Bəşəriyyətin ən qədim əcdadı  kəşf edilmiş ola bilər - Müasir insanlar Afrikada yaranıbmı?
14 yanvar 2026 17:21 (UTC +04:00)

Bəşəriyyətin ən qədim əcdadı kəşf edilmiş ola bilər - Müasir insanlar Afrikada yaranıbmı?

0

Mərakeşdə tapılan 773 min illik insan qalıqları Homo sapiensin mənşəyi ilə bağlı ən böyük suallardan birinə aydınlıq gətirə bilər. Alimlərin fikrincə, bu fosillər müasir insanın Neandertal və Denisovalılardan ayrıldığı dövrə çox yaxın bir populyasiyaya aiddir. Tapıntı insan təkamülünün mərkəzinin Afrika olması ehtimalını daha da gücləndirir.

Lent.az xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, həmin qalıqlar müasir insan nəslinin Afrikadakı erkən bir əcdadını təmsil edə bilər.

Mərakeşdə kritik kəşf

Tədqiqat qrupu Kasablanka yaxınlığında yerləşən Grotte à Hominidés adlı ərazidə iki ədəd qismən çənə sümüyü, çox sayda diş və onurğa hissələri aşkarlayıb. Fosillərin quruluşunda həm Homo erectus-a xas ibtidai xüsusiyyətlər, həm də müasir insan və Neandertallarda görülən daha inkişaf etmiş cizgilər müşahidə olunub.

Mütəxəssislər bu “qarışıq” morfoloji quruluşun insan təkamülündə keçid mərhələsi olan bir populyasiyaya işarə etdiyini bildirirlər.

İnsan soy ağacındakı böyük boşluq

Genetik məlumatlara əsasən, Homo sapiens, Neandertallar və Denisovalılar təxminən 765 min – 550 min il əvvəl ortaq bir əcdaddan ayrılıb. Lakin indiyədək həmin ortaq əcdada aid birbaşa fosil tapılmadığı üçün ayrışmanın harada baş verdiyi də qeyri-müəyyən qalırdı.

Daha əvvəl İspaniyanın Gran Dolina mağarasında tapılan və Homo antecessor adlandırılan fosillər bu ortaq əcdad üçün ən güclü namizəd sayılırdı. Ancaq bu növün Avropada yaşaması, müasir insanın mənşəyinin Afrika xaricində ola biləcəyi ehtimalını gündəmə gətirmişdi.

Afrika mənşəyi yenidən güclənir

Yeni Mərakeş fosilləri isə bu mübahisədə Afrikanın xeyrinə güclü dəlil kimi qiymətləndirilir. Araşdırmanın müəlliflərindən Jean-Jacques Hublin bildirib ki, Afrikada 1 milyon – 600 min il aralığına aid insan fosillərinin uzun müddət tapılmaması “sübutun yoxluğu” kimi qəbul edilirdi. Lakin bu kəşf həmin boşluğu xeyli dərəcədə doldurub.

Hublin qeyd edib ki, tapılan qalıqlar morfoloji baxımdan Homo antecessor-dan fərqlənir və ayrı, lakin qohum bir soy xəttini təmsil edir. Bu isə belə bir ehtimalı gücləndirir: Avropadakı Homo antecessor Neandertallara gedən xətti formalaşdırdığı halda, Afrikadakı bu populyasiya Homo sapiens-ə gedən yolun başlanğıcı ola bilər.

Fosillərin yaşı niyə bu qədər önəmlidir?

Fosillərin 773 min il əvvələ aid olması onları insan soyunun ayrışma dövrünə son dərəcə yaxın bir mərhələyə yerləşdirir. Tarixləndirmə isə Yer kürəsinin maqnit qütblərinin təxminən 780 min il əvvəl dəyişdiyi Brunhes–Matuyama maqnit çevrilməsi ilə uyğun gələn geoloji qat əsasında aparılıb. Bu geoloji göstərici fosillərin yaşını müəyyənləşdirmək üçün güclü elmi əsas sayılır.

Beləliklə, Mərakeşdə tapılan bu qalıqlar insan təkamülü ilə bağlı illərdir cavabsız qalan suallara cavab vermək baxımından mühüm addım kimi qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar