Azərbaycan alimləri Almaniyadakı həmkarları ilə bir araya gəlib
10 iyun 2011 22:34 (UTC +04:00)

Azərbaycan alimləri Almaniyadakı həmkarları ilə bir araya gəlib

Bakı Slavyan Universiteti Almaniyanın Mayns şəhərində bu ölkənin nüfuzlu elm mərkəzi olan Mayns Universitetinin Şərqşünaslıq İnstitutu və germanistika bölümü, həmçinin Volkenştayn Cəmiyyəti ilə birgə “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə” - Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” adlı layihəsinin növbəti, ikinci simpoziumunu həyata keçirir.


Lent.az-ın məlumatına görə, 10 ili əhatə edəcək layihə çərçivəsində ikinci simpozium Almaniyanın Mayns şəhərində öz işinə başlayıb və iyun ayının 13-ə qədər davam edəcək. BSU-nun rektoru, professor Kamal Abdullayevin rəhbərliyi ilə Azərbaycan alimlərinin böyük bir qrupu mayın 8-də Almaniyanın Mayns şəhərində keçirilən simpoziuma qatılıb. Azərbaycandan olan nümayəndə heyətinin tərkibinə Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tanınmış alim və professorları da daxildir. Simpoziumun işində Almaniyanın Bonn, Saarbrüken, Bremen, Berlin, Zalçburq şəhərlərinin elm və təhsil ocaqlarından bir çox nüfuzlu alim-filoloqlar iştirak edir.


Azərbaycanın mədəni irsinin Avropada təbliği və Azərbaycan elminin dünya elminə inteqrasiyası, eləcə də, Almaniya mədəniyyətinin ölkəmizdə daha yaxından öyrənilməsi baxımından simpoziumun əhəmiyyətli bir tədbir olacağı gözlənilir. Bu simpoziumun digər önəmli bir xüsusiyyəti də ondan ibarətdir ki, alman elmi “Kitabi-Dədə Qorqud” eposuna, Azərbaycan elmi isə “Nibelunqlar nəğməsi”nə bir addım da yaxınlaşmış olur. Ümumilikdə, “Kitabi-Dədə Qorqud“ və “Nibelunqlar haqqında nəğmə: Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” layihəsi son dövrlərdə xüsusi aktuallıq kəsb edən Şərq-Qərb sivilizasiyalararası dialoq üçün yeni zəmin yaradılması yolunda olduqca mühüm addımlardan biri sayıla bilər.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633

Oxşar yazılar