2011-ci ildən etibarən Avropada gözlənilən ömür uzunluğunun artım tempi nəzərəçarpacaq dərəcədə zəifləyib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar bunun əsas səbəblərinin düzgün olmayan qidalanma, fiziki aktivliyin azlığı, piylənmə və COVID-19 pandemiyasının nəticələri ilə bağlı olduğunu göstərir.
Alimlər səhiyyə sahəsində əldə olunan nailiyyətlərə baxmayaraq, bir çox insanın daha erkən ölüm riski ilə üzləşməsindən narahat olduqlarını bildirirlər.
1990–2011-ci illərdə Avropada ürək-damar xəstəliklərindən ölüm hallarının davamlı şəkildə azalması orta ömür uzunluğunun artmasına kömək edib. Lakin 2011–2019-cu illərdə bu yaxşılaşmanın tempi zəifləyib. Çünki piylənmə, yüksək arterial təzyiq və xolesterinin yüksək olması kimi risk faktorları Avropanın əksər ölkələrində ya artıb, ya da əvvəlki kimi yaxşılaşmayıb.
Alimlərin sözlərinə görə, 2011–2019-cu illərdə ömür uzunluğunun artım tempinin zəifləməsinin əsas səbəbi ürək-damar xəstəliklərindən ölüm halları olub. 2019–2021-ci illərdə isə COVID-19 pandemiyası ömür uzunluğunun azalmasında mühüm rol oynayıb.
Araşdırmalar göstərib ki, yüksək arterial təzyiq və yüksək xolesterinin müalicəsində əldə olunan irəliləyişlər qeyri-sağlam həyat tərzinin yaratdığı mənfi təsirləri kompensasiya edə bilməyib.
Alimlər xəbərdarlıq edirlər ki, hökumətlər ciddi tədbirlər görməsələr, insanların daha gənc yaşlarda həyatını itirməsi halları arta bilər.
Gənclər arasında erkən ölüm hallarının qarşısını almaq üçün sağlam qidalanmanın təşviqi, fiziki aktivliyin artırılması və piylənmə ilə mübarizəni əhatə edən ictimai səhiyyə tədbirlərinin həyata keçirilməsi vacib sayılır.
Əks halda Avropada yeni nəsillərin özlərindən əvvəlki nəsillərlə müqayisədə daha qısa ömür sürməsi riski yarana bilər.