diqqətinə çatdırmaqdır. F.Qurbanov layihələrin icrasının və əldə edilən nəticələrin effektivliyinin təmin olunması üçün təşkilat rəhbərlərinə müasir metodologiyadan istifadə etməyin və qabaqcıl təcrübədən yararlanmağın zəruriliyini vurğuladı. Şuraya təqdim edilən hesabatların çatışmayan cəhətləri və qüsurları barədə də danışan icraçı direktor belə halların təşkilatların və onun rəhbərlərinin nüfuzuna ciddi xələl gətirdiyini dedi.

Görüşdə çıxış edən Şura üzvü Sahib Məmmədov layihələrin icrası ilə bağlı öz fikirlərini açıqladı. O bildirdi ki, təşkilatlar donorun müqavilə tələblərinə və şərtlərinə əməl etməli, öz nəşrlərində, tədbir və müsahibələrində Şuranın adını, loqo və başqa atributlarını ictimaiyyətə lazımi qaydada təqdim etməyi bacarmalıdırlar.

Çıxış edən Şura üzvü Əliməmməd Nuriyev layihə yerinə yetirən təşkilatlarla Şura və onun Katibliyi arasında qarşılıqlı partnyorluq münasibətlərinin formalaşmasının mühüm əhəmiyyət daşıdığını bildirdi. O qeyd etdi ki, belə münasibətlərin inkişaf etdirilməsi nəticəsində ölkədə vətəndaş cəmiyyəti quruculuğuna real kömək və pozitiv dəstək vermək olar.

Tədbirdə çıxış edən təşkilat rəhbərləri Natiq Əhmədov, Nadir Adilov, Çingiz Qənizadə, Mirəli Hüseynov, İbrahim Əliyev, Hafiz Həsənov, İradə Əliyeva, eləcə də katibliyin əməkdaşları Səfər Alışarlı, Tofiq Həsənov və başqaları müzakirə edilən məsələlərə öz münasibətlərinin bildirdilər və keçirilən görüşün əhəmiyyətini qeyd etdilər.

Şura Katibliyi başqa fəaliyyət istiqamətləri üzrə layihə reallaşdıran təşkilatlarla da analoji görüşlər keçirməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 964

Oxşar yazılar