<span ><i>Zaqatalada "Əfsanəvi rembo" ləqəbli komandirin büstü ucaldıldı  -  FOTOLENT </i>
10 noyabr 2026 17:35 (UTC +04:00)

Zaqatalada "Əfsanəvi rembo" ləqəbli komandirin büstü ucaldıldı - FOTOLENT

0

Zaqatalada Vətən müharibəsi qəhrəmanı, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan DİN-in Daxili Qoşunların zabiti Şixamir Qaflanovun büstünün açılışı olub.

Lent.az-ın məlumatına görə, bu gün Şixamir Qaflanov adına Humanitar Fənlər Gimnaziyasında Vətən müharibəsi qəhrəmanı, şəhid mayor Şixamir Qaflanovun büstünün açılış mərasimi baş tutub.

Mərasimdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, Polis Şöbəsinin, eləcə də digər hüquq-mühafizə orqanlarının əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Ş.Qaflanovun keçdiyi şərəfli döyüş yolundan, vətənpərvərliyindən, qəhrəmanlıqlarından söz açıblar.

Tədbirdə Şixamir Qaflanovun və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün qəhrəmanlarımızın şərəfli döyüş yolundan, göstərdikləri misilsiz igidlik və fədakarlıqdan bəhs edilib. Çıxış edənlər də öz fikirlərində şəhidlərimizin Vətən qarşısındakı əvəzsiz xidmətlərini, onların qəhrəmanlığının gələcək nəsillər üçün daim örnək olacağını vurğulayıblar. Bildirilib ki, bu büst onun əziz xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə də mühüm töhfə verəcək.

Sonra tədbir iştirakçıları Vətən Müharibəsi Qəhrəmanın büstü önünə əklil və çiçəklər qoyublar.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq heç zaman unudulmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qeyd edək ki, Vətən Müharibəsi qəhrəmanı Şixamir Qaflanov 1983-cü ildə Zaqatalanın Üçüncü Tala kəndində dünyaya göz açıb. O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri olub. 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı tabeliyində olan şəxsi heyətlə birgə Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xüsusi təyinatlılar arasında "Əfsanəvi Rembo" ləqəbini qazanıb. Şixamir Qaflanov oktyabrın 19-da Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində hərbçi kimi peşəkarlığı yüksək qiymətləndirilib. 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1444

Oxşar yazılar