Qrup yoldaşlarına görə qızını bıçaqlamaq  istəyirmiş: atasını öldürən Ayxanın İŞİ
24 iyun 2026 16:22 (UTC +04:00)

Qrup yoldaşlarına görə qızını bıçaqlamaq istəyirmiş: atasını öldürən Ayxanın İŞİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid V.S bildirib ki, hadisə İftixar Vəlizadə qızını məktəbə aparıb qayıdandan sonra baş verib:

"İftixar gedəndə dedi ki, dayanın siz, qayıdanda səninlə də, əxlaqsızlıq edən qızınla da danışacam. Qayıdıb gələndə çox qəzəbli idi. Məndən çay istədi, sonra L -nı çağırmağımı istədi. Çağırsam da, qızım ondan qorxub yaxına gəlmədi, gedib otağında gizləndi. İftixar qəzəblənib otağın qapısını çırparaq içəri girdi. Qapdığı vazanı L-nın başına atmaq istəyəndə, qızım zərbədən yayındı. Mən mane olmaq istəyəndə, məni itələyib taxta ilə qızın başından, çiyin və belindən vurmağa başladı. Mən taxtanı ondan aldım. Bundan sonra mətbəxdən götürdüyü bıçağı qızın kürəyinə vurmaq istəyəndə, tez bıçaqdan yapışdım. Bıçaq barmağımı kəsdi, qan barmaqlarımdan süzülməyə başladı. Oğlum məni belə görəndə elə bildi ki, İftixar məni bıçaqlayıb. İftixarın bir əli ilə qızın saçından tutmuşdu, dartırdı. Ayxan onun bıçaq tutan əlindən yapışdı. Necə oldu bilmədim, bir də gördüm İftixar bıçaqlanıb, onu qan aparır. O, bu halda güclə həyətə çıxdı. Ayxan ona kömək etmək üçün ardınca gedəndə, onu yerdə qan içində yıxılmış vəziyyətdə gördü. Oğlum elə oradaca "102" və "103" xidmətlərinə zəng elədi. Yoldaşım qızımı oğlan qrup yoldaşları ilə söhbət edən görmüşdü, ona görə də qızım onun gözündə əxlaqsız idi. İftixar zərərli maddələr qəbul edirdi. Ata-anasına qarşı da çox sərt və qəddar idi".

Şahid L.V təqsirləndirilən A. Vəlizadənin bacısı olduğunu bildirib:

"Qrup yoldaşlarımla metroya doğru gedirdim. Taksi xidmətində olan atam təsadüfən orada olarkən mənim oğlan qrup yoldaşlarımla söhbətimi yanlış anladı. Əsəbi halda mənə əmr elədi ki, tez maşına əyləşim. Yol boyu durmadan pis sözlərlə məni təhqir edirdi. Gəldik evə. Atam anama bu da sənin tərbiyə etdiyin qız, onu oğlanlarla söhbət edəndə gördüm. İndi gedirəm, qayıdıb ikinizin də canını alacam. Atam qayıdanda əsəbi halda otağıma gəldi, məni əxlaqsız, pis söyüşlərlə söydü. Əlinə keçən vazanı mənə atanda, yastığı qabağa tutdum deyə mənə dəymədi. Bu onu daha da qəzəbləndirdi. Saçımdan yapışıb sürüməyə başlayanda, o biri əlində tutduğu taxta ilə bədənimin müxtəlif yerlərinə vurmağa başladı. Anam güclə taxtanı onu əlindən aldı. Atam sonra bıçaqla belimdən vurmaq istəyəndə, anam özünü qabağa verib bıçaqdan tutdu. Bu zaman anamın əli kəsildi, əlini qan aparmağa başladı. Bunu görən Ayxan elə bildi ki, atam anamı bıçaqlayıb. Müdaxilə etmək istəyəndə, bu bədbəxt hadisə baş verdi. Qardaşımın atamı öldürmək niyyəti yox idi, o, sadədə bizi müdafiə etmək istəmişdi".

Növbəti proses 12 avqust saat 16:00-a təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci ilin dekabr ayında gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi Gülçülük savxozu adlanan ərazidə baş verib. 44 yaşlı İftixar Vəlizadənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Onun oğlu 19 yaşlı Ayxan Vəlizadə hadisə yerində şübhəli şəxs qismində saxlanıb.

Faktla bağlı cinayət işi başlanılıb,  A. Vəlizadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar