8500 manat verdilər, ortada nə qəbul var, nə pul – “AİD Group” yenidən gündəmdə
20 avqust 2026 15:37 (UTC +04:00)

8500 manat verdilər, ortada nə qəbul var, nə pul – “AİD Group” yenidən gündəmdə

0

Nigar Fərhadın təsisçisi olduğu “AİD Group” xaricdə təhsil şirkətindən şikayətlər hələ də səngimir.

Lent.az-a müraciət edən şikayətçi Əbdülhəmid Xəlilov bildirib ki, o və dostu xaricdə magistratura oxumaq üçün “AİD Group”a ümumilikdə 8500 manat ödəniş ediblər:

“2025-ci ilin sentyabrın 10-da dostumla birlikdə "Nizami" metrostansiyası yaxınlığında yerləşən "AİD Group" şirkətinin ofisinə yaxınlaşdıq. Nigar Fərhad özü bizimlə görüşüb bildirdi ki, Kanada da magistratura oxuyaraq həm təqaüd alacağıq, həm yataxana ilə təmin olunacağıq, həm də iş icazəmiz olacaq. Bunlarla yanaşı bir neçə aydan sonra təhsilhaqqından da azad olunacağımızın vədini verdi.

Lakin Kanadaya getmək üçün viza alınmalı olduğunu, əgər viza verilməzsə belə, pulumuzu 100%-ni geri qaytaracaqlarını söylədi. Həmin gün saat altıya qədər ümumilikdə adambaşı 4250 manat ödəniş etməli olduğumuzu, etməzsək altı ay sonraya qalacağını söylədi. Dərhal evə gedib ümumilikdə 8500 manat pulu gətirib verdik. Bu ödənişə görə bizə qaimə, qəbz təqdim etdilər və müqavilə bağlandı.

Müqavilədə “lazım olan sənədləri sizdən istədikdə, gətirin” bəndi qeyd olunmuşdu. Biz Nigarla danışanda söylədik ki, xaricdə təhsil üçün dil sertifikatı lazımdırmı? O isə “yox, lazım deyil”, cavabını verdi.

Müqavilə bağlayandan iki həftə sonra yenidən şirkətə yaxınlaşanda “siz “IELTS” almalısınız”, dedilər. Bunu mənə söyləməmisiniz dedikdə isə, “əgər gətirməsəniz, müqaviləniz pozulacaq və ödənişiniz geri qaytarılmayacaq”, dedilər.

Mən “IELTS”ə hazırlaşıb imtahan verməyə hazırlaşanda "AİD GROUP"la əlaqə saxlamağa başladım, amma mənə heç bir sosial şəbəkədən cavab vermirdilər. Şirkətə yaxınlaşanda köçdüklərini görüb, soruşdum ki, nə baş verir? Bildirdilər ki, şirkətdə təmir işləri aparılacaq. Bir qədər keçəndən sonra xəbər tutdum ki, ofislərini bağlayıb, çıxıblar.

Bizim nə pulumuz qayıtdı, nə də ki, universitetə qəbul ola bildik. Ümumiyyətlə, adımızdan universitetə müraciət belə, etməyiblər”.

Zərərçəkmiş bildirib ki, Nigar Fərhadın dostu hazırda şikayətçilərin sayını azaltmaq üçün onların bəzisinə cuzi ödənişlər edir:

“Zərərçəkənlərdən on-on beş nəfərə “ya ödənişinizin bir qismini qaytarırıq, ya da heç birini”, deyərək pullarının cuzi hissəsini qaytarıblar. Lakin onlara “dəymiş zərər tam ödənilib”, yazılı sənədi imzaladıblar. Ümumilikdə yüzdən çox şikayətçi var. Nigar azadlıqdadır. Dostu onun adından problemləri həll edir. Nigar Fərhad ona pul verir, o isə zərərçəkmişlərin pullarının bir azını ödəyərək şikayətçi sayını azaltmağa çalışır”.

"AİD Group" şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı. 

Qeyd edək ki, ötən günlərdə Nigar Fərhadın həyat yoldaşı olduğu bildirilən, şirkətin faktiki rəhbəri Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edildi və məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar