Abituriyentlərin keçid balı: TQDK onu niyə aşağı salır? - ARAŞDIRMA
14 iyul 2011 11:08 (UTC +04:00)

Abituriyentlərin keçid balı: TQDK onu niyə aşağı salır? - ARAŞDIRMA

2011/2012-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının yarısı artıq arxada qalıb. İyulun 3-də III və iyulun 10-da I ixtisas qrupu üzrə keçirilən imtahanların nəticələri də artıq bəllidir. Bu imtahanlarda III qrup üzrə 30981, I ixtisas qrupda isə 32450 abituriyent iştirak edib. Builki qəbul imtahanlarının yekun nəticələri barədə danışmaq hələlik tez olsa da, kampaniyanın indiyə qədərki mərhələsi bəzi mühüm məqamları artıq üzə çıxarıb. Ən mühüm məqamlardan biri odur ki, bu il III ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin əhəmiyyətli hissəsi 0-100 bal arası nəticə göstərib. Hətta bu qrupda 0 bal nəticə göstərən abituriyentlər var. Bir necə abituriyentin bilik səviyyəsi isə yalnız 1 və 2 bal toplamağa kifayət edib. Elə bu səbəbdən də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yenə də III ixtisas qrupunda müsabiqədə iştirak üçün minimal keçid balını 300-dən 250-yə endirdi. I ixtisas qrupunda isə minimal keçid balı 250-dən 200-ə salınıb.


Bəs, görəsən, minimal keçid balının aşağı salınması nəyi dəyişəcək? Belə vəziyyətlərdə keçid balının aşağı salınması yeganə çıxış yoludurmu? Ümumiyyətlə, ali məktəblərə qəbul zamanı müxtəlif ixtisas qruplarında minimum keçid balı necə formalaşır və TQDK-nın bunu əvvəlcədən müəyyənləşdirməsi nə dərəcədə düzgündür?


Bəri başdan deyək ki, III qrupda minimum keçid balının niyə aşağı salındığına TQDK sədri Məleykə Abbaszadə imtahandan bir neçə gün sonra özü aydınlıq gətirib. Komissiya sədri deyib ki, III ixtisas qrupu abituriyentlərinin müsabiqədə iştirak üçün minimal balı 300-dən 250-yə endirilməsəydi, ali məktəblərdə təxminən 1000 plan yeri boş qalacaqdı. Onun sözlərinə görə, iyulun 3-də keçirilən imtahanın nəticələrinə görə, III qrupda 250 baldan çox nəticə göstərən abituriyentlərin sayı 8981-dir. 350 bal toplayanların sayı isə bundan ən azı 1000 nəfər azdır. Bu səbəbdən də TQDK III ixtisas qrupu üçün ayrılmış plan yerlərinə qəbulda müsabiqə vəziyyətinin yaradılması məqsədilə keçid balını 300-dən 250-yə endirib.


Beləliklə, bu il III ixtisas qrupu üzrə ali məktəblərə sənəd vermiş 32870 abituriyentdən 1889-u imtahana gəlməyib. İmtahanda iştirak edənlərin isə 8981 abituriyent 250-dən yuxarı bal toplayaraq, ixtisas seçimi mərhələsinə vəsiqə qazanıb. Bu qrupda plan yerlərinin sayı isə 8814-dür və belə çıxır ki, III ixtisas qrupunda müsabiqəyə buraxılan hər kəsin tələbə adını qazana bilmək imkanı builki qədər yaxın olmayıb. Çünki ilk dəfə olaraq, bu qrupda müsabiqə vəziyyəti demək olar ki, yoxdur, bir yerə bir nəfər düşür. Amma məsələ ondadır ki, bu qrupda dövlət sifarişli yerlərin müsabiqəsində yalnız 350 baldan yuxarı nəticə göstərən abituriyentlər iştirak edə bilər.


Xatırladaq ki, bu il III qrupda dövlət sifarişli ixtisaslara 2099 plan yeri ayrılıb. Bu yerləri tuta bilmək üçün lazım olan 350 baldan yuxarı nəticə göstərənlərin sayı isə 4525 nəfərdir. Bu, o deməkdir ki, III qrupda dövlət sifarişli yerlərin müsabiqəsində bir yer üçün təxminən 2 abituriyent mübarizə aparacaq.


3 ilin rekordçu-abituriyentləri

Diqqət çəkəm məqamlardan biri də odur ki, bu il III ixtisas qrupu üzrə imtahanlarda 700 bal toplayan olmayıb. 500 baldan yuxarı nəticə göstərənlərin cəmi sayı isə 1436 nəfərdir. Maraqlıdır ki, imtahan verən abituriyentlərin əhəmiyyətli hissəsi 0-100 bal arası balı toplayıb. Bu il I ixtisas qrupunda 4 nəfərin 700 bal toplaması da nadir hallardandır.


Son 3 ildə ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında maksimum nəticə - 700 bal toplamış abituriyentlərin siyahısına və onların ixtisas qrupları üzə bölgüsünə baxanda da maraqlı mənzərə alınır. Belə ki, 2008-ci ildə 120 min abituriyentin iştirak etdiyi imtahanlarda belə rekordçuların sayı 6 olub. Onlardan 1 nəfəri I, 2-si II, 2-si III, 1 nəfəri isə IV ixtisas qrupunun abituriyentidir.


2009-cu ildə isə cəmi 2 nəfər maksimum nəticə - 700 bal toplayıb və onların hər ikisi III ixtisas qrupunda imtahan vermişdi. Ümumilikdə həmin il 110 minə yaxın abituriyentin iştirak etdiyi imtahanlarda bilik yarışına qatılanların 39,2 faizi 0-100 bal, 23,6 faizi 100-200, 16,5 faizi 200-300, 16,6 faizi 300-500, 4,1 faizi isə 500-700 bal toplayıb. 2009-cu ildə 600 baldan yuxarı nəticə göstərən abituriyentlərin 996 nəfər olub. Yüksək nəticə göstərənlər I qrupda 164, II qrupda 218, III ixtisas qrupunda 391, IV qrupda isə 223 nəfər təşkil edib. Göründüyü kimi, 2009-cu ildə 600 baldan yuxarı nəticə göstərənlər arasında III ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edib.


2010-cu ilə də 700 bal toplamaqla tələbə qəbulunun rekordçusu olmuş 7 abituriyentdən 3-ü məhz III ixtisas qrupunu seçib. Həmin ilin rekordçularının digər 2-si I, 2-si isə II qrupun abituriyentidir. Ötən il rekordçuların 4-ü qız, 3-ü isə oğlan olub. Həmin rekordçuların 5-i Bakı, 1-i Mingəçevir, 1-i isə Şəki şəhər məktəblərinin məzunudur. Ötən il 7 abituriyentin maksimum nəticə - 700 bal toplaması Azərbaycanda test sisteminin tətbiq olunduğu dövrdə ən yüksək göstəricidir.


Bütövlükdə ali məktəblərə tələbə qəbulunun test üsulu ilə aparılmağa başlandığı 1992-ci ildə 600-dən yuxarı bal toplayanların sayı 55 nəfər idisə, sonrakı illər bu tendensiya getdikcə yüksələn xətlə inkişaf edir. 2008-ci ildə belə abituriyentləri sayı 1590 nəfər olub. Həmin il yüksək nəticə göstərənlər I qrupda 259, II qrupda 467, III qrupda 611, IV qrupda 296 nəfər təşkil edib.


Göründüyü kimi, ali məktəblərə tələbə qəbulunun elmi-statistik təhlilləri son 3 ildə (2008, 2009, 2010) bütün ixtisas qrupları üzrə 700 balla maksimal nəticə göstərən 15 abituriyentin 6-sı məhz III qrupda imtahan verənlərin payına düşür. Bu üstünlük illər üzrə ayrı-ayrı qruplarda maksimal nəticə əldə edən abituriyentlər arasında özünü göstərir. Bundan başqa, son 3 ildə 600-dən çox bal toplayanların həm ümumi faiz nisbətində, həm də ixtisas qrupları üzrə bölgüsündə III qrupun abituriyentləri üstünlük təşkil edib.


Xatırladaq ki, ayrı-ayrı ixtisas qruplarında keçid ballarının aşağı salınması birinci dəfə deyil və bu hal son illər bir növ ənənə halını alıb. O da faktdır ki, hələ 10 il əvvəl, ali məktəblərə qəbulda minimal keçid balı 150-200 bal səviyyəsində müəyyənləşdirilirdi. 2008-ci ildən isə I qrupda müsabiqədə iştirak etmək ucun ümumi bala qoyulan məhdudiyyət 200-dən 250-yə, III qrupda 250-dən 300-ə qaldırılıb. Nisbi bal məhdudiyyəti bütün fənlərə (I qrupda və III qrupda Azərbaycan bölməsinin DT altqrupunda xarici dil fənni istisna olmaqla) tətbiq olunub. II və IV qrup ixtisaslarının da müsabiqəsində ümumi bal məhdudiyyəti 250 bal səviyyəsində müəyyən edilmişdi.


TQDK-nın suçu nə?

Belədə maraqlı bir sual çıxır ki, o dövrdə hətta 150 balla universitetlərə qəbul edilən abituriyentlər olduğu halda, indi keçid ballarının 250-300 olmasına səbəb nədir? Abituriyentlər savadlıdır, yoxsa imtahan sualları asanlaşıb? Abituriyentlər savadlı deyilsə və ya imtahan sualları asanlaşmayıbsa, onda müsabiqəyə buraxılış üçün minimum keçid balı niyə 150-200 baldan 250-300 bala qaldırılır? Əksinə, abituriyentlərin bilik səviyyəsi 10 il əvvəlkindən yüksəkdirsə, onda keçid ballarını toplaya bilməyən abituriyentlərin sayı niyə artır? Bu fakt TQDK-nın test imtahanlarını bilərəkdən çətinləşdirməsi barədə deyilənləri təsdiq etmir ki?


Yeri gəlmişkən, TQDK-nın test tapşırıqlarını bilərəkdən çətinləşdirdiyinə dair narahatlıqlar son dövrlər ictimaiyyətdə tez-tez müzakirə olunur. Hətta universitetlərə qəbul imtahanları üçün qoyulan sualların çətinləşdirilməsi məsələsi Milli Məclisin mayın 6-da keçirilən iclasında da qaldırılmışdı. Spiker Oqtay Əsədov isə söylənilən iradlarla razılaşdığın və bu məsələnin aydınlaşdırılması üçün Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevə tapşırıq vermişdi. Bununla belə, nə bu məsələnin araşdırılması, nə də test suallarının bilərəkdən çətinləşdirilməsinə dair söylənilən iradlarla bağlı müzakirələr parlamentin divarlarından kənara çıxdı.


TQDK-da isə bildirirlər ki, ali məktəblərə qəbul imtahanlarında istifadə olunan bütün test tapşırıqları orta məktəblərin tədris proqramları əsasında hazırlanır, xüsusi ekspert komissiyalarında ekspertizadan keçirilir və yalnız müsbət rəydən sonra həmin test tapşırıqları test bankına daxil olunur.



Bununla belə, son 3 ilin statistikasına nəzər saldıqda yenə də maraqlı məqamlar ortaya çıxır və məlum olur ki, müxtəlif illərdə abituriyentlərin topladığı ballar arasındakı fərq o qədər də böyük deyil. Əksinə, 2006-cı illə müqayisədə sonrakı dövrdə abituriyentlərin daha yüksək nəticələr əldə etdiyi müşahidə olunur. Belə ki, 2008-ci ildə ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş 120 minə yaxın abituriyentin 56,4 faizi 0-200 bal, 17 faizi 200-300 bal, 20,2 faizi 300-500 bal, 5,6 faizi isə 500-700 bal intervallarında nəticə göstərib. Bu fakt abituriyentlərin qəbul imtahanlarındakı keyfiyyət göstəricilərinin yüksəlməsində də müsbət tendensiya kimi özünü göstərir. Belə ki, 2006-cı ildə imtahan verənlərin 22,1 faizi 300-dən yuxarı bal topladığı halda 2007-ci ildə bu göstərici 22,9 faizə, 2008-ci ildə isə 25,8 faizə yüksəlib.


Oxşar mənzərə 2009 və 2010-cu illərdə ali məktəblərə keçirilmiş qəbul imtahanları üçün də xarakterikdir. Belə ki, 2009-cu ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 110 minə yaxın abituriyentin 39,2 faizi 0-100, 23,6 faizi 100-200, 16,5 faizi 200-300, 16,6 faizi 300-400, 4,1 faizi isə 500-700 bal toplayıb. 2010-cu ildə isə qəbul imtahanlarında iştirak edən 109 minə yaxın abituriyentdən 37,7 faizi 0-100, 23,9 faizi 100-200, 16,7 faizi 200-300, 16,7 faizi 300-500, 5,0 faizi 500-700 bal toplayıb.


Nəhayət, ölkədə təhsilin səviyyəsinə birbaşa məsul Təhsil Nazirliyin ilə orta məktəb məzunlarının biliyini qiymətləndirərək onları ali məktəblərə qəbul edən TQDK-nın bu məsələyə baxışı da fərqlidir. TQDK sədri Məleykə Abbaszadə keçid ballarının aşağı salınmasının əsas məqsədlərindən danışarkən “Bizim məqsədimiz o deyil ki, ali məktəbləri boş saxlayaq. Biz istəyirik ki, uşaqlar ali məktəblərdə oxusun” – deyib. Təhsil naziri Misir Mərdanov isə test suallarını imtahandan əvvəl ictimaiyyətin müzakirəsinə çıxarılmasını təklif edir. Nazirin fikrincə, test sualları imtahanlardan əvvəl ictimaiyyətin müzakirəsinə çıxarılsa və fikirlər nəzərə alınsa, bu, daha effektli olar.

Eltac İsazadə
# 9511

Oxşar yazılar