Şəhərin mərkəzinə giriş 3 manatdır
16 iyun 2009 12:00 (UTC +04:00)

Şəhərin mərkəzinə giriş 3 manatdır

Nəqliyyat Nazirliyinin qadağasını 3 manatla pozublar

Nəqliyyat Nazirliyi ötən həftədən orta tutumlu avtobusları Bakının mərkəzinə buraxmamaq barədə qərar qəbul edib. Bu qadağalar həm sərnişinlərin, həm də sərnişindaşıma xidməti göstərən sürücülərin və iş adamlarının ciddi narazılığına səbəb olub. Səbəb sadədir – sərnişinlər mənzil başına çatmaq üçün xeyli əziyyət çəkməli və bir qədər artıq xərcləməli olur, sürücülər isə sərnişin qıtlığı ilə üzləşdiyindən əvvəlki kimi qazana bilmirlər.

Maraqlıdır ki, Nəqliyyat Nazirliyinin nümayəndələri hələ ötən həftə şəhərə iri tutumlu avtobusların buraxılacağını söyləsələr də, bu vəd özünü doğrultmayıb. Əvəzində şəhərin mərkəzinə hərəkəti məhdudlaşdırılan avtobusların bəzisi bu qadağalardan azad olunub. Bu gün səhər Lent.az-a daxil olan məlumatlara görə, metronun “Sahil” stansiyasınadək işləyən 65 saylı marşrut avtobusunun “İçərişəhər” stansiyasınadək hərəkəti bərpa olunub. Əvəzində həmin marşrutun sürücülərindən dispetçer xidmətinə gündəlik 3 manat tutulduğu bildirilir.

Məlumatı dəqiqləşdirmək üçün dərhal həmin avtobusların şəhərin mərkəzə hərəkəti üçün müəyyən edilmiş sonuncu dayanacağa – metronun “Nizami” stansiyası qarşısındakı meydana yollandıq. Məlum oldu ki, qadağalaradək metronun “Nizami” stansiyası qarşısındakı şəhərin mərkəzinə doğru eyni marşrut xətti ilə işləyən 52 və 57 saylı avtobusların sonuncu dayanacağı bura olsa da, 56 saylı marşrutun “İçərişəhər”ə daxil olmasına icazə verilib.

Xatırladaq ki, həmin marşrut xətti üzrə ödən həftəyədək 52 və 57 saylı avtobuslar hərəkət edirdi. İndi isə 2 marşrutun öz xəttindən çıxarılması və bu xəttin 65 saylı marşruta verilməsi əlavə söz-söhbətlərə səbəb olub.

52 və 57 saylı avtobusların sürücüləri deyirlər ki, onlar ötən həftəyədək işlədikləri marşrut xəttinin 65 saylı marşruta verilməsindən xəbərsiz olublar. Vahid adlı sürücü bildirir ki, həmin marşrutun sahibi Nəqliyyat Departamenti ilə centlmensayağı razılaşma əldə edərək onların marşrut xəttini əllərindən alıb: “Biz də eşitmişik ki, onlar hər gün dispetçer xidmətinə əlavə olaraq 3 manat verirlər. Ona görə də onları “İçərişəhər”ə buraxırlar. Bizə isə deyirlər ki, prezident avtobusları şəhərin mərkəzinə buraxmamağı tapşırıb”.

65 saylı avtobusun sürücüləri isə şəhərin mərkəzinədək işləmələri müqabilində onlardan əlavə 3 manat alındığı barədə deyilənləri təkzib edirlər. Nadir Quliyev adlı sürücü deyir ki, onsuz da onlar hər gün dispetçer xidmətinin əməkdaşlarına 1-2 manat pul verirlər: “Amma konkret olaraq, “İçərişəhər”ədək getməyə görə bizdən heç kəs pul almır. Belə söhbət varsa, onu avtobusların yiyəsi bilər, qarajda bu barədə sürücülərə heç nə deyilməyib”.

O ki, qaldı “İçərişəhər”ə 52 və 57 saylı avtobusların deyil, məhz 65 saylı avtobusların buraxılmasına, müsahibimiz bu qərarın Nəqliyyat Departamenti tərəfindən verildiyini deyir. Onun sözlərinə görə, hələ bir müddət əvvəl Zərifə Əliyeva prospekti və “Azneft meydanı”ndakı avtobus dayanacaqlarının ləğv ediləcəyi deyilirdi. Bu isə həmin ərazilərdə nəqliyyat axınının yüksək olması və bunun rəsmi tədbirlər zamanı gediş-gəlişə maneçilik törətməsi ilə əlaqələndirilir.

“Əvvəllər bizim son dayanacağımız “Sahil” metrosunun yaxınlığında idi. Prezident və ölkəyə gələn xarici qonaqlar da həmin küçədən keçib ya Prezident Aparatına ( indi Prezident Adminstrasiyası – red.), ya da əksinə, aeroporta gedir. Ona görə bizi də oradan çıxartdılar ki, həm yol bir az yüngülləşsin, həm də dayanacaqda gözləyən sərnişinlərin sayı azalsın” - deyə, müsahibimiz bildirir.

Nəqliyyat Nazirliyindən isə bildirirlər ki, 65 saylı marşrut avtobuslarının “İçərişər”ədək işləməsinə paytaxt sakinlərinin müraciəti əsasında icazə verilib. Belə ki, bir neçə gün əvvələdək həmin avtobusların da şəhərin mərkəzinə daxil olması qadağan edilib. Lakin sərnişinlər fərdi və kollektiv qaydada həmin əraziyə heç olmasa, bir marşrutun işləməsinə icazə verilməsi üçün Nəqliyyat Nazirliyinə və digər müvafiq strukturlara rəsmi müraciət edib. Nazirlik isə bir günlük araşdırmadan sonra 65 saylı marşrutun “İçərişəhər”ədək işləməsinə razılıq verib.

Nazirlikdə bildirirlər ki, 52 və 57 saylı avtobusların da əvvəlki marşrut üzrə hərəkəti bərpa oluna bilər. Ancaq bu ilk növbədə həmin istiqamətlərə sərnişin axınının səviyyəsindən və marşrut sahiblərinin iritutumlu avtobuslar alıb xəttə buraxmaq imkanından asılıdır.

“Müstəqil Nəqliyyatçılar” İctimai Birliyinin sədri Natiq Ələkbərov deyir ki, şəhər nəqliyyatı mütləq dövlət tərəfindən tənzimlənməlidir. Onun sözlərinə görə, bu tənzimləmə subyektiv amillər deyil, qanunlara əsasən həyata keçirilməlidir.

“Amma indiki halda qanunlar deyil, subyektiv amillər əsas götürülür. Normal halda əvvəlcə yeni avtobuslar xəttə buraxılmalı, onun gün ərzində nə qədər sərnişin daşıya biləcəyi hesablanmalıdır. Yalnız bundan sonra orta tutumlu avtobuslar xəttə çıxarıla bilər. Ancaq indi yeni avtobuslar xəttə buraxılmamış mövcud olanları xətdən uzaqlaşdırırlar. Belə olan halda sürücülər işsiz qalmamaq üçün qeyri-rəsmi sövdələşməyə getməyə məcburdur” - deyə, Natiq Ələkbərov bildir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 869

Oxşar yazılar