"72 mindən artıq müəllimin maaşı artırılacaq" - Şöbə müdiri ilə MÜSAHİBƏ
21 noyabr 2025 12:20 (UTC +04:00)

"72 mindən artıq müəllimin maaşı artırılacaq" - Şöbə müdiri ilə MÜSAHİBƏ

0

Lent.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) şöbə müdiri Nurlan İsmayılbəylinin APA-ya müsahibəsini təqdim edir:

72 mindən artıq müəllimin əməkhaqqında artım olacaq

– İstərdim müsahibəmizə 2026-cı ilin sertifikasiya planları ilə başlayaq. Növbəti il hansı fənlər üzrə sertifikasiya prosesi keçiriləcək?

– Sertifikasiya prosesi 2022–2026-cı illər üzrə ölkənin sosial-iqtisadi inkişaf planına daxil edilib. Ötən dövr ərzində sertifikasiyaya cəlb olunan müəllimlərin sayı 80 mindən çox olub. Cari ildə də sertifikasiyadan keçmiş müəllimlərin əməkhaqqlarında artım tətbiq ediləcək və bununla da 72 mindən artıq müəllimin əməkhaqqında artım təmin edilmiş olacaq. Bu müddət ərzində fənlərin əksəriyyəti üzrə qiymətləndirmə mərhələsi artıq tamamlanıb.

Növbəti ildən etibarən indiyədək sertifikasiyaya cəlb olunmamış tarix, təsviri incəsənət, musiqi, texnologiya və fiziki tərbiyə fənləri üzrə sertifikasiya prosesi təşkil ediləcək. Mövcud qaydalara uyğun olaraq, müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə ilk dəfə işə qəbul olmuş və üç illik pedaqoji fəaliyyət müddətini tamamlamış şəxslər də müvafiq fənlər üzrə sertifikasiya prosesinə cəlb ediləcəklər.

MİQ imtahanında dəyişikliklərlə bağlı təkliflərin işlənməsi istiqamətində müvafiq işlər aparılır

– Gələcəkdə MİQ imtahanı prosesinə hansı dəyişikliklərin edilməsi gözlənilir?

– İndiki mərhələdə konkret fikir bildirmək bir qədər çətindir. Müəllimlərin işə qəbulu (MİQ) prosesi ilə bağlı müzakirələr davam etdirilir. Qeyd edək ki, Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq edilib.

Müəllimlərin işə qəbulu ilə bağlı müxtəlif yanaşmalar və təkliflər mövcuddur. 2025-ci il üzrə işə qəbul prosesi artıq yekunlaşıb. Hazırda həmin prosesə dair hesabatların hazırlanması və müxtəlif təkliflərin işlənməsi istiqamətində müvafiq işlər aparılır. Bu səbəbdən bu mərhələdə hər hansı proqnozun irəli sürülməsi məqsədəuyğun hesab edilmir.

Bəzi fənlər üzrə kadr təminatında müəyyən çətinliklər müşahidə edilir

– Siz son brifinqdə çıxışınız zamanı 1000-ə yaxın vakant yerin birləşdirildiyini qeyd etmişdiniz. Birinci ondan başlayaq ki, bu vakant yerlərin birləşdirilməsinə hansı amillər zəmin yaratdı?

– Bəzi fənlər üzrə kadr təminatında müəyyən çətinliklər müşahidə edilir. Aparılan təhlillər göstərir ki, bu çətinliklər əsasən, həmin fənlər üzrə dərs saatlarının az olması və bunun əməkhaqqının formalaşmasına təsiri ilə bağlıdır. Bu baxımdan yaxın ərazilərdə yerləşən iki və ya bəzən üç vakant yer birləşdirilərək eyni fənn üzrə təqdim edilir. Nəticədə, həmin istiqamətlər üzrə orta dərs saatlarının artırılması mümkün olur.

Cari il ərzində təxminən 500-ə yaxın azsaatlı vakant yer məhz bu üsulla komplektləşdirilib. Orta dərs yükü isə 12 saatdan 16 saata çatdırılıb.

Vakant yerlərin birləşdirilməsi işləyən müəllimlərin ixtisarı ilə əlaqəli deyil

 Vakant yerlərin birləşdirilməsi ilə bağlı xəbərlər cəmiyyətdə fikir qarışıqlığı yaradır. Məsələn, belə qənaət mövcudur ki, vakant yerlərin birləşdirilməsi müəllimlərin ixtisarına səbəb olacaq...

– Bu iki məsələ bir-birindən tamamilə fərqlidir. Vakant yerlərin birləşdirilməsi mövcud işləyən müəllimlərin ixtisarı ilə əlaqəli deyil. İşə qəbul müsabiqəsi yalnız boş olan dərs saatları üzrə aparılır. Birləşdirmənin üstünlüyü ondan ibarətdir ki, eyni fənn üzrə iki və ya üç ayrı vakansiya mövcuddursa, həmin yerlərə bir müəllimin təyinatı mümkün olur. Bu isə həm vakant yerlərin daha effektiv şəkildə komplektləşdirilməsinə, həm də müəllim üçün daha yüksək dərs yükü ilə daha stabil əməkhaqqı əldə etməsinə şərait yaradır. Yəni müəllim 5–6 saatlıq dərs yükü ilə məhdudlaşmır, əksinə, 12–15 və bəzən daha çox saatlıq dərs yükü hesabına daha yüksək maaş ala bilir.

İşdən müxtəlif səbəblərdən ayrılan müəllimin saatları dərhal müsaqibəyə təqdim olunmur

– Hər il işə qəbul zamanı bir çox yerdə vakant yerlərin gizlədilməsi ilə bağlı paylaşımlar edilir və şikayətlər olur. Bunun qarşısını necə alırsınız? Bu şikayətlərin əsası var?

– İlk olaraq qeyd olunmalıdır ki, vakant yerlərin müəyyənləşdirilməsi ilə bağlı vahid və sistemli yanaşma mövcuddur. Vakant yerlərin müsabiqəyə çıxarılması şəxsi yanaşmadan asılı şəkildə deyil, mövcud qaydalara uyğun olaraq həyata keçirilir. Son illər əməkhaqqı sistemi və ümumi təhsil müəssisələrinin idarə olunmasının elektron sistemlə aparılması nəticəsində ölkə üzrə hansı istiqamətlərdə müəllimlərin çalışdığı, hansı ərazilərdə müəllim çatışmazlığının mövcud olduğu dəqiq şəkildə monitorinq olunur.

Formalaşan yanlış təsəvvürlərdən biri ondan ibarətdir ki, əgər hər hansı müəllim işdən ayrılırsa - yaş həddi, müxtəlif səbəblər və ya sertifikatlaşdırma nəticəsində - onun dərs saatları dərhal müsabiqəyə təqdim edilməlidir. Lakin bu bütün hallarda tətbiq olunan mexanizm deyil. Bəzi məktəblərdə ehtiyac duyulandan artıq ibtidai sinif müəllimləri mövcud olur. İbtidai siniflərdə ehtiyacın hesablanması daha asandır — mövcud siniflərin sayı müəllim ehtiyacını birbaşa müəyyən edir. Digər fənlər üzrə, xüsusilə yuxarı siniflərdə dərs yükünün formalaşma prinsipləri fərqləndiyindən ehtiyacın müəyyənləşdirilməsi daha çox meyar üzrə həyata keçirilir.

Yuxarı siniflərdə “bir sinif – bir müəllim’” prinsipi tətbiq edilmədiyinə görə dərs saatları üzrə bölgü aparılır və nəticədə azsaatlı dərs yükü ilə təminat halları yaranır. Aparılan təhlillər göstərir ki, hər bir müəllimin işdən ayrılması müəssisədə mütləq vakant yer formalaşdırmır və bəzi hallarda müəllimlərin çıxması həmin məktəbdə yüksək qiymətləndirmə nəticəsi olan müəllimlərin dərs yükünün artırılmasına gətirib çıxarır.

Son illərdə əsas məqsədimiz yüksəksaatlı vakant yerlərin müsabiqəyə təqdim edilməsinin genişləndirilməsidir.

Müəllimlər yeganə peşə sahibləridir ki, sertifikasiya nəticələri əsasında əməkhaqqılarında artım tətbiq edilir

– Bəzən müəllimlərin çoxsaylı imtahanlara cəlb edilməsi və onlarla bağlı məsələlərdə həddindən artıq dərinə gedildiyi ilə bağlı şikayətlər eşidirik. Bu barədə fikirləriniz maraqlıdır...

– Bu mövzuya müxtəlif prizmalardan yanaşmaq olar. İlk olaraq qeyd edilməlidir ki, müəllimlərin işə qəbulu (MİQ) və sertifikasiya tamamilə fərqli proseslərdir. Digər qarışdırılan məqam isə diaqnostik qiymətləndirmə ilə bağlıdır. 2013–2018-ci illər ərzində müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb və təxminən 130 mindən çox müəllimin nəticələri qeydə alınıb. Məhz həmin məlumat bazası bu gün həyata keçirilən sertifikatlaşdırma prosesinin mərhələli şəkildə təşkilinə imkan verən əsas mənbələrdən biri olub.

Sertifikasiya 5 ildən bir dəfə keçirilən prosesdir. Yeni işə qəbul olunmuş müəllim əvvəlcə MİQ imtahanını verir, 3 ildən sonra sertifikasiyaya cəlb olunur. Sertifikasiyadan keçmiş müəllim növbəti 5 il ərzində hər hansı imtahan vermir. Bu dövr tamamlandıqdan sonra növbəti mərhələ həyata keçirilir. Üç dəfə uğurla sertifikasiyadan keçən müəllimlər isə bu prosesdən azad olunurlar.

Müəllimlər yeganə peşə sahibləridir ki, onların imtahan nəticələri birbaşa şəkildə differensial əməkhaqqı formalaşdırmasına təsir edir və nəticələr əsasında əməkhaqqlarında artım tətbiq edilir.

Biz bu tendensiyanı həm diaqnostik qiymətləndirmə, həm də sertifikasiya proseslərində aydın şəkildə görə bilirik. Nəticələr göstərir ki, müəllimlərin böyük bir qismi 10 faiz, əhəmiyyətli hissəsi isə 35 faiz maaş artımı əldə edir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə isə tamamilə könüllü prosesdir və bu prosesə qoşulmaq müəllimlərin öz seçimidir. Qurum olaraq əsas məqsədimiz vakant yerlərin ən hazırlıqlı və ən yüksək nəticə göstərmiş namizədlərlə təmin edilməsidir. Sevindirici hal odur ki, son on ilin dinamikasına baxdıqda müsabiqəyə marağın davamlı olaraq artdığını görürük. Əgər ilk illərdə iştirakçıların sayı minlərlə ölçülürdüsə, artıq son 3–4 ildə 60 mindən çox namizəd “müəllim” adını qazanmaq üçün rəqabət aparır. Bu, həm sağlam rəqabət mühitinin formalaşmasına, həm də daha hazırlıqlı kadrların seçilməsinə imkan yaradır.

Eyni zamanda, bu proseslərə marağın yüksək olması vətəndaşların şəffaflığa inamının göstəricisidir. Sertifikasiyada iştirak edənlərin böyük qismi əvvəlki illərin məzunlarıdır, lakin onlar bu gün prosesin obyektivliyinə inanaraq öz bilik və bacarıqlarını yenidən sınamaq istəyirlər. Bu proseslərdə ən yüksək nəticə göstərənlərin böyük bir qismi isə məhz MİQ müsabiqəsi vasitəsilə işə qəbul olunan müəllimlərdir. Bu da göstərir ki, müsabiqə və sertifikasiya mexanizmləri bir-birini tamamlayan şəkildə daha peşəkar müəllim kadrlarının seçilməsinə xidmət edir.

Hər il namizədlərin təxminən 20 faizi imtahana gəlmir

– MİQ imtahanın pullu olması səs-küy doğurmuşdu. Maraqlıdır, bir müəllimin MİQ imtahanında iştirak etməsi Elm və Təhsil Nazirliyinə neçəyə başa gəlir? Ümumiyyətlə, nazir Emin Əmrullayev brifinqdə qeyd etmişdi ki, bəzən müəllim qeydiyyatdan keçir, amma imtahanda iştirak etmir...

– Doğrudur, yalnız son 4 ildə 40 mindən çox namizəd MİQ müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçsə də, sənədləri yoxlanılıb imtahana dəvət olunduqları halda imtahanda iştirak etməyib. Təcrübə göstərir ki, hər il namizədlərin təxminən 20 faizi imtahana gəlmir.

Biz dövlət büdcəsi hesabına fəaliyyət göstərən qurumuq və imtahanın təşkili ciddi resurs tələb edən bir prosesdir. Bu prosesə məzmun hazırlanması, ekspert qruplarının işi, texniki təminat, imtahan mərkəzlərinin təşkili və digər xərclər daxildir. Namizədin imtahana gəlməməsi həmin xərclərin boşa getməsi deməkdir və bu, təbii ki, dövlət vəsaitinin səmərəli xərclənməsi baxımından arzuolunan hal deyil.

Yeni işə qəbul olunmuş müəllimlər imtahan təcrübəsinə malik olduqları üçün test mərhələsində nisbətən daha yüksək nəticələr əldə edirlər

– MİQ və sertifikasiya prosesində iştirak edən namizədlərin bir qismi universiteti yeni bitirmiş şəxslər, digərləri isə əvvəlki illərin məzunlarıdır. Onlar arasında müəyyən fərqlər müşahidə olunur?

– MİQ və sertifikasiya prosesində iştirak edən namizədlərin bir qismi ali təhsil müəssisəsini yeni bitirmiş şəxslər, digər qismi isə əvvəlki illərin məzunlarıdır. Bu qruplar arasında müəyyən fərqlər müşahidə edilsə də, həmin fərqləri yalnız yaş amili ilə əlaqələndirmək doğru olmaz. Çünki hər iki kateqoriyaya daxil olan şəxslər arasında kifayət qədər peşəkar və təcrübəli müəllimlər mövcuddur. Qaydalara əsasən, 60 yaşdan yuxarı müəllimlərin sertifikasiyada iştirakı könüllü xarakter daşıyır və bu yaş qrupunda da yüksək nəticə göstərən müəllimlərə rast gəlinir.

Müşahidələr onu göstərir ki, yeni işə qəbul olunmuş müəllimlər imtahan təcrübəsinə malik olduqları üçün test mərhələsində nisbətən daha yüksək nəticələr əldə edirlər. Bununla yanaşı, həm məzmun istiqamətinin, həm də elektron imtahan platformasının tətbiqi ilə bağlı bütün zəruri məlumatlar mövcuddur. Proqram təminatından istifadəni izah edən təlimat videoları və digər resurslar da müəllimlər üçün əlçatandır. Məqsəd odur ki, bütün iştirakçılar prosesi çətinlik yaşamadan və bərabər imkanlarla keçə bilsinlər.

Müəllimin sertifikasiya nəticəsi nə qədər yüksək olarsa, şagirdlərinin nəticələri də bir o qədər yüksək olur

– Artıq uzun müddətdir ki, MİQ və sertifikasiya prosesi həyata keçirilir. Bu proseslərin tətbiqindən sonra məktəblərdə vəziyyət necə dəyişib?

– Bu dəyişiklikləri qiymətləndirmək üçün ən obyektiv mənbələrdən biri 4–6-cı siniflər üzrə aparılmış monitorinq nəticələridir. Həmin nəticələr göstərir ki, müəllimin sertifikatlaşdırma balı ilə onun şagirdlərinin tədris göstəriciləri arasında düz mütənasiblik mövcuddur. Yəni müəllimin sertifikasiya nəticəsi nə qədər yüksək olarsa, həmin müəllimin 4 və 6-cı sinif şagirdlərinin nəticələri də bir o qədər yüksək olur.

Yuxarı siniflərdə – 9-11-ci siniflərdə – şagirdlər müxtəlif fənlər üzrə imtahan verdikləri üçün burada müəllimin təsirini eyni səviyyədə ölçmək nisbətən çətin ola bilər. Lakin aşağı siniflərdə aparılan monitorinqlər bu əlaqəni daha dəqiq və aydın şəkildə göstərir.

Faktiki yaşayış yerinə uyğun seçim mərhələsində təqdim edilən 3668 müddətsiz vakansiyadan 1519-u namizədlər tərəfindən tutulub

– Siz son brifinqdə faktiki yaşayış yerinə uyğun vakant yerlərdən bəhs etmişdiniz. Namizədlərin faktiki yaşayış yerinə uyğun yerləşdirilməsinə hansı hallarda icazə verilir? Bu addımı atmağa agentliyi hansı məqamlar vadar edib?

– Agentlik bu mexanizmin uğurlu olduğuna inanır və bunu zəruri edən bir sıra səbəblər mövcuddur. Müşahidələr göstərir ki, MİQ üzrə test və müsahibə mərhələlərini uğurla başa vurmuş namizədlər tərəfindən müəyyən vakant yerlərdən imtina halları kifayət qədər geniş yayılıb. Namizəd bütün mərhələləri uğurla tamamlamasına baxmayaraq, yekunda vakant yerdən imtina etdikdə, həmin vakansiyanın daha aşağı bal toplamış, lakin elə həmin ərazidə yaşayan digər namizəd tərəfindən seçilməsi imkanı itirilir. Məsələn, paytaxtda yaşayan namizəd Şabran rayonunda vakant yeri tutur, lakin sonradan imtina edir. Bu halda Şabranda yaşayan və bir qədər aşağı bal toplamış namizəd həmin imkandan məhrum olur.

Məhz bu kimi halların qarşısını almaq üçün Agentlik faktiki yaşayış yerinə uyğun yerləşdirmə mexanizmini tətbiq etməyə başlayıb. Bu mexanizm yalnız həvəsləndirici vakansiyalara – yəni rayon inzibati mərkəzindən 5 km və daha artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrinə aid edilir. Rayon mərkəzlərindəki vakansiyalar bu kateqoriyaya daxil deyil. İlk seçim hüququ həmin ərazilərdə faktiki yaşayan namizədlərə verilir. Bu yanaşma yerli şəraitə bələd olan müəllimlərin işə başlamasını asanlaşdırır, vakant yerlərdən imtina hallarını azaldır və həmin bölgələrin müəllimlə təminatında mövcud çətinlikləri aradan qaldırmağa imkan verir. Bu istiqamətdə müşahidə olunan göstəricilər kifayət qədər müsbətdir. Belə ki, faktiki yaşayış yerinə uyğun seçim mərhələsində təqdim edilən 3668 müddətsiz vakansiyadan 1519-u namizədlər tərəfindən tutulmuşdur. Agentlik bu addımı ümumi təhsil müəssisələrinin kadr təminatının optimallaşdırılması baxımından uğurlu hesab edir.

– MİQ imtahanında yüksək nəticə göstərən müəllimlər rayonlarda işləməyə gedirlərmi?

– MİQ imtahanında yüksək bal toplamış müəllimlərin ucqar rayonlarda işləməsi bizim müşahidə etdiyimiz məqamlardan biridir. Bu istiqamətdə bir neçə təşviq mexanizmi mövcuddur. Gənc pedaqoji kadrların kəndlərdə yerləşən ümumtəhsil müəssisələrində çalışması üçün onlara müəyyən imtiyazlar verilir.

Əgər fənn müəllimi həvəsləndirmə tətbiq olunan vakansiyada çalışırsa, həmin müəllimə aylıq əməkhaqqısına müəyyən əlavələr ödənilir. Belə ki, məktəb rayon mərkəzindən 5 km-dən 20 km-ə qədər məsafədə yerləşdiyi halda aylıq 90 manat, məsafə 20 km-dən çox olduqda isə 190 manat əlavə ödəniş verilir. Bu mexanizmlər müəllimlərin regionlarda işləmək barədə qərarına müsbət təsir göstərən amillərdən biridir.

Qeyd edək ki, tətbiq edilən həvəsləndirici mexanizmlər Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli, 279 nömrəli Qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər haqqında” Qərara edilmiş dəyişikliklərə uyğun olaraq həyata keçirilir.

Tərbiyəçi-müəllimlərin işə qəbul prosesində keçid balının fərqli olmasının səbəbi açıqlanıb

– Tərbiyəçi-müəllimlərin işə qəbul prosesində keçid balının Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 35 bal müəyyən edilməsinin səbəbi nədir? Nəyə görə bu bal Bakı Şəhəri Təhsil İdarəsi və digər regional təhsil idarələri üçün 40 bal səviyyəsində təyin olunub? Ümumiyyətlə, yüksək bal toplamış tərbiyəçi-müəllimlər regionlarda işləməyi seçirlər?

– Tərbiyəçi-müəllimlərin işə qəbul prosesində vakansiya seçmiş bütün namizədlə, müsahibəyə dəvət olunmalıdırlar. İşin növbəti mərhələsi isə ondan ibarətdir ki, ümumtəhsil müəssisələrində çalışan müəllimlərlə müqayisədə tərbiyəçi-müəllimlərin iş saatları daha çoxdur. Həftəlik iş yükünə nəzər yetirdikdə, bəzi hallarda onların iş vaxtı tam iş günü olmaqla 30 və ya 40 saat həcmində müəyyən edilir.

Bəzi hallarda Müəllimlərin işə qəbulu müsabiqəsi nəticəsində paytaxt və paytaxta yaxın bölgələrdə yaşayan yüksək bal toplamış namizədlərin digər regionlarda fəaliyyət göstərdiyini görürük. Lakin məktəbəqədər təhsil müəssisələrində vəziyyət bir qədər fərqlidir. Burada əsasən namizədlər faktiki yaşayış yerlərinə uyğun vakant yerlərdə işlə təmin olunurlar.

Aparılan təhlillər göstərib ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin əhatə olunduğu rayonlarda qiymətləndirmə nəticələri digər bölgələrlə müqayisədə nisbətən aşağı olub. Agentlik üçün əsas məqsəd həm ümumtəhsil, həm də məktəbəqədər təhsil müəssisələrinin zəruri pedaqoji kadrlarla təmin edilməsidir. Bu səbəbdən, keçid balının əvvəlki kimi 40 səviyyəsində saxlanılması həmin bölgələrdə kadr çatışmazlığına səbəb ola bilərdi. Məhz buna görə də qərara alınıb ki, Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə keçid balı 35, digər regionlar üzrə isə 40 müəyyən edilsin. Qeyd edək ki, bu ballar vakansiya seçimi üçün minimum tələblərdir və praktika göstərir ki, vakant yerlərə adətən daha yüksək nəticə göstərmiş namizədlər təyin olunur.

Belə ki, sonda vakant yerləri seçmiş bütün namizədlər müsahibəyə dəvət olunur, müsahibə mərhələsini uğurla başa vuraraq ən yüksək test balı toplamış şəxslər isə həmin vakansiya üzrə işlə təmin edilir. Prosesin yekun nəticələri ümumi vəziyyətin daha dəqiq qiymətləndirilməsinə imkan verəcək.

2000 manatlıq artım aylıq əlavə deyil, il ərzində ödənilən ümumi stimullaşdırıcı məbləğdir

– Gələn il gənc müəllimlərin kənd məktəblərinə cəlb olunması məqsədilə onların əməkhaqqına əlavələrin ödənilməsi üçün 20,1 milyon manat ayrılacaq. Kənd məktəblərindəki vakansiyaları seçən hər bir gənc müəllim orta hesabla il ərzində maaşına əlavə olaraq təxminən 2 min manat alacaqmı?

– Bir ümumtəhsil müəssisəsi rayon mərkəzindən 5 km-dən 20 km-ə qədər məsafədə yerləşərsə, həmin məktəbdə çalışan gənc müəllimin aylıq əməkhaqqına 90 manat məbləğində əlavə ödəniş edilir. Məsafə 20 km-dən çox olduqda isə aylıq əlavə ödəniş 190 manat təşkil edir.

Bəzən yanlış olaraq belə fikir formalaşır ki, sözügedən həvəsləndirici mexanizm müəllimlərin aylıq əməkhaqqısına 2000 manat əlavə olunması deməkdir. Əslində, bu məbləğ illik hesablanır və 12 aya bölünür. Yəni 2000 manatlıq artım aylıq əlavə deyil, il ərzində ödənilən ümumi stimullaşdırıcı məbləğdir.

İşdən azad olunmuş müəllimlərin sayı 10 mindən çoxdur

– Bu günə qədər sertifikasiya imtahanlarından sonra məktəblərdən kənarlaşdırılan müəllimlərin sayı nə qədərdir?

– Sertifikasiya ilə bağlı bu rəqəmləri səsləndirmək bizim üçün də asan deyil. Çünki həmin şəxslər ən azı 3 il və daha artıq müddətdir ki, məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olan şəxslərdir. Təəssüflər olsun ki, onlara verilmiş hər iki şansdan istifadə edərək uğur qazana bilmədikləri üçün işdən azad olunmuş müəllimlərin sayı 10 mindən çoxdur.

– Bəs həmin müəllimlər daha sonra məktəbə geri qayıda bilirlər?

– Bununla bağlı qaydalarda hər hansı bir məhdudiyyət yoxdur. Bu, bir qiymətləndirmə nəticəsidir. Bu, yalnız “Təhsil haqqında Qanun” və sertifikasiya qiymətləndirilməsi ilə deyil, eyni zamanda, Əmək Məcəlləsi ilə də tənzimlənir. Əgər bir müəllim sertifikatlaşdırma prosesindən uğur qazana bilmirsə, onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq xitam verilir. İşdən azad olunan müəllimlərlə də bu proses baş verib. Amma bu hal onların növbəti dəfə MİQ müsabiqəsindən keçərək uğur qazanıb işə qayıtması imkanını istisna etmir.

– Nurlan bəy, bu günə kimi sertifikasiyadan kəsilib yenidən işə qəbul olunan müəllim olub?

– Xeyr, Agentlik tərəfindən bu günə qədər belə hallar müşahidə edilməyib.

Məktəblərin idarə olunması üçün pedaqoji bilik və təcrübəsi yüksək olan şəxslərin seçilməsi daha məqsədəuyğundur

– Artıq yeni formada direktorların işə qəbulu prosesinə start verilib. Direktorların işə qəbulu prosesinə tətbiq edilən yeniliklərin əsas səbəbi nədir?

– Bildiyiniz kimi, direktorların işə qəbulu prosesi uzun müddətdir şəffaf müsabiqə yolu ilə aparılır. Ötən illərdə tətbiq olunan sistemə nəzər saldıqda görürük ki, vakant müəssisələr şagird sayına görə 3 kateqoriyaya bölünürdü: 150 nəfərə qədər, 151–500 nəfər arası və 500 nəfərdən çox şagirdi olan məktəblər. Bu təsnifat mərhələlərin sayına da təsir edirdi. Belə ki, şagird sayı 150-dək olan məktəblərə direktor qəbulu yalnız regional təhsil idarələri tərəfindən müsahibə yolu ilə aparılırdı. 151–500 arası şagirdi olan müəssisələrdə həm test, həm də müsahibə mərhələsi keçirilirdi. 500-dən çox şagirdi olan məktəblərdə isə test, esse və müsahibə mərhələləri tətbiq olunurdu.

Bu model prosesin həm təşkilində, həm də vakant yerlərin vaxtında doldurulmasında müəyyən çətinliklər yaradırdı. Yeni qaydaların əsas məqsədi sistemin sadələşdirilməsi və daha effektiv hala gətirilməsidir. Artıq yanaşma ondan ibarətdir ki, məktəblərin idarə olunması üçün pedaqoji bilik və təcrübəsi yüksək olan şəxslərin seçilməsi daha məqsədəuyğundur. Mərhələlərin çoxluğu bəzən yüksək potensiallı uğurlu namizədlərin prosesə qoşulmasını əngəlləyirdi. Bu səbəbdən yeni sistemdə mərhələlər optimallaşdırılmış və daha çevik mexanizm tətbiq ediləcək.

İnanırıq ki, bu dəyişikliklər həm vakant yerlərə daha operativ şəkildə təyinat aparılmasında, həm də peşəkar direktor profilinin formalaşmasına xidmət edəcək. Hazırkı tətbiq müsahibə mərhələsinin rolunu artıraraq ən uyğun namizədlərin seçilməsinə imkan yaradır. Müsahibə nəticəsində namizədlərin potensialı daha dəqiq qiymətləndirilir və onlar uyğun vakant yerlərlə daha düzgün şəkildə uzlaşdırılır.

Direktorların işə qəbulu üzrə müsabiqədə namizədlərin sertifikasiya balının 51 və daha yuxarı olması əsas şərtdir

– Yeni qaydalar əsasən direktorların işə qəbulu hansı prinsiplərə əsasən həyata keçiriləcək?

– Yeni qaydalara əsasən direktorların işə qəbulu prosesində iki əsas kateqoriya müəyyən edilib: şagird sayı 500-ə qədər və şagird sayı 500-dən çox olan müəssisələr. Hər iki kateqoriya üzrə qaydalarla təsdiq edilmiş formada fərqli dəyərləndirmə ardıcıllıqları tətbiq olunacaq.

Şagird sayı 500-ə qədər olan ümumitəhsil müəssisələrində əsas prinsip həmin məktəbdə çalışan kadrlara üstünlük verilməsidir. İlk mərhələdə müəssisənin özündə çalışan direktor müavinləri və müəllimlər arasından seçim aparılacaq. Namizədlərdən ilkin olaraq sertifikatlaşdırma, daha sonra müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində və diaqnostik qiymətləndirmə nəticəsinin 70% və daha yuxarı olması tələb olunur.

Şagird sayı 500-dən çox olan ümumitəhsil müəssisələrində isə seçim prosesi karyera inkişafı prinsipinə əsaslanır. Hazırda böyük məktəbdə - 500+ şagird - çalışan şəxs şagird sayı daha çox olan müəssisəsədə məsələn, 1000-dən çox şagirdi olan məktəbdə direktor vəzifəsinə müraciət edə bilər. Bu yanaşma Nazirlər Kabinetinin müvafiq qərarı ilə uyğunlaşdırılıb. Belə ki, direktorların əməkhaqqına məktəbin şagird sayından asılı olaraq, əlavələr edilir və bu, karyera yüksəlişini təşviq edən bir mexanizm kimi nəzərdə tutulur. Buradakı bal məsələsinə gəldikdə isə, yenə də namizədlərin ilkin olaraq sertifikatlaşdırma, daha sonra müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində və diaqnostik qiymətləndirmə nəticəsinin 85% və daha yuxarı olması tələb olunur. Direktorların işə qəbulu üzrə müsabiqədə namizədlərin sertifikasiya balının 51 və daha yuxarı olması əsas şərtdir.

Eyni zamanda, rayon və ya şəhər üzrə digər müəssisələrdə çalışan direktorlar və vakansiyanın mövcud olduğu müəssisədə çalışan direktor müavinlərinin dəyərləndirilməsi prosesin ilk ardıcıllığında yer alır.

Ümumilikdə, müsabiqənin keçirilməsi üçün ən azı üç namizədin iştirakı şərtdir. Müəyyən edilmiş ardıcıllıqlara əsaslanaraq müsabiqə təşkil ediləcək. Buradakı əsas məqsəd hər bir vakant yer üçün ən uyğun namizədi müəyyən etməkdir.

– Direktorlar daha çox hansı fənn müəllimlərindən seçilir?

– Ölkə üzrə statistikaya nəzər saldıqda, direktor vəzifəsinə daha çox ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, həmçinin riyaziyyat müəllimlərinin seçildiyini görürük. Buna baxmayaraq, hansı fənnin müəlliminin daha uğurlu direktor olacağına dair konkret meyar yoxdur. Fənnindən asılı olmayaraq, seçim zamanı vakant yer üçün ən uyğun namizəd üzərində qərar verilir.

Bəzən elə regionlar olur ki, coğrafi və sosial xüsusiyyətlərə görə həmin ərazidəki müəssisəyə direktor təyin etmək çətinlik yaradır və uzun müddət vakant olaraq qalır. Belə hallarda namizədin pedaqoji fəaliyyəti, nailiyyətləri və ümumi potensialı diqqətlə qiymətləndirilir və ən uyğun namizəd seçilərək vəzifəyə təyin edilir.

Qeyd etmək lazımdır ki, müəllimin yalnız fənn üzrə yüksək nəticə göstərməsi kifayət etmir. Direktorların seçimi 7 əsas səriştə meyarı üzrə həyata keçirilir. Bu meyarlara ünsiyyət və sosial bacarıqlar, texnoloji biliklər, tədris təcrübəsi, idarəetmə və liderlik qabiliyyətləri kimi göstəricilər daxildir.

Müsabiqə zamanı qiymətləndirmə yalnız bir istiqamətə əsaslanmır, proses 7 müxtəlif meyar üzrə aparılacaq və hər bir namizəd 3 nəfərdən ibarət komissiya tərəfindən fərdi qaydada qiymətləndiriləcək.

– Direktorların bölgələr üzrə seçilməsində hansı fərqli meyarlar nəzərə alınır?

– Direktorların seçilməsi zamanı bölgələr üzrə əsas fərqlilik yalnız təhsil müəssisələrininin şagird sayı ilə bağlıdır. Belə ki, paytaxt və böyük şəhərlərdə 500-dən çox şagirdi olan ümumitəhsil müəssisələrinin sayı daha çox olduğundan, burada direktor seçimi nisbətən fərqli meyarlar əsasında həyata keçirilir. Digər regionlarda isə bu kateqoriyaya aid məktəblərin sayı azdır və qiymətləndirmə prosesi daha sadə struktur üzərində qurulur.

Bu baxımdan, region məktəblərində çalışan və qiymətləndirmə nəticələri ilə seçilən müəllimlər üçün yeni sistem böyük imkan yaradır. Onlar müsabiqədən uğurla keçdikləri halda, hazırda çalışdıqları təhsil müəssisəsində direktor kimi fəaliyyətlərini davam etdirmək şansı əldə edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 98

Oxşar yazılar