Tərlan Məmmədov
14 mart 2022 19:12 (UTC +04:00)

Tərlan Məmmədov

Azərbaycanlı alim COVID-19-a qarşı peyvənd hazırladı – ÜSTÜNLÜYÜ NƏDİR?

0

Lent.az Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetində fəaliyyət göstərən professor Tərlan Məmmədovun APA-ya müsahibəsini təqdim edir:

- Sizin rəhbərlik etdiyiniz tədqiqatçılar qrupu COVID-19-a qarşı peyvənd və sprey formasında dərman hazırlayıb. Bu haqda məlumat verərdiniz.

- COVID-19-a qarşı həm peyvəndlər, həm dərman, həm də koronavirus xəstələrində antikor səviyyəsinin təyin edilməsi üçün kitlər hazırlamışıq. Artıq laboratoriyada mühüm testlər başa çatıb. Bəhs etdiyimiz peyvəndlərin heyvanlar üzərində testləri göstərdi ki, bu peyvəndlərin heyvanlara vurulması ilə onların qanında yüksək funksional antikorlar sintez edilir. “SARS-CoV-2” virusunun, o cümlədən virusun “Delta” variantının neytrallaşdırma testləri başa çatıb. Biz virusu neytrallaşdırma fəallığı yüksək olan peyvənd əldə etmişik.

- Hazırladığınız peyvəndin effektivliyi nə qədərdir?

- Bu peyvəndlər “SARS-CoV-19” virusunu çox güclü şəkildə blok edə bilir. “Delta” variantına qarşı isə hazırladığımız vaksin mRNA tipli peyvənd (“Pfizer/BioNTech”) ilə müqayisədə daha effektivdir. Bu o deməkdir ki, bizim iki ildən artıq magistr və aspirantlardan ibarət komanda ilə çox gərgin işlərimiz hədər getmədi və nəticədə çox etibarlı, təsirli peyvənd hazırlamağa nail olduq. Bu peyvəndlərin insanlar üzərində testləri tamamlandıqdan sonra etibarlı protein əsaslı peyvənd kimi insanlara vurula bilər. COVID-19-a qarşı vaksinlər və terapevtik dərmanlar ilə bağlı apardığımız tədqiqatların mühüm nəticələrini əks etdirən məqalələr bu yaxınlarda “Viruses” (2021), “Vaccines” (2021) və “Frontiers in Plant Science” (2021) kimi dünyanın ən nüfuzlu elmi jurnallarında nəşr edilib. Artıq bütün işlər tamamlanıb. Yaşıl bitki əsaslı hazırladığımız peyvəndlər heyvanlar üzərində və canlı virusla uğurlu nəticələr verib, artıq insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.

- Bəs COVID-19 xəstələrini müalicə etmək üçün hazırladığınız dərman vasitəsi ilə bağlı aparılan işlər nə yerdədir?

- Biz COVID-19 xəstələrini müalicə etmək üçün mühüm protein əsaslı dərman da hazırlamışıq. Bu dərman virusun reseptoru olan anqiotensin çevirici fermenti 2, ACE2-dir. Biz bu fermenti bitki hüceyrələrində sintez etdik və virusu zərərsizləşdirmə fəaliyyəti baxımından bu bitkidən hazırlanmış dərman başqa şirkətlər və universitetlərin hazırladığı ACE2 ilə müqayisədə ən güclüsü oldu. Bu dərman virusu neytrallaşdırma testlərinin nəticəsinə görə bu vaxta qədər dünyanın müxtəlif laboratoriyalarında hazırlanmış ACE2 preparatı içərisində ən güclü, təsirli dərmandır. Yəni “SARS-CoV-2”-ni bloklama gücü: 1 mikrogram/ml oldu. ACE2 ilə əlaqədar mühüm nəticələr nüfuzlu jurnal olan “Frontiers in Plant Science” jurnalında 2021-ci ildə nəşr edilib.

- COVID-19-a qarşı hazırlanan yeni peyvəndin üstünlüyü nədir?

- Ümumiyyətlə zülal əsaslı peyvəndlər daha etibarlı hesab olunur. Bizim peyvəndin də digər peyvəndlərdən üstünlüyü zülal, protein əsaslı olmasıdır. Eyni zamanda, orqanizmə daxil edilən zülalın miqdarı məlum olduğundan, dozalara nəzarət etmək də mümkündür. Bundan əlavə, zülal əsaslı peyvəndlərin üstünlüyü virusa qarşı yüksək anticisim sintez etmək qabiliyyətinə malik olmasıdır. Bu növ peyvəndlər virus mutasiyalarına qarşı dayanıqlı olması ilə də üstünlüyünü qoruyur.

Qeyd edim ki, bu gün insanlar üçün istifadə edilən peyvəndlər inaktiv (“Sinovac”), mRNA tipli peyvənd (“Pfizer/BioNTech, “Moderna”), DNT tipli (“AstraZeneca”, Rusiyanın “Sputnik V” peyvəndi) peyvəndləridir. RNT peyvəndi sintetik RNT molekullarını insan hüceyrələrinə transfer edən yeni bir peyvənd növüdür. Bu peyvənd Amerikada və İsraildə insanların çoxuna vurulan bir peyvənddir.

Xüsusilə vurğulayım ki, bizim peyvənd rekombinant DNT texnologiyası əsasında yaradılmış zülal (protein) əsaslı bir peyvənddir. Bu peyvəndin etibarlılığı illərlə sınaqdan keçirilib. COVID-19-a qarşı ixtira etdiyim və hazırladığım bu kokteyl vaksin dünyada böyük marağa səbəb olub. Kokteyl vaksini əhatə edən və bu tədqiqatların mühüm nəticələrini əks etdirən məqalə dünyanın ən nüfuzlu “Vaccines” jurnalında 16 noyabr 2021-ci ildə nəşr edilib. Bununla bağlı nüfuzlu “Vaccines” jurnalında nəşr edilmiş məqalələrdə, yeni və mühüm bir innovasiya olduğu qeyd edilib. Kokteyl vaksin bir çox üstünlüklərə malikdir: bu vaksin “Pfizer/BioNTech”, “Moderna”, “AstraZeneca”, Rusiyanın “Sputnik V” vaksinlərindən fərqli olaraq sintetik gen əsaslı deyil, bitkidə sintez edilən təbii protein əsaslıdır. Bu vaksin yeni ortaya çıxan mutantlara (“Delta” və Omicron daxil olmaqla), mutasiyalara qarsı daha effektivdir. Aparılan testlər hazırladığımız kokteyl COVID-19 vaksininin “Delta” variantına qarşı 100% effektiv olmasını göstərdi. Bu vaksin təbii protein əsaslı olduğundan çox təhlükəsizdir və hətta uşaqlar və hamilələr üçün daha uyğun olan ideal vaksindir.

- Dərman və peyvəndin yaxın zamanda kütləvi istehsalının başlanılmasına ümid edə bilərik?

- Bir alim olaraq mən, öhdəmə düşən mərhələni həyata keçirdim. Artıq laboratoriya səviyyəsində təsdiq olunmuş, COVID-19-a qarşı yüksək təsiretmə qabiliyyətli peyvənd və dərman əldə edilib. Bundan sonrakı mərhələ isə maliyyə dəstəyinə bağlı bir məsələdir. Ümid edirəm ki, Azərbaycanda peyvənd istehsalına maraq göstərən şirkətlər bu işdə maddi dəstək göstərə bilərlər.

- Virusun davamlı mutasiyaya uğraması daha effektiv peyvəndin yaradılmasını çətinləşdirir. Hazırladığınız peyvənd mutasiyaya davamlıdır?

- COVID-19-un mutasiyalarının neqativ təsirini aradan qaldırmaq üçün dünyada ilk dəfə olaraq antigen kokteyli, “multi antigen ideyası”nı verdim və COVID-19-a qarşı dünyada ilk dəfə olaraq kokteyl əsaslı vaksin hazırladıq. Bu texnologiya patentləşdirilib. Tədqiqatların mühüm nəticələrini əks etdirən məqalə dünyanın ən nüfuzlu “Vaccines” jurnalında 16 noyabr 2021-ci ildə nəşr edilib. Yaratdığım kokteyl vaksin texnologiyası hazırda kütləvi immunizasiya üçün istifadə olunan mövcud COVID-19 vaksinlərinə, o cümlədən mRNT (“Pfizer/BioNTech” və “Moderna”), DNT, virus vektor əsaslı (“AstraZeneca”, Rusiyanın “Sputnik V”) və digərlərinə tətbiq oluna bilər ki, bu da o vaksinlərin effektivliyini əhəmiyyətli dərəcədə artırar.

Qeyd edilməlidir ki, hazırladığımız vaksinlər artıq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) vaksinlər siyahısına daxil edilib.

- Vaksinin patenti varmı?

- Bu texnologiya da patentləşdirilib. Birinci dəfə 2 dekabr 2020-ci ildə, sonra isə 2021-ci ilin dekabrında ABŞ və Avropa patent ofisinə müraciət edilib. Mən bu patentin tək sahibi və 100% mülkiyyətçisiyəm. Bu vaksinlərin istənilən ölkədə, o cümlədən Azərbaycanda istehsalını və ticarətini təşkil edə bilərik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3975

Oxşar yazılar