Bu test ömrünüzün uzun olub-olmayacağını  müəyyən edəcək
28 iyul 2026 19:20 (UTC +04:00)

Bu test ömrünüzün uzun olub-olmayacağını müəyyən edəcək

0

Mütəxəssislər insanın fiziki vəziyyətini qiymətləndirməyə və uzunömürlülük ehtimalını müəyyən etməyə kömək edən sadə fiziki test hazırlayıblar. Araşdırmaya görə, bu testdə göstərilən nəticə gələcək sağlamlıq riski və ömür uzunluğu ilə əlaqəli ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmanı Braziliya alimləri aparıblar.

Araşdırmada yaşı 51-80 arasında olan 2 min nəfər iştirak edib. Alimlər "otur-qalx" testi zamanı iştirakçıların nəticələrini izləyərək onların sonrakı altı il ərzində sağlamlıq vəziyyətini qiymətləndiriblər.

Müşahidə dövründə iştirakçıların 159-u, yəni təxminən 7,9 faizi vəfat edib. Ən çox ölüm halları testdə aşağı nəticə göstərən şəxslər arasında qeydə alınıb. Maksimum 10 bal toplayan iştirakçılar arasında isə cəmi iki ölüm halı baş verib.

Araşdırma göstərib ki, 8 və daha çox bal toplayan insanların ölüm riski 3 və ya daha az bal alanlarla müqayisədə təxminən 5 dəfə aşağı olub.

Test necə aparılır?

Test yalnız bir hərəkətdən ibarətdir. Şəxs ayaqüstə dayanır, qollarını irəli uzadır və əllərindən, dizlərindən və ya ön qollarından dəstək almadan yavaş-yavaş yerə oturmağa çalışır. Daha sonra yenidən ayağa qalxmalıdır. Tarazlığı qorumaq üçün ayaqları çarpazlaşdırmağa və ya qolları yana açmağa icazə verilir.

Bu hərəkəti yerinə yetirmək üçün yaxşı tarazlıq hissi, kifayət qədər əzələ gücü, elastiklik və normal bədən çəkisi vacib hesab olunur.

Nəticələr necə qiymətləndirilir?

Test 10 ballıq sistem üzrə qiymətləndirilir. Hər dəfə əllərdən və ya digər bədən hissələrindən dəstək alındıqda 2 bal çıxılır. Tarazlığın qısa müddətə itirilməsi kimi kiçik çətinliklərə görə 1 bal, uğursuz cəhdlərə görə isə 2 bal silinir.

8-10 bal toplayan şəxslərin fiziki vəziyyəti yüksək qiymətləndirilir. 3 və ya daha az bal alanlarda isə ciddi xəstəliklərin yaranma riski 10 bal toplayanlarla müqayisədə təxminən 5 dəfə yüksək olur.

Tədqiqat müəllifləri bildirirlər ki, "otur-qalx" testində yüksək nəticə insanın gündəlik fiziki fəaliyyətləri rahat yerinə yetirə bilməsini göstərən mühüm göstəricilərdən biridir.

Bununla yanaşı, alimlər vurğulayırlar ki, testin nəticəsi ömür uzunluğunu dəqiq proqnozlaşdırmır və tibbi müayinəni əvəz etmir. Lakin bu üsul insanın ümumi fiziki hazırlığını və sağlamlıq vəziyyətini qiymətləndirmək üçün faydalı göstərici hesab oluna bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar