Dərmanları  aşağı qiymətə   almaq mümkün olacaq
15 sentyabr 2023 16:21 (UTC +04:00)

Dərmanları aşağı qiymətə almaq mümkün olacaq

Tarif  (qiymət) Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı həddini təsdiqləməsi əhaliyə dərmanların aşağı qiymətə alınmasına imkan verəcək.

Lent.az Tarif  Şurasının katibliyinə istinadən xəbər verir ki, Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması və əczaçılıq sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir. Bu məqsədə nail olmaq üçün yeni istehsal müəssisələri yaradılır, qanunvericilik təkmilləşdirilir.

Bildirilib ki, dövlət başçısının müvafiq fərmanı ilə “Dərman vasitələri haqqında” qanuna edilmiş dəyişikliklərlə 13 dövlət qurumunun təmsil olunduğu Tarif  Şurasına dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddinin təsdiq edilməsi tapşırılıb.

Bununla əlaqədar olaraq, 2023-cü il sentyabrın 15-də Tarif Şurasının növbəti iclası keçirilib. İclasda Tarif Şurası hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edib.

Qeyd edilib ki, bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib, yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.

Qəbul edilmiş qərar dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan verəcəkdir.

Tariflər 2023-cü il sentyabrın 15-dən qüvvəyə minir. Qərarla Tarif  Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

# 2781
avatar

Oxşar yazılar