Xəyal Məmmədov
20 avqust 2026 16:53 (UTC +04:00)

Xəyal Məmmədov

“Devin Media” ilə bağlı ŞOK İDDİA: “871 şikayətçi var” - Hüquqşünas SİRLƏRİ AÇDI

0

Azərbaycanda fəaliyyət göstərən “Devin Media”nın Türkiyənin məşhur seriallarına aktyor seçimi adı altında vətəndaşları aldatması ilə bağlı iddialar səngimək bilmir.

Şikayətçilər arasında hüquqşünas Xəyal Məmmədov da var.

O, bu barədə şikayətçilərin görüntülərini də paylaşıb.

Lent.az məsələnin təfərrüatlarını öyrənmək üçün hüquqşünas Xəyal Məmmədovla danışıb:

- Xəyal bəy, “Devin Media” ilə bağlı çox məlumatlı görünürsünüz. Sizin onlarla necə əlaqələriniz olub? Sizinlə bağlı həmin mediada “saxta hüquqşünas” kimi paylaşımlar edilib.

- Bir tanışım Azərbaycanda belə bir media olduğunu, orada hüquqşünas kimi işləyə biləcəyimi söylədi. Fikirləşdim ki, hüquqşünaslıqla yanaşı, həm də yazarlıqla da məşğul olduğum üçün yaradıcı sahədə işləməyin mənə rahat olacağını düşündüm. Bu şirkətə dostlarımın dəvəti ilə getdiyim üçün onlar barədə dərindən araşdırma aparmadım. Ora gedəndə divarların hər yerində türk seriallarının afişalarını gördüm. Distant işlədiyim üçün demək olar ki, ofisdə olmurdum. Çox sonralar öyrəndim ki, bu şirkətin üzvləri əvvəl “Ekol Media” kimi fəaliyyət göstərən qurumda çalışıblar. “Ekol Media”nın qurucuları da bir zamanlar Azərbaycanda insanların külli miqdarda pullarını alaraq, xaricə qaçmışdılar.

İşlədiyim müddətdə sənədlərlə tanış olanda müqavilələrin heç bir hüquqi əsasının olmadığını gördüm. Müqaviləni yenidən tərtib edib, vörd formadda Atilla Ünsala göndərdim. O isə müqaviləyə özündən bənd əlavə edərək “aktyorluq kursundan imtina edənlər 500-1000 manat arası təzminat ödəməlidirlər”, sözünü qeyd edib. Təbii ki, bu qanunsuzdur.

Bir müddət sonra vətəndaşlar mənə zəng edərək, “dərsin keyfiyyəti bizi qane etmir, kursa davam etmək istəmirik”, dedilər. Dərs keçən müəllimlər isə ümumiyyətlə aktyorluqdan xəbərsizdirlər. Bir növ diplomsuz müəllimlər idilər. Həmin müəllimlər “Ekol Medianın” üzvləri olan Aytac Əhmədli və Pərviz Məlikəjdər idi.

- Bəs onlar insanları necə cəlb ediblər kurslara? Neçə zərərçəkmiş şəxs var?

- “Devin Media” tanınmış türk seriallarının adı ilə öz reklamlarını edirlər. Guya həmin serialların səlahiyyətli agentlikləri olduqlarını vurğulayaraq daha da inandırıcı vəziyyət yaradırlar. Ödənişin qeydiyyatsız olduğu söylənilsə də, qeydiyyatdan keçdikdən sonra vətəndaşları ofisə çağıraraq onlardan əvvəlcə 20, daha sonra isə müxtəlif miqdarlarda pullar alırlar. Ödənişlə bağlı vətəndaşa rəsmi qəbz verilmirdi. Mən 871 nəfər zərərçəkmişin olduğu barədə məlumata sahibəm. Onların hər birindən təkcə qeydiyyat üçün 20 manat alıblar. Üç aylıq kurs isə 1000 manatdır.

Sosial şəbəkədə qeydiyyat üçün posterlər hazırlayıb, paylaşan şəxsin adı da Göhkan Egedir. Gökhan Ege vaxtilə kiberdələduzluğa görə məhkum olunub.

Mən zərərçəkmişlərin tərəfində olub, onlara təmənnasız yardım etməyə başlayanda Gökhan Ege adlı şəxs mənim səsimi süni intellektlə hazırlayaraq, “Devin Media”nın sosial şəbəkəsində paylaşdı. Bundan əlavə həmin adam Azərbaycan oğullarını “qabiliyyətsiz” adlandırmışdı.

- Sizin paylaşımlarınızdan birində zərərçəkmiş təkcə dələduzluğa yox, həm də cinsi istismara məruz qaldığını söyləyir.

- Həmin hadisə 2025-ci ildə baş verib. Xanımı evə çağıraraq Receb Katı ona təcavüz edib. O, Atilla Uysalın yaxın dostudur.

- Bəs niyə polisə şikayət etməyib?

- Həmin xanımın himayəsində azyaşlı uşaq var. Ona uşağını əlindən alarıq, səni öldürərik kimi təhdidlər etdikləri üçün xanım da polisə getməkdən çəkinib. Bu məsələni də xanım özü mənə danışıb.

- Bu dələduzluq halları, istismarlar neçənci ildən başlayıb?

- 2024-cü ildən. O vaxtlar Həmidə Ömərovanın adından insanlardan pul istəyiblər. Mən bu barədə Atilla Uysala deyəndə o bildirdi ki, bu sadəcə bizim adımıza qaralama kompaniyasıdır. Halbuki onlar bu yollarla 871 nəfəri aldadıblar.

- Sizə müraciət edən zərərçəkmişlərin pulları özlərinə qaytarılıb bəs?

 - Xeyr, yalnız bir qismi və kiçik məbləğlər qaytarılıb. Digər vətəndaşlara da bacardığım qədər hüquqi yardım göstərirəm, amma hər birinə tək-tək kömək edə bilmək fiziki olaraq mümkün deyil.

- Kartdan-karta ödənişləri kim qəbul edib bəs?

- Həmin ödənişləri qəbul edən Şəlalə Atayeva adlı şəxsdir.

- Qəbzlərdə müxtəlif məbləğlər əks olunub. Kursun standart qiyməti olmayıb?

- Kursun 3 ayı 1000 manat idi. İnsanlar bəzən yarı-yarı göndəriblər. Hərdən də istədikləri kimi qiyməti endirib, artırırdılar.

Zərərçəkmişlərdən birinin kartından da 1000 manata yaxın əlavə pul çıxarıblar.

- Necə çıxarıblar?

- Kiberdələduzluq yolu ilə. Biz banka yaxınlaşanda bildirdilər ki, üç rəqəmli təhlükəsizlik kodu ələ keçirilib.

- Kursun tələbələrinə əlavə nə vədlər verilib?

- Seriallarda çəkiləcəkləri, buna görə də 50-100 manat arası onlara qonarar ödəniləcəyi bildirilib. Şikayətçilər bildirirlər ki, qeydiyyatdan sonra onları votsap qrupuna əlavə ediblər. Həmin qrupda 871 nəfər olub.

- Zərərçəkmişlərin hamısı böyüklərdir?

- Mənə valideynlər də müraciət etmişdilər. Onlar da övladlarının serialda çəkiləcəyi üçün dələduzluğa məruz qalıblar.

- Bəs sizinlə nə problemləri var? Bu məsələdən daha çox sizinlə bağlı mənfi paylaşımlar edirlər. Nəyə görə?

- “Devin Media” sosial şəbəkədə fəaliyyət göstərən bəzi səhifələrlə əməkdaşlıq edərək məsələni yayındırmağa, diqqəti mənim üzərimə yönləndirməyə çalışırlar. Əlbəttə, haqqımda yayılanlar həqiqəti əks etdirmir. Mən Rusiyada hüquqşünaslıq ixtisasında təhsil almışam, Azərbaycanda da Təhsil Nazirliyi tərəfindən diplomum təsdiqlənib, daha sonra fəaliyyətimə davam etmişəm. Bunlar isə mənə “saxta hüquqşünas” deyirlər.

- Siz onlar barədə şikayət etmisiniz?

- Düşünürəm ki, yaxın günlərdə edəcəm. Bəlkə üzrxaqlıq edərlər deyə hələ gözləyirəm.

Qeyd edək ki, Lent.az ötən gün məsələ ilə bağlı zərərçəkən vətəndaşlardan bir neçəsinin şikayətini yayımlayıb. “Devin Media”-dan Lent.az-a yayılan iddialar həqiqəti əks etdirmədiyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar