Məcburi köçkünlərin “Böyük Qayıdış” proqramı hazırdır
18 iyun 2009 17:30 (UTC +04:00)

Məcburi köçkünlərin “Böyük Qayıdış” proqramı hazırdır

Əli Həsənov: “Problem o qədər dərin və əhatəlidir ki, Azərbaycan onu təkbaşına həll edə bilməz”

“Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair proqramların istiqaməti dəyişdirilib. Biz yardım proqramlarında inkişaf proqramına keçmişik. Əsas məqsəd isə qaçqın və məcburi köçkünləri qayıdışa hazırlamaqdır”.

Lent.az-ın məlumatına görə, bu barədə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdəki çıxışında belə deyib. O, qeyd edib ki, son 16 ildə Azərbaycan hökuməti Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin problemlərin həllinə 720 milyon dollaradək vəsait xərclənib. Həmin vəsait hesabına 61 qəsəbə, 1 milyon kvadratmetrlik 17 min mənzil tikilib və bu mənzillərdə 80 min qaçqın və məcburi köçkün köçürülüb.

“2001-ci ildə yaradılmış Neft Fonduna daxil olan ilk vəsaitlər məhz qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəldilib. Bu günə yeni tikilən qəsəbələrdə məcburi köçkünlərin yaşayışı üçün hər cür infrastruktur yaradılıb. Bu qəsəbələrdə 114 məktəb, xəstəxanalar, tibb məntəqələri və digər sosial obyektlər tikilib” - deyə, Əli Həsənov bildirib.

Komitə sədri vurğulayıb ki, 16 il ərzində qaçqın və məcburi köçkünlərə ümumilikdə 2 milyard dollar vəsait xərclənib. Bunun 753 milyon dolları beynəlxalq təşkilatların payına düşür. Xaricdən bu problemin həllinə yönəldilən vəsaitin 200 milyon dolları BMT-nin qurumlarının, 360 milyonu ABŞ dövlətinə məxsus qeyri-hökumət təşkilatlarının proqramlarının, qalanları isə Avropa, ərəb ölkələri, Türkiyə, İran kimi dövlətlərin payına düşür. Bu illər ərzində Azərbaycan hökumətinə qaçqın və məcburi köçkünlərlə bağlı göstərdiyi birbaşa yardıma görə İtaliya və Yunanıstan dövlətləri fərqlənib.

Əli Həsənovun qeyd edib ki, artıq qaçqın və məcburi köçkünlərin “Böyük Qayıdış” proqramı da hazırdır. Onun sözlərinə görə, işğal olunmuş Azərbaycan torpağı azad olunacağı halda, Azərbaycan dərhal ərazilərin bərpasına və əhalinin məskunlaşmasına başlayacaq.

“Ölkənin iqtisadi imkanları ildən-ilə artır. Biz məcburi köçkünlərin sosial inkişafının gücləndirilməsi üçün müvafiq proqramlar hazırlamışıq və indi onun icrasına başlamışıq. Ancaq bu, o demək deyil ki, torpaqlar işğaldan azad olunandan sonra Azərbaycan özü bu problemin öhdəsindən gələcək. Problem o qədər dərin və əhatəlidir ki, Azərbaycan onu təkbaşına həll edə bilməz. Buna görə də biz beynəlxalq təşkilatların və xarici dövlətlərin yardımından istifadə edəcəyik” - deyə, komitə sədri bildirib.

Elxan SALAHOV
# 1991

Oxşar yazılar