Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
24 iyun 2026 15:07 (UTC +04:00)

Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq

0

Azərbaycanda evlərlə yanaşı torpaq sahələrinin də qiyməti ildən-ilə artır.

Bəs görəsən, yaxın illərdə hansı ərazilərdə, nə qədər qiymət artımı olacaq? Qiymətlərin stabil qalması gözlənilirmi?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, turizmin inkişaf edə biləcəyi yerlərdə qiymətlər artacaq:

Qanuna dəyişikliklər edilməlidir” – Vüqar Oruc - AQC

“Torpaq yeganə daşınmaz əmlak növüdür ki, onun həcmi artmır. Azərbaycan Respublikasının 86,6 min kvadrat kilometr ərazisi var. Bu baxımdan dövr keçdikdə, əhalinin sayı artdıqca, tələb yüksəldikcə torpaq sahələrinin qiymətinin artmağı təbiidir. Bundan sonrakı illərdə də təkcə prestijli yerlərdə deyil, bütün ölkə üzrə qiymət artımları olacaq.

Qiymətlərin neçə faiz artması ölkədəki daşınmaz əmlakın ümumi artım tendensiyası daxilində baş verən prosesdir. Son beş ildə mənzillər yerindən asılı olaraq 70-100% , torpaq sahələri isə iki dəfə çox, 200% qiymət artımına məruz qalıb. Bunun səbəbi torpaq sahələrinə tələbin çox olmasıdır. Böyük binalar, komplekslər, qeyri-yaşayış obyektləri inşa olunanda da, kənd təsərrüfatı fəaliyyətində də torpaq sahəsi lazım olur. Bu baxımdan torpaq çox qiymətlidir.

İlk növbədə turizmin inkişaf etmə ehtimalı olan ərazilərdəki torpaqlar qiymət artımına məruz qalacaq. Dənizə yaxınlığı ilə seçilən və böyük layihələr üçün nəzərdə tutulan ərazilərdə də daha çox qiymət artımı gözlənilir. Bundan əlavə şəhər mərkəzi və mərkəzə yaxın olan prestijli ərazilər - Səbail, Yasamal, Nərimanov, Nəsimi və qismən Xətai rayonunda da torpaqların qiyməti qalxacaq.

Proqnozumuza görə, 2026-cı ildə torpaqların qiymətində 20% artım gözlənilir. Növbəti ildə də bu proses davam edəcək. Hətta torpaq faizləri azaldığına görə, 2027-ci ildə qiymətin artım faizi daha da yüksələcək.

Xalq arasında boş yerə torpaq qızıldır, qızıl qiymətinədir deyilmir. Onun qiymətinin artması təbii prosesdir”.

İqtisadçı qeyd edib ki, tikinti proseslərinin hansı istiqamətdə gedəcəyi də torpaq sahələrinin qiymətinə təsir edir:

“Nardaranda böyük layihə həyata keçirilir, Hövsan genişlənir, Ələtdə azad iqtisadi zonanın çox böyük perspektivləri var. Bakı şəhəri birmərkəzli idarədən, çoxmərkəzli idarəyə keçir. Yəni şəhərin alt mərkəzləri artacaq və kənar sayılan ərazilərdə də inkişaf gedəcək. Bakı şəhərinin “2040 Baş plan”ına əsasən, tramvay xətlərinin keçdiyi, yeni metrostansiyalarının salındığı, magistral yolların inşa olunduğu, bina komplekslərinin qurulacağı ərazilərdə torpaq qiymətinin artımı təbiidir. Həmin yerlərdə torpağın qiymətinin artımı ətraf ərazilərə də təsir edir.

Torpağın qiyməti domino effekti ilə artır. Yəni bir yerdə böyük infrastruktur dəyişikliyi baş verirsə, onun ətrafında daha çox qiymət artır. Gələcəkdə Məhəmmədi, Xocasən, Hövsan, Masazır, Xırdalanda torpaqlar daha yüksək qiymətə təklif olunacaq. Dəniz kənarı yerlər - Bilgəh, Nardaran, Pirşağı, Şüvəlan, Buzovna və Mərdəkan çox böyük kurort potensialı olduğu üçün orada da qiymət artımı qaçılmazdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 668

Oxşar yazılar